Məsələ bizim gözləntilərimizdən daha maraqlı nəticələr doğurdu. Biz, korrupsiyaya qarşı açılmış savaşın bütün əvvəlki kampaniyalar kimi fiaskoya uğrayacağını, sonuncu şounun da əslində, gözə kül üfürməkdən başqa bir şey olmayacağını, nəticədə isə bütün mahiyyəti ilə korrupsioner olan hakimiyyətin daha da gözdən düşəcəyini və xalqı aldatmaq üçün heç bir vasitənin qalmayacağını yazmışdıq.
Indi qısa bir zamanda bəlli olur ki, ehtimallarımız doğru çıxmağına çıxacaq; ona görə “çıxıb” yazmıram ki, hökumətin şayiə aparatı bu savaşın çox amansız getməsi haqda təsəvvürlər formalaşdırır və hələ də bəzi sadəlövhlər buna inanmaqda davam edir, ama o da bir yerə qədər, təbii ki; məsələ ondadı ki, indi tam ayrı reallıq yaranıb və bu, fiaskonun doğuracağı nəticədən daha dəhşətli və təhlükəlidi – hakimiyyət üçün.
Şayiə aparatı elə işləyib ki, hətta hökumətin xırda – rəislər səviyyəsində məmurları qorxuya düşüb, nəinki işçilərinə rüşvət almağı, korrupsiya əməlləri ilə məşğul olmağı qadağan eləyiblər, üstəlik, bəra-ehtiyat öz qanuni işlərini həyata keçirməyi belə yasaqlayıblar. Yəni, məsələn, bir dövlət müəssisəsi götürək, nəzərə alaq ki, bu müəssisənin işi daim müxtəlif obyektlər üzrə yoxlamalar aparmaq, gəzmək, vəziyyəti yerindəcə yoxlamaq, nəzərdən keçirmək və qanunun tələblərini tənzimləməkdi. Indi bu idarənin rəisi göstəriş verib ki, heç bir işçi bilavasitə onun tapşırığı olmadan heç bir yoxlamaya çıxa bilməz. Nəticədə, bir: idarənin işi iflic olub, faktiki olaraq o müəssisə çalışmaz və gərəksiz hala düşüb.
Ikincisi və yazımızın canı da elə budur ki… Dövlət idarələrində (zor aparatlarını çıxmaqla) xırda məmurların maaşı hamımıza bəllidi: 100-120 manat. Bu günəcən bu 100-120 manatlıq işə düzəlmək və ya o işini itirməmək üçün ətək-ətək rüşvət verilirdi müdirə, tapşırıqlar, xahişlər olurdu. Yox, o biədəb maaşa görə yox. Sadəcə, həmin maaşı alan məmurlar dolanışığını maaşdan yox, rüşvətdən çıxarırdılar, həm özləri dolanır, həm müdirlərinin payını çatdırırdılar. Müdirlərin qazancı isə təkcə obyektlərdən yığılan rüşvətdən gəlmir. Bunun üçün büdcəni talamağın min bir yolu var. Ona görə də korrupsiyanın durdurulduğu bu müvəqqəti atəşkəsdə müdirlər o qədər ziyan görmürlər – indiyəcən yığdıqları onlara hələ 3-4 il də bala başı saxlamağa yetər. Bəs işçilər, xırda dövlət qulluqçuları, “120 manatlıqlar”?..
Axı onlar və onların ailələri gözlərini ancaq evə daxil olan gündəlik rüşvətə dikmişdilər! “Indi necə olacaq? Dörd aydı maaşımızı ala bilmirdik, vecimizə deyildi, burdan da çörəyimizi kəsdilər! Vallah havalanıram!” – dövlət idarələrindən birində işləyən və ayı 120 manata duran bir tanışım dəhşət içərisində deyir. Məgər bu maaşla yaşamaq, yaşatmaq olar? Tanışım deyir ki, indi iş yoldaşlarım oturub ancaq bu haqda danışırlar. Çoxu fikirləşir ki, işdən çıxıb alverlə-zadla məşğul olsun.
Mənim dediyim effekt bu idi. Indi təsəvvür eləyin ki, nə qədər bu durumda olan kiçik dövlət məmuru var. Onların haqlı narazılığını göz qabağına gətirmək elə də çətin deyil.
Indiyəcən sistem beləydi – işçiyə cüzi maaş verirsən. Onu rüşvətə məcbur eləyirsən. Bulaşdırırsan. Rəislər və rejim yanında gözüqıpıq eləyirsən. Ondan sonra o öz xoşuyla olur sənin kölən. Adamlar, vətəndaşlar, əhali bu qaydayla bir-birinin dərisini soyub dolanır, büdcə isə ancaq Olimpin təpəsində oturanların nəfinə yağmalanır. Indi bu imkan da camaatın əlindən alındı. Nə onların maaşlarını artıracaqlar (söhbət minimum 400-500 manatdan gedir), nə də rüşvət almağa qoyacaqlar. Demək, onların itirəcəyi bir şey qalmayıb daha.
Və… təzə şayiə buraxıblar dövriyyəyə. Guya, xaricdən bir ekspert dəvət eləyiblər ki, gəlib maaşların artırılması üçün hesablamalar aparsın. O da bizim siyasi məhbuslar üzrə xüsusi məruzəçi kimi gəlib çıxmaq bilmir hələ. Vallah, mənimçün maraqlı oldu. Belə çıxır ki, pul haqq-hesablarını bunlardan yaxşı bilən kimsə varmış dünyada…