Hillari Klinton diktatorun törətdiyi cinayətlərə görə cavab verəcəyini bildirdi
Liviyada gərginlik davam edir. Yalnız paytaxt Tripoliyə nəzarəti əlində saxlayan Müəmmər Qəzzafi hələ dirəniş göstərir. Həm daxildə, həm də xaricdə təklənən Liviya diktatoru ölkəni vətəndaş müharibəsinə sürükləyir. Ölkənin müxtəlif şəhərlərində diktatora sadiq əsgərlər və Afrikadan gətirilmiş muzdlular etirazçılara qarşı hücumlar təşkil edir, üsyançıların məskunlaşdığı əraziləri havadan bombalayır.
Qəzzafinin helikopteri partladıldı
Müəmmər Qəzzafiyə sadiq əsgərlər müxalifət tərəfdarlarının nəzarət etdiyi ərazilərə, silah bazalarına hava zərbələri endirib. Paytaxt Tripolidən 200 km uzaqda yerləşən Misrata şəhərində Qəzzafi tərəfdarları ilə üsyançılar arasında silahlı toqquşma yaşanıb. Qəzzafi əleyhdarları yerli radionun binasına atəş açan hərbi helikopteri zərərsizləşdiriblər. Pilotlar isə ələ keçirilib.
Misrata şəhəri yaxınlığındakı hərbi bazaya nəzarət uğrunda döyüşlər iki gündür davam edir. Qəzzafi tərəfdarları bazanın kiçik bir hissəsini əlində saxlaya bilib. Üsyançılar isə hərbi bazanın silah və hərbi texnika saxlanılan hissəsinə nəzarət edir.
Üsyançılar paytaxta girməyi planlaşdırır
Benqazi və Tobruk kimi iri şəhərlər daxil olmaqla Liviyanın Şərq hissəsini tamamilə nəzarətə götürən Müəmmər Qəzzafi əleyhdarları bu ərazilərdə könüllü dəstələr və təhlükəsizlik postları yaradır. Hərbçilər və polislər üsyançıların tərəfinə keçməkdə davam edir.
Qəzzafi əleyhdarları tərəfinə keçən Liviya ordusunun polkovniki Rəşid Rəcəb “Euronews”a verdiyi müsahibəsində bildirib ki, könüllülərin və xalqın tərəfinə keçmiş təhlükəsizlik qüvvələrinin yaratdığı dəstələr paytaxt Tripoliyə daxil olmağa hazırlaşır. Polkovnikin sözlərinə görə, artıq hücum planı hazırdır və üsyançılar ən az itki verməklə Müəmmər Qəzzafiyə son zərbə endirməyi planlaşdırır.
Diktator xalqı ələ almağa çalışır
42 illik diktaturasına qarşı üsyanı yatırmaq üçün bütün vasitələrə əl atan Müəmmər Qəzzafi hökumətə əhaliyə nağd pul paylamaq barədə əmr verib. Hökumətin qərarını elan edən şəxs bildirib ki, hər bir liviyalı ailəsinə 800 dollara yaxın məbləğdə nağd pul veriləcək. Elanda deyilir ki, bu pul xalqa qalxan ərzaq qiymətlərilə bacara bilmələri üçün verilir.
Hökumət təmsilçisi dövlət sektoru işçilərinin maaşlarının 150 faiz, minimum əməkhaqqının isə iki dəfə artırıldığını bildirib. Liviya prezidenti Müəmmər Qəzzafi hazırda yalnız paytaxt Tripolidə 4 məhəlləyə və Yaşıl meydanın qarşısındakı Prezident Sarayına nəzarət edir.
Tripoli polisi də Qəzzafidən üz döndərdi
“Reuters” agentliyinin verdiyi məlumata görə, fevralın 27-də Tripolidəki polislər tamamilə aksiyaçıların tərəfinə keçib. Müəmmər Qəzzafinin yanında yalnız Nigeriya, Çad Zimbabve kimi ölkələrdən gətirilən və adambaşına hər gün 18 min dollar verdiyi muzdlu əsgərlər qalıb.
Qəzzafi ardıcıl zərbələr alır.
Birləşmiş Millətlər Təşkilatından sonra Avropa Birliyi də Qəzzafi rejimini hədəf alan sanksiyalar paketini təsdiqləyib. Avropa Birliyinin sanksiyalarına əsasən Liviyaya silah satışı dayandırılır, Qəzzafi ailəsinin Avropadakı bütün bank hesabları dondurulur və ailə üzvlərinin Avropa Birliyinə üzv ölkələrə səyahət etməsi qadağan olunur.
Dünyanın öndə gələn ölkələri isə “Qəzzafidən sonrakı Liviya”nı müzakirə etmək üçün Cenevrədəki BMT Insan Haqları şurasının toplantısını keçirib.
Toplantıda çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton Qəzzafi və onun ətrafındakıların beynəlxalq hüquqi öhdəlikləri pozan hərəkətlərinə görə cavab verməli olduğunu söyləyib. ÿKlintonun sözlərinə görə, beynəlxalq aləm Qəzzafiyə qarşı növbəti addımları nəzərdən keçirir və bütün seçimlər masa üzərindədir.
Dövlət katibi Liviya diktatorunu yeni zorakılıq aktları törətmədən dərhal hakimiyyətdən getməyə çağırıb: “Qəzzafinin getmə zamanı çatıb”.
Xalq diktatorun müzakirələr təklifini rədd etdi.
Çıxılmaz vəziyyətdə qalan Liviya lideri Müəmmər Qəzzafi xarici kəşfiyyat idarəsinin rəhbəri Buzayid Dordanı ölkənin şərq hissəsinə nəzarət edən üsyançılarla danışıqlar aparmaq üçün təmsilçi təyin edib.
Qətərin “Əl-Cəzirə” televiziyasının verdiyi məlumata görə, Buzayid Dorda üsyançıların liderləriylə müzakirələr aparmağa çalışacaq. Üsyançıların Benqazi şəhərində qurduğu Milli Liviya Şurasının təmsilçisi açıqlama verərək Qəzzafi ilə müzakirələr aparılmayacağını bildirib.
Turan