Sirus Təbrizli vəfat etdi. Həyatı başa çatdı və ya dünyasını dəyişdi. Təbii ki, bunlar ayrı-ayrı şeylərdi, başqa-başqa elmi, dini dünya-görüşlərdən xəbər verir. Hər halda, biz bir daha Sirus Təbrizlinin səsini eşitməyəcəyik. Ancaq bir şey bizə tam bəllidi ki, Sirus bəy bu dünyada ikiliklər məngənəsində sıxılan adam kimi yadımızda qaldı. Daim işığın tərəfində olan, onun yolunda çarpışıb sonunda qaranlığın səfində yer aldı, sonra o yeri onun əlindən aldılar, onu da bir çox başqaları kimi zorla öz zülmətlərinən uzaqlaşdırmağa çalışdılar, ancaq o, yenə də həmin qaranlıqdan aralanmadı. O qaranlıq dünyada qaldı və həmin qaranlıq yer haqda cəmiyyətə işıqlı mesajlar yolladı.
Sözün düzü, mən özümçün müəyyən eləyə bilmirəm ki, bu ikilik arasında qalma, zülmətdən əl çəkə bilmədən eyni zamanda onun rəngini faş etmək bütövlükdə bəşər oğlunun taleyidi, yoxsa fərd olaraq Sirus Təbrizlinin, ya sadəcə zavallı Azərbaycan insanının qismətidi? Bunu müəyyənləşdirmək son dərəcə çətindi. Ancaq nə edəsən ki, hər bir halda bu, danılmaz Azərbaycan gerçəkliyidi.
Bəlkə elə bu iki dünya arasında çırpınmağın, çabalamağın, qaranlığı görə-görə, bilə-bilə, tanıya-tanıya, onu söyə-söyə ondan aralana bilməməyin nəticəsidir ki, bu gün adi vətəndaşımızdan tutmuş ali vətəndaşımıza kimi hər kəs ölümün ən dəhşətli formalarını yaşamalı olur. Xərçəng xəstəliyi elə xərçəng kimi yayılıb cavan-ahıl-qoca demədən insanlarımızı aparır, hər baxımdan bazara çevrilmiş onkoloji xəstəxanalarımızın hətta dəhlizlərində adamların çoxluğundan ayaq basmağa, ayaqda dayanmağa belə yer tapılmır. Bəlkə elə bu çabalamağın içimizə yüklədiyi ağrı-acılar, şüurlu və şüursuz mənəvi iztirablardı ki, yaşı 72 olsa da, buz baltası kimi olan, heç bir xəstəlikdən şikayət etməyən, vaxtlı-vaxtında idmanıyla, istirahəti ilə məşğul olan Sirus Təbrizli yatır və elə yuxadaca keçinir?..
Sirus bəy Azərbaycanın müstəqilliyi uğrunda savaşanlardan oldu, ancaq onun azadlığı üçün heç nə edə bilmədi. Bəlkə də o zadlığın qarşısını alanlardan. Qaranlıq haqda tarixə düşən üç-beş sözdən başqa heç nə gəlmədi əlindən. Hətta qaranlığı söyə-söyə onun “allahını”, “peyğəmbərini” mədh edə-edə yaşadı (ömür vəfa etsəydi “xəlifəsini” də). Nəinki ölkəsinin azadlığı üçün bir şey edə bildi, heç özünü azad etmək üçün səy belə göstərmədi, ya göstərdi, yenildi.
Hər bir insan yaşadığı kimi ölür və hər halda mənə elə gəlir ki, o da susaraq, sükut içində tapşırdı canını. Ara-bir dediyi o üç-beş kəlmə də əslində kəlmə deyildi, onun dəhşətli susqusunun əks-sədasıydı. Içində qışqırırdı, hayqırırdı, qutlu qurd kimi ulayırdı, ancaq bizə o hayqırtının öləzimiş əks-sədası gəlib çatırdı. Çölündən dağ kimiydi, içindən isə… özündən belə gizləmək zorunda qaldığı hayqırtıları Fərhadın külüngü kimi o dağlı içini darmadağın etmişdi.
Yazıqlar olsun ki, bu dəhşətli ikililik gerçəkliyi bu gün 99 faiz Azərbaycan insanının içini xaraba qoymaqda davam edir. Lap adi bir misal deyim. Oturub müsahibin olan adamlarla dostca söhbət edirsən (bu sıraya rejimin səfində olub milyonlar qazananlardan tutmuş adi fəhləyə qədər daxil olan adamlar var) sənə gerçəkliyin elə dəqiq və hiddətli, yanğılı, təəssüflü təsvirini verir, elə üsyan notları səsləndirir ki, heyrətə düşürsən, səndən daha kəskin olduqlarını görürsən, ancaq dostluqdan adlayıb bir jurnalist kimi diktofonu, mikrofonu ağzına sarı uzadan kimi başlayır ayrı hava çalmağa. Başlayır içində kor olduğu qaranlığı, onun çarını mədh etməyə.
Sirus bəyi keçinmiş halda taparkən əlində Yevgeni Satanovskinin (mistika olmasın, ama soyada və fakta fikir verin) yeni rus çarı Putinin üçüncü (dördüncü) dönəm prezidentliyindən bəhs edən “Esli bı ya bıl russkiy çar… Sovetı prezidentu (”Mən rus çarı olsaydım” Prezidentə məsləhətlər) kitabı varmış. Görəsən Sirus bəy nə məsləhətlər vermək istəyirmiş prezidentə? Yəni hələ də gec deyil?..