Səni ora xalq gətirmədi. Amma səni ordan xalq götürəcək.
Hər nə qədər orduna və polisinə güvənsən də… Hər nə qədər həqiqəti söyləyən ağızları qıfıllasan, hər nə qədər doğrunu yazan əlləri qandallasan da… Hər nə qədər qorxutsan da… Hər nə qədər özünü məğlubedilməz kimi görsən də, tarixin axarını dəyişə bilməyəcəksən – sən də gedəcəksən. Bal kimi gedəcəksən. Yığdığın pulların, aldığın mülklərin nə qədər dəyərsiz olduğunu da onda anlayacaqsan. Heç birinin bir konfet kağızı, bir toyuq hini qədər dəyəri qalmayacaq gözündə, amma onda da gec olacaq.
Sən də gedəcəksən… Və baxacaqsan ki, o qədər yollar çəkdin, yollara o qədər pullar tökdün, amma özünün getdiyin yol doğru deyildi deyə, özün bir əyri yolun yolçusu idin deyə, heç birinin zərrəcə mənası qalmayıb, hamısı havayı, hamısı boşuna imiş…
Sən də gedəcəksən… Və görəcəksən ki, tikdirdiyin körpülər heç kim üçün yaxşı heç nə ifadə eləmir, çünki xalqın ürəyinə körpüsü olmayan, özü ilə ədalət arasında, özü ilə həqiqət arasında körpü qurmayan biri hər nə qədər körpü tikir tiksin, Tarixin və Tanrının uca divanından qurtula bilməz.
Sən də gedəcəksən… Və hara getsən belə, xalqın lənətindən və qəzəbindən gizlənməyə yerinin olmadığının fərqinə varacaqsan. Bir Dubay deyil, min Dubay uzaqlığına getsən də, aldatdığın və alçaltdığın, haqqını yediyin, başından basdığın, dilini kəsdiyin insanların ahı qarabaqara izləyəcək səni. Bir zamanlar özünü yerin-göyün sahibi sandığın halda, bu yerin üstündə, bu göyün altında vicdan rahatlığı ilə yaşaya biləcəyin bir yer olmadığını da onda anlayacaqsan.
Azadlıq və həqiqət o qədər güclü bir hissdir, o qədər ölməz bir duyğudur ki, onu pul və qol gücünə yenməyi yalnız ağlını itirmiş adamlar xəyal edə bilər. Bilmirəm fərqindəsənmi, Mübarək belə bacarmadı bunu. Sən də bacarmayacaqsan.
Sən də gedəcəksən…
Intihar xəbərləri niyə azalıb?
Bilmirəm, fikir vermisiniz, ya yox, son günlər intihar xəbərlərinin azaldığı hiss olunur. Tarixin ən amansız diktatorları bir-birinin ardınca cəhənnəmə vasil olandan, inqilab rüzgarı dünyada ədalət və demokratiyanın sərhədlərini get-gedə genişləndirməyə başlayandan bəri bizdə canına qıyanlar, həyatına qəsd edənlər sanki azalıb.
Oysa bir ay əvvələdək bu ölkədə az qala hər gün üç-dörd intihar xəbəri oxumaq olardı qəzet səhifələrindən. Hər gün ən azı üç-dörd vətəndaşımız sosial ədalətsizlikdən, hüquqsuzluqdan, işsizlikdən, yoxsulluqdan, məmur özbaşınalığından depressiyaya düşərək, həyata küsərək, gələcəyə ümidini itirərək özünü öldürərdi.
Indi isə vəziyyət bir az başqadır. Dünyada inqilab dalğası gücləndikcə Azərbaycanda intihar dalğası sanki bir az səngimiş kimidir.
Mən bunun səbəbini bizim insanlarda da dəyişiklik ümidinin yenidən alovlanması ilə izah edirəm. Hamı görür ki, heç bir qansız, qəddar, sümürücü rejim əbədi deyil. Ən çətin situasiyadan belə, çıxış yolu var. Hər kəs artıq bu ölkədə də devrimin ayaq səslərini aydın eşitməkdədir, azadlığın və ədalətin, hüququn və rifahın təntənəsinə az qaldığına inanmaqdadır, böyük dəyişikliklərin baş verəcəyinə ümidlə baxmaqdadır.
Yəqin elə buna görədir ki, insanlarımız artıq ölüm haqqında deyil, yaşamaq barədə düşünməyə başlayıb. O gözəl günləri görmək üçün…
Qəzzafi getdi!
“Getdi” deyirəm, amma əslində hələ də debilcəsinə dirəşir, faşistcəsinə qırır camaatı.
Ordu xalqın yanında. Polis də. Bütün dünyanı özünə qarşı çevirib. O isə beş-üç minlik muzdlu döyüşçüsünə güvənib təslim olmaq istəmir. Çabalayır və deyəsən, çabaladıqca da daha dərin batdığının fərqində deyil.
Bəs mən niyə indidən yazdım Qəzzafinin getdiyini? Dünən bu qansız diktatorun ən sevimli qadınının – tibb bacısı olan gözəlçəsinin də onu tərk etdiyini oxuduğum üçün.
Mən həmişə qadın hissiyyatının gücünə inandım. Batan gəmini hamıdan əvvəl siçanlar, batan kişini də qadınlar tərk edər, unutmayın…