«Pulu olan pulu ilə, ağlı olan ağlıyla bu rejimə qarşı mübarizə aparmalıdır»
Qurban Məmmədov: «İlham Əliyev istəsə də bu vəziyyəti aradan qaldırmaq iqtidarında deyil»
Gənclərin 10 mart aksiyası istər yerli, istərsə də xarici mətbuatın gündəmindən düşmür. Hakimiyyətin tutduğu sərt mövqeyə baxmayaraq fədakar mövqe nümayiş etdirən insanların əzmkarlığı cəmiyyətin əhvalına və proseslərə münasibətinə də müsbət təsir edib. Bu məsələ ilə bağlı hüquqşunas Qurban Məmmədovla söhbətləşdik.
– Hakimiyyətin apardığı kampaniyaya baxmayaraq 10 mart aksiyası möhtəməşliyi ilə yadda qaldı. Aksiyanın belə keçəcəyi gözlənilən idimi?
– “Facebook”da, kütləvi informasiya vasitələrində həmin aksiya ilə bağlı aparılan təbliğat, insanların münasibətindən artıq bəlli idi ki, aksiya istənilən kimi baş tutacaq. Söhbət burda istənilən aksiyanın kəmiyyətindən, iştirakçılarının sayından getmir. Söhbət ondan gedir ki, ən azı bir adam da çıxıb bu iqtidarın qarşısında etirazını bildirib dünyaya yaya bilirsə, bu o deməkdir ki, artıq aksiya öz niyyətinə çatdı. Yeri gəlmişkən “Azadlıq” qəzetindən istifadə edərək Azərbaycan gənclərinə, o mitinqdə iştirak edən, ona mənəvi dəstək verən, onu hazırlayan, ona maddi yardım göstərən, bundan sonra da həbs olunanların arxasınca gedəcək bütün insanlara bir vətəndaş kimi öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Bu adamlar həqiqətən qəhrəman, cəsarətlidir. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç də bəzilərinin iddia etdiyi kimi tamamilə ölüb sıradan çıxmayıb. Ilham Əliyevin iddia etdiyi kimi müxalifət tamamilə məhv olmayıb. Bu milləti axıra qədər məhv etmək olmaz. Bu bir şirdi, yatmışdı, artıq ayılmağa başlayıb. 1988-ci ildən başlayaraq Azərbaycan Xalq Cəbhəsi, xalq hərəkatı bu millətin potensial enerjisini həddən artıq çox istifadə etmişdi. Bunun özünün obyektiv qanunauyğunluqları var. O enerji bərpa olunmaqdadır.
Xalq düşdüyü mühitin artıq fərqindədir. Hamı başa düşür ki, artıq bu gün etiraz etməsə, hamı ayağa qalxmasa, birazdan tam dönməz proseslər başlaya bilər. Dövlətimiz, millətimiz əldən gedə bilər. Azərbaycan hakimiyyəti başdan ayağa korrupsiyalaşmış bir hakimiyyətdir. Cinayətkarlıq Azərbaycanda elə bir miqyas alıb ki, artıq prezident Ilham Əliyev istəsə belə, bunu aradan qaldırmaq iqtidarında deyil. Lakin mart aksiyasına hakimiyyətin reaksiyası bir daha məni inandırdı ki, deyəsən, Ilham Əliyevin bu vəziyyəti heç düzəltmək fikri də yoxdur. Bu baxımdan mən hesab edirəm ki, bir neçə aksiyadan sonra Ilham Əliyevə bir şans vermək lazımdır ki, ciddi qərarlar qəbul etmək imkanı olsun. Əgər o yenə də lazımı addımlar atmayacaqsa, bundan sonra Ilham Əliyevin özünün istefası tələb olunmalıdır. Azərbaycan xalqını bunların əlindən biz qurtarmalıyıq. Başqa yol yoxdur. O mitinqlərdən sonra həbs olunan adamlara, onların valideynlərinə səbr diləyirəm. Uşaqlarının həbs olunması ilə bağlı onları təbrik edirəm. Onlar çox gözəl övladlar böyüdüblər. Bizim də borcumuz onlara, mənəvi dəstək verməkdi. Burda qəzet vasitəsilə iş adamlarına səslənirəm ki, bir çoxlarının məlum səbəblər üzündən mitinqə çıxmağa, etirazını bildirməyə imkanı yoxdur. Bu adamlar heç olmasa, gizli də olsa, həbs olunanların ailələrinə, o gənclərə dəstək verməlidirlər. Müxalifət partiyalarına dəstək verməlidirlər. Eləcə də maddi imkanı olmayan, fiziki cəhətdən mitinqə çıxa bilməyənlərə, ziyalılara müraciət edirəm. Xahiş edirəm ki, onlar da mənəvi dəstək versinlər, təbliğatı işlərdə iştirak etsinlər. Azərbaycan bizim tək olan yeganə evimizdir. Bizim burdan başqa evimiz, gedəcək vətənimiz yoxdur. Hakimiyyətdəkilərin vətəni ingilisin bankında olan pullarıdır, kartlarıdır. Ancaq Azərbaycan xalqının vətəni buradır, getmək yerimiz yoxdur. Ona görə də mən son aksiya ilə bağlı bütün xalqımızı təbrik edirəm, ona uğurlar arzulayıram və inanıram ki, bundan sonra daha möhtəşəm tədbirlər keçirəcəklər.
“Qorxaq adamlar qəddar olurlar”
– Hakimiyyət aksiyaçılara qarşı bütün gücünü, arsenalını istifadə etsə də, gəncləri qorxuda bilmədi. Hökumət bundan özü üçün hansı nəticəni çıxarmalıdır?
– Bir söz deyim. Bütün filosofların gəldiyi bir nəticə var. Qorxaq adamlar qəddar olurlar, əzazil olurlar. Bunu birdəfəlik bilmək lazımdır. Güclü adamlar səxavətli, əliaçıq, mehriban olurlar. Bu həyatın qanunudur. Allah insanı belə yaradıb. Mən bunu “Facebook”da da yazmışdım, qorxaq it həmişə bərk hürər. O rejim xalqından qorxduğuna görə belə hərəkətlər edir, dartınır, vurur, döyür, həbs edir. Həyasızlığa baxın ki, üç cavan uşağı tutublar, evinə butulka qoyublar, nəşə atıblar. 19 yaşında uşaq nə bilir dövlət çevrilişi nədir, Molotov kokteyli nədir. Bu hakimiyyət görün nə qədər başını itirib, əli hər yerdən necə üzülüb ki, belə cılız üsullarla bizə qarşı mübarizə aparır. Özü də kimə qarşı – gənclərə, cavanlara qarşı. Mən o cavanların alnından öpürəm, onların valideynlərinin belə uşaqlar böyütdüklərinə görə alnından öpürəm. Fəxr etsinlər. Bütün cavanlara da deyirəm, tutulanda döyülməmək üçün, özünü xilas etmək üçün bu rejim nə deyir onu yazın, danışın, heç utanmayın. Çıxan kimi də mübarizəni davam etdirin. Əsas nəticəyə çıxmaqdır. Filankəs belə izahat yazdı, televiziyaya çıxdı belə dedi. Qoy desinlər. Hakimiyyət bu davranışı ilə göstərir ki, artıq idarə edə bilmir. Bütün dünyanın gözünün qabağında Indoneziyanın kralı Suxartu var idi. 36 milyard dollar pulu, ordusu vardı. Nə oldu? Milyardlarla pulu olan Səddam Hüseyn var idi. Kimyəvi silahlarla öyünürdü, Nə oldu? Başına oyun açdılar. Hüsnü Mübarək, Qəddafi, bu gün də Bəşər Əsəd. Mən şəxsən bir azərbaycanlı kimi bu sırada növbədə dayananın Ilham Əliyev olmasını istəmirəm. Ona görə də Ilham Əliyev tədbir görməlidir. Ya bir daha göstərməlidir ki, cinayətkarlarların yanında qalmaqda qətiyyətlidir, ya da durmalıdır öz xalqının yanında. Cinayətkarların yanında qalacaqsa, onu o biri diktatorların taleyi gözləyir. Yox, əgər xalqın tərəfinə keçəcəksə, xalq bir nəfər kimi dayanacaq onun arxasında, şimaldan, cənubdan, daxildən gələn bütün təhlükələrdən onu qoruyacaq.
– Hakimiyyət təmsilçiləri proseslərin qarşısını almaq üçün müxtəlif addımlara əl atır. Fəzail Ağamalı “Facebook”u məhdudlaşdırmağı təklif edib. Hakimiyyət bu tip addımlarla nəyə nail olmaq istəyir? Bir aksiya bunları niyə belə qorxudub?
– Bu aksiya kiçik aksiya deyildi. Minlərlə adam çıxır küçəyə, təzyiqli suyun altında, zirehli güllələrin altında cavan qızlar, oğlanlar dizini yerə qoyur, sinəsini gülllənin qabağına verir. O soyuqda suyun qabağında duran insan bu rejim üçün çox böyük qüvvə, çox böyük təhlükədir. Bu baxımdan Fəzail Ağamalı tamamilə haqlıdır. O dünya görmüş, savadlı adamdır. Özü etiraf edir ki, “Facebook” vasitəsilə minlərlə adam bu tədbirlərə qoşulur. Hakimiyyətin deməyi ilə deyil ki, orda 50-60 adam var idi. Bunu Fəzail Ağamalı görür axı. O görür ki, doğrudan da hakimiyyət toplaşmaq azadlığını, söz hüququnu məhdudlaşdırıb, adamlar da “Facebook”dan istifadə edirlər. Qurban Məmmədovun dediyi sözü 5 dəqiqədən sonra 50-100 min adam oxuyur, bilir. Günlərin bir günündə liderlərdən biri xalqa müraciət edə bilər ki, məsələn, sabah saat 2-də hamı bir nəfər kimi ayağa qalxsın. Onda hakimiyyətin vəziyyəti pis olacaq. Ona görə də Fəzail Ağamalı hakimiyətə xəbərdarlıq edir. Dolayısı ilə o demək istəyir ki, ay Ilham Əliyev, vaxtında tədbir görməsən, ya “Facebook”u bağlamağa məcbur olacaqsan, ya da hakimiyyətdən getməyə məcbur olacaqsan. Bu baxımdan mən Fəzail Ağamalı ilə tam şərikəm.
“Gənclərə dəstək olmayan iş adamlarını Fərhad Əliyevin taleyi gözləyir”
– Cərimələrin artırılması da göstərdi ki, bu vasitələrlə nəyəsə nail olmaq olmaz. Hakimiyyət bundan hansı nəticə çıxarmalıdır?
– Cinayət hüququ tarixi sübut edib ki, cəzanın ağırlaşdırılması cinayətləri müəyyən zaman kəsiyində azaldır. Lakin müəyyən vaxt keçəndən sonra cəmiyyətdə həmin cinayətlərə adaptasiya baş verir və cinayətlər yenidən artmağa başlayır. Cinayət məcəlləsinə baxın. Əvvəllər bir çox cinayətlərə görə ölüm cəzası var idi, indi ömürlük cəza verilir. Ancaq bununla adam öldürmə, zorlama cinayətləri azalırmı? Əksinə, arta-arta gedir. Insan olan yerdə, bəşər övladı olan yerdə cinayətlər həmişə olacaq. Bu baxımdan cəzanın artırılması cinayətin qarşısının alınmasında heç bir rol oynaya bilməz. Cinayətin azalması üçün profilaktik tədbirlər, camaatla iş, təbliğat artırılmalıdır. Vətəndaşın, millətin iqtisadi səviyyəsi yüksəldilməlidir. Onların iqtisadi və sosial təminatları dolğunlaşdırılmalıdır ki, cinayətlər azalsın. Cinayətə qarşı mübarizənin yolu budur, cəzanın artırılması deyil. Ikincisi də, o cavanlara təyin olunan cəzalar, pul cərimələri onsuz da icra olunmayacaq. Mən o adamları çağırıram ki, tabe olmasınlar, pul ödəməsinlər. Həbsdə yatmaq ondan daha yaxşıdır. Hakimiyyət bilməlidir ki, bu camaatdan son çörək pulunu ala bilməyəcək. Sizin qəzet vasitəsilə Azərbaycanın iş adamlarına müraciət edirəm. Əziz həmvətənlərim, Fərhad Əliyevin, Əli Insanovun, Zülfüqarlı qardaşlarının və başqa iş adamlarının taleyi gözləriniz qarşısındadır. Gözləməyin o məqama qədər ki, sizi də onlar kimi qulağınızdan tutub içəri bassınlar, əmlakınızı əlinizdən alsınlar. Bu gün əlinizdə olan imkanlarınızı mübarizə aparan gənclərin cərimələrinin ödənməsinə, onların ailələrinin rahat yaşamalarına yönəldin, yardım edin, kömək edin. Əks təqdirdə gec-tez ya bu rejim pullarınızı alacaq. Ona görə də bu başdan gələcəyinizə, balalarınızın gələcəyinə çarə qılın. Pulu olan pulu ilə, ağlı olan ağlıyla bu rejimə qarşı mübarizə aparmalıdır.
– Belə bir vəziyyətdə partiyaların, hüquq müdafiəçilərinin üzərinə hansı vəzifə düşür?
– Hüquq müdafiəçiləri öz işləri ilə məşğul olmalı, qanun pozuntularını qeydə almalıdırlar, beynəlxalq qurumlara çatdırmalıdırlar. Beynəlxalq təşkilatların mümkün qədər daha çox diqqəti bura cəlb olunmalıdır. Siyasi partiyalar da ilk növbədə təşkilatlanma ilə məşğul olmalıdır. Kəndbəkənd, evbəev gəzməliyik, təşkilatlanma işini aparmalıyıq. Ən vacibi də bundan sonra birləşməkdir.
“Millət öz taleyinə sahib çıxmalıdır”
– Bu vaxta qədər belə fikir var idi ki, beynəlxalq təşkilatlar, Azərbaycanda enerji maraqları olan dövlətlər ölkədə sabitliyin qorunmasında maraqlı olduqlarından hakimiyyətin üzərinə getmir. Amma artıq o sabitlik yoxdur. Bu il başlayandan hər həftə, hər gün bir hadisə baş verir. Bu vəziyyət hakimiyyətə nə vəd edir və bundan sonra həmin qurumların mövqeyi nədən ibarət olacaq?
– Əli Kərimli Ictimai Palatada son çıxışında bunu dedi. Millət öz taleyinə sahib çıxmalıdır. Burda bu gün kütləvilik adı altında Azərbaycan xalqının istismar edilməsinə, Azərbaycan qadınının əxlaqsız taleyi yaşamasına, uşaqlarımızın təhsilsiz qalmasına, kişilərimizin işsiz qalıb ailələrində başıaşağı yaşamalarına şərait yaradan Avropanın, Amerikanın, beynəlxalq təşkilatların mövqeyini biz əsas arqument kimi götürüb, dəstəkləyə bilmərik. Bu onların şəxsi maraqlarına xidmət edən hərəkətlərdir. Ona görə də xalq öz taleyinə sahib çıxmalıdır, beynəlxalq təşkilatların nə deməsindən, nə mövqe sərgiləməsindən asılı olmayaraq öz mübarizəsini davam etidrməlidir. Başqa yolumuz yoxdur.
Fizzə