Yəqin xəbəriniz var, Yazıçılar Birliyinin iki üzvü elə Yazıçılar Birliyinin divarları mənəvi üfunət qoxuyan binasındaca əlbəyaxa davaya çıxıb, araya girən başqa bir üzvün qanı tökülüb.
Bundan əvvəl də AYB-də buna bənzər hadisə baş vermişdi: xanım şair kişi şairlə saçyolduya çıxmış, deyilənə görə, biri qayçıyla o birinin qanını tökmək istəmişdi.
Çox ibrətamiz mənzərədir: üzvləri bir-birinin qanına susamış birliyin sədri, xalqsız xalq yazıçısı Anar Rzayev həmişə müxalifəti ölkəni qana çalxamaqda, sabitliyi pozmaqda ittiham edir. Indi adama deyərlər, sən get əvvəlcə öz qapının zir-zibilini təmizlə, sonra başqalarına öyüd-nəsihət verərsən.
Əslində Yazıçılar Birliyində son vaxtlar ancaq yumruqların, şillə-təpiklərin danışmağa başlaması məntiqi sonluqdur. Ora ya əvvəldən heç bir sözü olmayan, ya da sözü çoxdan qurtaran adamların yeridir. Orda ədəbiyyat adına heç nə ilə məşğul olmurlar, ədəbiyyat bu gün ordan kənarda yaranır. Ona görə də büdcədən guya ədəbiyyata ayrılan pulları xımır-xımır yeyənlərin oturub yumruqlaşmaqla, təpikləşməklə məşğul olmalarından təbii heç nə yoxdur. Başqa vaxt da ədəbi müxalifətdə olanları, yeni nəsil yazarlarını tərbiyəsizlikdə, böyük-kiçik yeri bilməməkdə ittiham edirlər. Buyurun, bu da bunların tərbiyə, mədəniyyət göstəriciləri!
Əslinə baxanda isə Yazıçılar Birliyi öz yaradılış fəlsəfəsinə sadiqdir. 30-cu illərdən bu yana bu birliyin divarları arasında nə qədər istedadlı, ləyaqətli şair-yazıçının “fatihə”sini oxuyublar, donoslarla, üzədurmaqlıqlarla onları repressiya maşınının ağzına atıb, gedər-gəlməzə yola salıblar. Elə son illərədək də bu davam edirdi: azacıq fərqli düşünən, yüngülcə tənqid səsləndirən hər kəsə qapını göstərirdilər.
Görünür, artıq AYB-də xor görüləcək, dışlanacaq, kəndiri kəsiləcək, mənəvi terror ediləcək heç kim qalmayıb, hamısının axırına çıxıblar, ona görə də ordakılar indi bir-birlərinin qanına susayıblar. Qınamıram, vərdiş pis şeydir.
Rejiminsə öz tərgidə bilmədiyi vərdişləri var. Budur, indi də Monteneqroda uşaq baxçası tikməyə girişiblər. Yəqin həyətində də ulu öndərlərinin heykəlini qoyacaqlar. Belə yaxşıdır: birdən heykəli uçurmaq fikrinə düşsələr, biz də SOCAR-ın buldozerlərini göndərərik, gedib uşaq baxçasını uçurar. Yoxsa Meskikadakı kimi: pul da gedir, heykəl də, qalırsan yana-yana.
Təsəvvür edin ki, təkcə Bakıda yüzlərlə yeni uşaq bağçasına ehtiyac var, paytaxtda uşaqların 70 faizə qədəri yer olmadığına görə bağçaya gedə bilmir, əyalətlərdəki vəziyyətdən, ümumiyyətlə, danışmağa dəyməz, bunlar isə el-aləmə uşaq bağçası tikirlər. Niyə? Çox sadə səbəbdən: biz bunlar üçün bir heçik, heç bir dəyərə sahib deyilik. Bunların gözündə bizim pullarımızla bağça tikdikləri monteneqrolu, körpü tikdikləri bosniyalı qədər qiymətimiz, bizə 30-35 faizlə kredit verdikləri halda 4 faizlə kredit verdikləri serbiyalı qədər hörmətimiz yoxdur.
Səbəb çox sadədir: xalqın iradəsinə söykənməyən, gücünü xalqdan almayan hakimiyyətlər başqa cür rəftar edə bilmirlər. Onlar özlərini xalq qarşısında cavabdeh saymırlar. Onların xalq qarşısında məsuliyyət hissi olmur.
Indi bizdə belə bir vəziyyətlə qarşı-qarşıyayıq. Bu ölkədə minlərlə uşaq yatağa ac girərkən gedib başqasına uşaq bağçası tikir, başqalarının uşaqlarının üzünü güldürürlər.
Bu da bir növ mərhəmət hissindən doğa bilərmi?
Əlbəttə, yox.
Öz xalqına qarşı mərhəmətli, ədalətli olmayanların başqasına mərhəmətindən, ədalətindən danışmaq çox gülməlidir.
Necə ki, bu yaxınlarda məşhur bir Israil qəzeti Azərbaycanda yəhudilərə qarşı tolerantlıq barədə bəhs edərkən sualı çox yaxşı qoymuşdu: “Diktator öz xalqı ilə pis, yəhudilərlə yaxşı rəftar edə bilərmi?”. Arxasınca da əlavə etmişdi: “Bəlkə onun hərəkətləri Vaşinqtondakı ”yəhudi lobbisinin” himayəsinə olan ümidlə izah edilir?”.
Bəs görəsən, indi Monteneqro ilə bağlı ümidlər hansıdır? Monteneqroya qarşı səxavətin arxasında nə dayanır?
Maraqlı suallardır. Amma ən maraqlı sual budur: biz özümüz Əliyeçi rejimin səxavətini dadmaq üçün hansı ölkədə yaşamalıydıq? Indi hansı ölkədə yaşasaq, uşaqlarımızın bağça, böyüklərimizin ucuz kredit dərdi olmazdı?!