Sabiq rektoru susdurmaq üçün hansı addımların atılması planlaşıdırılır?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevlə əlaqəli olması ehtimal edilən məmur və tanınmış şəxslərin istintaqa çağırılması davam edir. Xatırladaq ki, “Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, bu sırada övladı ABU-da təhsil alan məmur və tanınmış şəxslər xüsusi yer tutur.
Məlumatlara görə, hətta sabiq rektorla bir dəfə görüşən məmurlar da sorğu-suala çəkilir. Istintaqa çağırılan əsasən kiçik və orta ranqlı məmurlardır. Onlara Elşad Abdullayevlə görüşlərində hansı mövzuda söhbət etdikləri barədə suallar verilir.
Bu günlərdə əldə etdiyimiz məlumata görə, rejissor Mərahim Fərzəlibəyov da istintaqa çağırılıb. Ona Elşad Abdullayev barədə əlaqələri barədə suallar verilib. Rejissor isə bildirib ki, o, övladı ABU-da oxuduğundan Elşad Abdullayevi tanıyır. Mərahim Fərzəlibəyov sabiq rektorla bağlı söhbətləri barədə də sorğu-sual edilib. Rejissor isə Elşad Abdullayevlə bir neçə dəfə yalnız övladının ABU-dakı təhsili barədə söhbətlər etdiyini bildirib.
Əldə etdiyimiz məlumatlara görə, məmurların və tanınmış şəxslərin istintaqa cəlb olunması onlardan Elşad Abdullayevin əleyhinə hansısa ifadələr almaq və bununla da sabiq rektoru susdurmaq məqsədi daşıyır.
Bu arada bir maraqlı məqamı da diqqətə çatdıraq. Bəlli olduğu kimi baş nazirin müavini Elçin Əfəndiyevin sabiq köməkçisi Vaqif Hüseynin işində Elşad Abdullayev zərərçəkən kimi tanınmayıb. Əksinə o, həmin iş üzrə rüşvət vermə maddəsilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində tanınıb. Lakin məsələ burasındadır ki, Vaqif Hüseynə rüşvət alma ittihamı verilməyib. Ona qarşı vaxtilə Elşad Abdullayevdən aldığı və sonradan hissə-hissə qaytardığı 1 milyon dollara görə dələduzluq maddəsilə ittiham elan olunub.
Məlumatlara görə, istintaq Gülər Əhmədova ilə bağlı cinayət işində bənzər addımı atmaq fikrindədir. Yəni, bu işdə də Elşad Abdullayev zərərçəkən kimi tanınmayacaq. Baxmayaraq ki, Gülər Əhmədovaya məhz sabiq rektordan alınan pula görə ittiham verilib.
Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz Elşad Abdullayevin susdurulmasına yönəlib.
İnformasiya şöbəsi