Sizi Tanrı, bu “İslamofobiya” söhbəti hardan çıxdı?

İslamofobiyamı, İnsanofobiyamı daha təhlükəlidir?

Qənimət Zahid

Çağdaş diktatorların leksikonuna daxil olan bir ifadəni fərqləndirmək istəyirəm. Bu, “İslamofobiya” deyilən nəsnə ilə bağlıdır və siyasi dəyərlərini israrla bölüşmək istəmədikləri coğrafiyaları nəzərdə tutaraq “Orada İslamofobiya var, ksenofobiya var və buna görə də oralar bizim yerimiz deyil”z
Bu, əlbəttə, demoqogiyadır, gerçək niyyəti ört- basdır etmək üçündür, mütərəqqi siyasi (və sosial) dəyərlərdən imtina etmək üçün uydurulmuş arqumentdir.
Məsələ burasındadır ki, “İslamofob” dedikləri blokun siyasi dəyərlərini qəbul etmək qəsb edilmiş hakimiyyətin əldən çıxma təhlükəsini yaradır, bu nöqtəni yəqin, hamınız bilirsiz.
İndi gələk İslamofobiya məsələsinə və bəzi Avropa ölkələrində müsəlmanlarln sayına- sanbalına.
Proqnozlara görə 2025- ci ildə Fransada əhalinin 12 faizə qədəri, rəqəm ifadəsində 8,5 milyon müsəlman olacaq. Bu ölkədə 5 – i böyük olmaqla toplam 1500- dən çox məscid var. Amma statistikaya görə ibadətə gələnlər ölkədəki müsəlmanların 15 faizindən azdır.
Almaniyada 5,5 milyon müsəlman var, ölkə əhalisinin 6,6 faizi qədərdir, onların dövlət qulluğunda və siyasi strukturlarda təmsilçiliyi ilə bağlı heç bir problem yoxdur.
Niderlandda əhalinin 5,1 faizə qədəri müsəlmandır. Bu kiçik ölkənin 128 şəhərində 380 məscid var.
Britaniyada əhalinin 6,5 faizə qədəri müsəlmandır və burada ibadət evləri – mədrəsələr də daxil olmaqla 2000- dən çox məscid qeydə alınıb.
Siyahını uzatmıram.
Bəs, İlham Əliyev (və ona bənzərlər) hardan yoluxublar bu “İslamofobiya” demoqogiyasına. AzərTac- ın müxbiri kansler Şoltsa sual verəndə hansı mənbəyə istinad etmişdi? Almaniya Daxili İşlər Nazirliyinin hesabatına! Yəni, Avropa ölkələrində bu qəbildən olan problemlərlə yalnız vətəndaş cəmiyyəti deyil, dövlət orqanları da məşğuldur. Paralel araşdırmalar aparılır və şəffaf şəkildə cəmiyyətə təqdim olunur!
Hətta rəqabət də var! Məsələn, Evropol deyir ki, son bir il ərzində Avropa Birliyi ərazisində İslamofobiya+ksenofobiya zəminində qanun pozuntularına dair 900 şikayət qeydə alınıb, Avropanın vətəndaş cəmiyyəti iddia edir ki, bizə nömrə gələ bilməzsiz, faktların hamısını qeydə almırsız və sairə…
Demək istəyirəm ki, Avropada örtülü, dövlət himayəsində, “dövlətçilik naminə” neqativ sosial tendensiyalar gizlədilmir, bunu dövlət idarələri özləri açıqlayır.
Avropada İslamofobiyanın ən tünd rəngdə olduğu və İslamofobiyanın hakimiyyət səviyyəsində körükləndiyi əsas ölkə… Macarıstandır. “Türk dünyasının böyük dostu” kimi özünü Turan ideyasının çardağı altına soxmuş dələduz, İlham Əliyevlə, Vladimir Putinlə, avtoritar türk liderləri ilə bağrı- badaş olmuş Orban da onun hökumət başçısıdır.
Yeri gəlmişkən, Macarıstanda əhalinin 0,5 faizi qədər, yəni 40 min nəfər civarında müsəlman var, onlarən da əksəriyyəti Orban hakimiyyətə gələnə qədər Macarıstana yerləşə bilənlərdir. Viktor Orban Macarıstana müsəlman mühacirlərin yerləşdirilməsini qadağan edib. Bu ölkədə 3-4 məscid və 5-6 da ibadət otağı var.
Yəni, hörmətli izləyicilər, Avropanın ən çılğın İslamofob lideri İlham Əliyevin can bir qəlb dostu Viktor Orbandır. Bu qədər aydın!
İndi gələk o mətləbə ki, İlham Əliyev kimi korrupsiya və haram aşiqləri nədən birdən- birə İslamofil ola bilirlər? Əcəba, bu tip diktatorların İslam dini hardan və hansı niyyətlə yadına düşür? Bu nə İslam təəssübüdür belə? Axı, biz ən azı, Azərbaycan təcrübəsindən görürük ki, rejim çeşidli zamanlarda konyukturaya uyğunlaşdırıb müsəlmanları məzhəb- məzhəb türmələrə doldurur! Bəs, bu, nə təəssübdür belə?!
İlham Əliyevin, əlbəttə, İslam dini vecinə də deyil. Bu diktatorlar “İnsanofob”- durlar və başqalarını İslamofobiyada suçlamaq məkrli siyasi niyyət göstəricisidir.
Amma bu tip diktatorlar üçün İslam dini və başqa hər hansı dini (eləcə də siyasi, ictimai) baxışlar özlərinin ütüləyib çinlədiyi, vitrinə düzdüyü şəkildə görükməlidir. Qəşəng məscidlər, ruhanilər üçün uniformalar, nəbati naxışlar, kalliqrafik hoqqabazlıqların göz oxşayan harmoniyası, əzəmətli təəssüratlar, hətta Məkkəyə gedib Kəbənin qapısını açdırmaqla təşəxxüs satmaq, uzaqdan (mümkün qədər daha çox uzaqdan) eşidilən ecazkar azan səsi, arada məscidə gedib təhlükəsizlik məqsədilə içi insansızlaşdırılmış ibadət salonlarında poz vermək… İlham Əliyev üçün İslam- fonunda müsəlmanın (ümumiyyətlə, İnsanın) dayanmadığı maddi mədəniyyət fenomenidir.
Anlayışlı yaza bildimmi?