Fuad Həbibov: «Gördülər ki, bazarı ala bilmirlər, anamı öldürdülər, məmurlar dəfələrlə bizi hədələmişdilər»
Xaçmazın «bazarkom»unun qətlini hansı məmurlar sifariş edib?
Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin (Xaçmaz mərkəzi bazarı) direktoru Nəcimə Babayevanın qətli ilə bağlı onun övladları Fuad və Gülnarə Həbibovalar mətbuat konfransı keçiriblər. F.Həbibov anasının sifarişlə qətlə yetirildiyini iddia edib: “Bu günə kimi qətlin kim tərəfindən törədildiyi müəyyənləşməyib. Qətlin üstünü açmaq üçün onun motivini müəyyən etmək lazımdır. Motiv isə çoxdan bəllidir. Çünki anam sifariş nəticəsində qətlə yetirilib”.
G.Həbibova isə anasının ticarət mərkəzini özəlləşdirdiyini, yerli məmurların indi həmin mərkəzi onlardan almağa çalışdığını bildirib:”Anam sağlığında o insanlarla mübarizə apara bilirdi. Bütün məhkəmə çəkişmələrini də udmuşdu. Gördülər ki, bazarı ondan ala bilmirlər, anamı öldürdülər. Dəfələrlə onu da, bizi də hədələmişdilər. Lakin anam geri çəkilmirdi”. F.Həbibov məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etdiklərini bildirib: “Bizi bazar yox, anamın qətli maraqlandırır. Əvvəlcə cinayəti qardaşımın üstünə yıxmaq istədilər, lakin alınmadı. Biz dəfələrlə yuxarı dairələrə müraciət etmişik, lakin bizim müraciətimiz o adamlara çatdırılmır. Indi media vasitəsilə bir daha ölkə rəhbərliyinə müraciət edirik. Bu işdə bizə kömək etsinlər”.
Xaçmaz rayon prokuroru Rasim Məlikov isə APA-ya həmin cinayət işinin baş prokuror Zakir Qaralovun nəzarətində olduğunu bildirib: “Zakir Qaralovun göstərişi ilə həmin cinayət işinin araşdırılması prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə istintaq Idarəsinə tapşırılıb. Prokurorluq cinayət işinin açılması üçün əlindən gələni edir”.
Qeyd edək ki, N.Babayevanın meyiti ötən il sentyabrın 15-də Xaçmaz rayonunda öz evində tapılıb. N.Babayeva sahibkarlıq fəaliyyətindən əlavə pedaqoq və yazıçı kimi də tanınıb.