Nərgiz Cabbarova: «Yaradıcılıq mühitini itirmiş bu təşkilat «oğru aləmi»nin qaydaları ilə idarə olunur»
«Arif Alışanovun hansı mənəvi haqla parlamentə buraxılması anlaşılan deyil»
Ölkənin əsas televiziyası olan AzTV-də baş verən qanunsuzluqlar, diletant sədr Arif Alışanovun yaratdığı özbaşınalıq mühiti, peşəkarlara qarşı aparılan müharibə, yaradıcı adamların haqqının tapdalanması və ciddi maliyyə pozuntularına yol verilməsi haqqında gedən söhbətlər səngimir. Əvvəllər müxtəlif səbəblərdən susan aztv-çilər indi cəsarətlə danışmağa başlayıblar. Danışaraq AzTV rəhbərinin əməllərini ifşa edənlərdən biri də 30 il bu telekanalda birinci dərəcəli rejissor vəzifəsində çalışmış və 2009-cu il aprelin 30-da xəbərsiz işdən azad olunan Nərgiz Cabbarovadır.
Latın qrafikasında yazıb-oxumağı bacarmayan “jurnalist”
– Nərgiz xanım, bir vaxtlar çalışdığınız telekanalın indiki durumunu necə dəyərləndirərdiniz?
– Əslində nələrin baş verməsi göz qabağındadır. Ekranda zahiri parıltı var, amma dərin bir məzmunsuzluq hökm sürür. Hər halda müəyyən yaradıcılıq ənənələri olan bir televiziya bu gün mənəvi süquta uğrayıb, sanki can verir. Bəsit proqramlaşdırma, forma və məzmunca bir-birinə oxşayan verilişlərin çoxalması, özəl TV-lərin yamsılanması, sistemsizlik, düşünülmüş yayım siyasətinin olmaması, sxematikliyin çoxalması, aşağı zövqün məhsulu olan aparıcıların ekrana yol tapması, qeyri-peşəkarlığın normaya çevrilməsi bugünkü AzTV-nin əsas problemləridir. Bu problemləri isə kompüter-qrafika effektləri və fontan görüntüləri ilə ört-basdır etmək mümkün deyil. Bahalı texnikanı da gözə soxmağa ehtiyac yoxdur, yaxşı televiziya pulla yanaşı ağıl və peşəkarlıq tələb edir.
– Sizcə, bu nöqsanların səbəbi nədir?
– Fikrimcə, ən başlıca səbəb mövcud yaradıcılıq sisteminin və mühitinin pozulması, ümumiyyətlə, ciddi yaradıcılığın arxa plana keçməsidir. Buna görə də peşəkarlıq arxa plana keçib, peşəkarlar küncə sıxışdırılıb, meydana xeyli şübhəli adam çıxıb, yaltaqlıq, saxtakarlıq və rəhbərliyə yarınmaq yarışı genişlənib. AzTV demək olar ki, kriminal quruma çevrilib. Digər tərəfdən, bu telekanalda yaradıcı liderlər yoxdur, parlaq jurnalistlərdən danışmağa dəyməz, az-çox fərqlənənlər isə işdən gedənlərin aqibətindən nəticə çxarır. Nəhayət, AzTV-nin bu vəziyyətə düşməsinin əsas səbəbi ixtisasca mühasib olan sədr Arif Alışanovun teleyaradıcılıqdan uzaq olması, yaradıcı menecmenti bilməməsidir. Sizə səmimi deyirəm ki, bu adamın elementar dünyagörüşü yoxdur, nəinki institut, sanki heç orta məktəbi bitirməyib. Hərdən iclaslarda elə tapşırıqlar verirdi ki, biz özümüzü gülməkdən güclə saxlayırdıq, heyrətlənirdik ki, bu adamı necə sədr qoyublar?
– Axı Alışanov bioqrafiyasında jurnalist olduğunu göstərir…
– Bir neçə aylıq kursu bitirəndən jurnalist olmaz. O, Xalq Təsərrüfatı institutunu qiyabi bitirib, mühasibdir. Sovet vaxtında Jurnalistlər Ittifaqının həftədə bir dəfə olan dərnək tipli yalançı kurslarına gedib, indi onu əsas götürüb utanmadan özünə jurnalist deyir. Bu nağıllarla TV-yə yeni gələnləri inandırmaq olar, amma onu yaxşı tanıyan köhnə işçilərin yanında belə yalanlar keçmir. Ona görə də bioqrafiyasını belə saxta və yalan üzərində quran, ömründə bir səhifə yazı yazmayan, yaradıcı insanlar qarşısında danışmağa savadı çatmayan, hətta latın qrafikasında yazıb-oxumağı bacarmayan bu “jurnalist” əlbəttə, əsl peşəkarlara qarşı səlib müharibəsi elan etməli və onları min cür fitnə-fəsadla işdən uzaqlaşdırmalı idi. Məhz bu səbəbdən simasını və yaradıcı mühitini itirmiş AzTV bu gün mühasib Alışanovun “istedadı” sayəsində daha çox “oğru aləmi”nin qaydaları ilə idarə olunur.
AzTV sınaq laboratoriyasına çevrilib
– Deyəsən, AzTV-də “köhnə” və “yeni” əməkdaşlar arasında qarşıdurmanın belə incə və özəl səbəbləri var?
– Kollektiv arasında heç bir qaşıduma yoxdur, bunlar uydurmadır. Sadəcə, Alışanov yeni gələnlərə maaş verib əvvəlki əməkdaşları maaş üzünə həsrət qoymaqla bəsit intriqa qurmaba çalışır, guya bu yolla “islahat” aparır. Fikir verin, adam beşinci ildir sədrdir, amma bu müddətdə də sabit bir kollektiv formalaşdıra bilməyib, bu boyda şirkəti məsuliyyətsizcəsinə sınaq laboratoriyasına çevirib. Burada incə bir məqam da var: televiziya və radioya ayrılan dövlət büdcəsinin taleyi uzun illər Alışanovun əlində cəmləşib, bu gün vəziyyət daha acınacaqlıdır, əjdaha suyun ağzını tutub. Köhnə dediyimiz işçilər az-çox öz hüquqlarını müdafiə edə bilir və sədr üzdə onlardan çəkinir. Ona görə də “cavanlaşdırma” adı altında çirkin bir oyun aparmaqla Alışanov televiziya, radio ənənələrini yaşadan bu yaradıcı insanlardan yaxasını qurtarmağa çalışır. Çünki bu adamlar, həm də onun ləkəli keçmişinə bələddirlər. Bir sözlə, Alışanov Azərbaycan televiziyasına elə növbəti zərbələr vurur ki, o yaraları sağaltmaq mümkün olmayacaq. Bütün bu proseslər hamının gözü qabağında baş verir, heç kim də dillənmir. Mən Alışanovu himayə edənləri, onun pul kisəsi qarşısında əyilənləri, xüsusən vicdanını paraya satan hakimləri anlayıram: pul çox şey deməkdir, amma hər şey demək deyil. Alışanovun ağlagəlməz sayda kapitala sahib olması ona əsas vermir ki, böyük bir yaradıcı kollektivi “uf” demədən əzməli, amma cəzasız qalmalıdır.
– Amma o, vəzifəyə gələndə kollektivdə çoxları sevinirdi…
– Səmimi deyirəm ki, mən sevinənlər yox, təəccüblənənlər sırasında idim. Musiqi baş redaksiyasında işlədiyim üçün ətrafda baş verənlərdən, o cümlədən Arif Alışanov haqqındakı mənfi ictimai rəydən xəbərim var idi. Yol verdiyi maliyyə pozuntularına görə 1991, 1992, 1993-cü illərdə onun haqqında cinayət işinin açılmasını da çox adam bilirdi. Amma birdən-birə AzTV kimi sənət ocağının taleyini adı mənfi planda hallanan “maliyyə bosuna” tapşırmaq çox təəccüblü oldu. Nə qədər ki, gec deyil, mən bu gün ölkə ictimaiyyətinin, dövlət qurumlarının diqqətinin AzTV-də gedən proseslərə yönəldilməsini istərdim.
Alışanov sədr olandan sonra neçə nəfər stressdən dünyasını dəyişib
– Dediyiniz dövlət qurumları Alışanovu, nəinki tənbeh edir, hətta onu mandatla mükafatlandırırlar. Arif Alışanovun deputat olmasını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, millət vəkili olmaq bu adamın nəyinə gərəkdir?
– Mən siyasət adamı deyiləm, seçkilərlə bağlı bir şey deyə bilmərəm. Amma onu dəqiq bilirəm ki, normal ölkələrdə Alışanov kimi zərərli adamlar parlamentdə yox, həbsxanada oturmalıdır. Onun hansı mənəvi haqla parlamentə buraxılması anlaşılan deyil. Bu “deputatın” AzTV-dəki fəaliyyəti yoxlanılsa, bilirsiniz nələr üzə çıxacaq? Qanunsuzluq, özbaşınalıq, maliyyə pozuntuları, dövlət büdcəsini mənimsəmək, haqları pozmaq, adamların heysiyyatına toxunmaq!
Heç bilirsiniz, bu adam sədr olandan sonra neçə nəfər stressdən dünyasını dəyişib?! Bunları sadalamaqla bitməz. Vaxtilə “kriminal varlıq” adlandırılan bu adam haqqında ən yaxşı xarakteristikanı rəhmətlik Elşad Quliyev hələ 10 il əvvəl “Exo” qəzetindəki məqaləsində vermişdi. Həmin məqalənin məzmunu ilə tanış olan ağıllı insan o saat başa düşər ki, Alışanova deputatlıq kürsüsü nəyə görə lazımdır? Cavab çox sadədir: AzTV-də yığdığı sərvəti qorumaq istəyir. Hazırda onun qanunsuz əməlləri ucundan neçə əməkdaşın işi məhkəmədədir.
Bizim qələmimizi əlimizdən almağa heç bir nadanın gücü çatmayacaq
– Nərgiz xanım, siz, eləcə də işdən çıxarılan həmkarlarınız dövlət qurumlarına müraciət edibsinizmi, nəyə görə bir tədbir görülmür?
– Biz işdən qanunsuz çıxarılmamızla əlaqədar müxtəlif qurumlara, o cümlədən prezidentə müraciət etmişik. Bu müraciətlərə cavab verilməməsinin səbəbini yenə Alışanovda görürük. O, bu teleqramların cavabsız qalmasını müxtəlif yollarla əngəlləsə də, gec-tez həqiqətin üzə çıxmasına inanıb mübarizəmizi davam etdiririk. Mən Bakı Apellyasiya Məhkəməsində başıma gələnlərlə əlaqədar ayrıca açıqlama verəcəm, bəribaşdan deyim ki, qələbəmə inanıram. Bu gün zaman Alışanovun xeyrinə işləyə bilər, amma, sabah onu nələr gözləyir, bunu bir Allah bilir? Dünya qoca dünyadır, çox Alışanov kimilərini yola salıb. Bizim sözümüzü də, qələmimizi də əlimizdən almağa heç bir nadanın gücü çatmayacaq. Qoy mübarizədən o adam qorxsun ki, bütün həyatı saxtakarlıqlar üzərində qurulub.
– Dünən AzTV-də Mədəniyyət kanalı yayıma başladı, bununla bağlı nə demək istərdiniz?
– Mən uzun illər mədəniyyəti təbliğ etmiş bir rejissor kimi buna çox sevindim. Uğurlu olmasını arzulayıram! Qoy ekrandan zəngin mədəni irsimiz təbliğ edilsin. Bir də arzulayıram ki, bu kanal Azərbaycan mədəniyyətinə gəlir mənbəyi kimi baxan Arif Alışanov, Nadir Axundov kimi milli düşüncədən uzaq, qeyri-peşəkar və ədalətsiz adamların cəngindən uzaq olsun!