Ekspertlər deyir ki, cərimələr hesabına artım rüşvətin qarşısını ala bilməz
Fevralın 14-də prezident Ilham Əliyev yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib. Sərəncamda qeyd edilir ki, bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Sərəncama görə, bu məbləğ yol-patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Yəqin ki, hökumət bu addımını da rüşvətin qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi qiymətləndirəcək. Çünki yol polisi rüşvətlə bağlı Azərbaycan vətəndaşlarının ən çox şikayətləndiyi strukturlardan biridir. Amma məsələ ondadır ki, yeni qayda rüşvətin qarşısını almaq üçün səmərəli ola bilməz. Əgər artım cərimələr hesabına olmasaydı, sadəcə əməkhaqqına əlavələr olunsaydı, bu halda səmərədən danışmaq olardı. Amma indiki halda yol polisi əməkdaşları sürücüləri daha çox cərimələməkdə maraqlı olacaqlar.
Ekspertlər də belə hesab edir ki, bu cür üsullar rüşvət və korrupsiyanın qarşısını ala bilməz. Görüləcək əsas işlərdən biri əmək haqlarının nəzərəçarpacaq dərəcədə artırılmasıdır. Özü də bu artım tək yol polislərinə yox, bütün sahələrin işçilərinə şamil olunmalıdır. Ancaq bu halda problemin müəyyən qədər həllindən danışmaq olar: “Yeni qaydaların sürücüləri cərimələmək üçün stimul yaratması vicdanı olan yol polislərinə şamil olunmur. Vicdanı olmayanlar üçün təbii ki, bu bir stimuldur. Onlar cərimələməkdə maraqlı olacaqlar. Amma sürücülər də çalışmalıdırlar ki, qanun pozuntusuna yol verməsinlər. Istənilən halda nəzarət olmayacaqsa, başqa effekt verəcək. Yol polisi şərait yaransa, on manatı alıb qoyacaq cibinə, heç cərimə də yazmayacaq. Nəğdi qoyub nisyəyə getməyəcəklər ki”.