Azərbaycanda suyun qiymətinin qalxması ilə Sudanda aranın qarışması bir oldu. Eyni vaxtda poçt və sərnişindaşıma xidmətlərinin qiymətlərində də artım nəzərdə tutan dəyişiklik edildi. Buna el dilində “sudan bir səbəb” deyilir. Yəni, demək olar ki, heç nədən.
Adama elə gəlir ki, Sudan xalqı əsl müsəlman qardaşlığı sərgiləyib və Azərbaycanda qiymətlərin artmasına görə öz sinəsini irəli verib, məzlum dindaşlarının yerinə qiyama başlayıb. Görəsən yerli zəhmətkeşlər, yəni bizimkilər Sudana onların haqq səsini ucaltdıqlarına görə dəstək olacaqmı? Düzü, hələ o qədər də ağlıma batmır bu fikir. Belə bir dəstək xəyalına qapılmaq mənə bir az qeyri-real görünür. Bizim müxalifət camaatı ərköyün öyrədib. Yəni müxalifət – 5-6 min fədakar xalqın azadlığı uğrunda səsini qaldırır, döyülür, tutulur, öldürülür, məşəqqətlərə düçar olur, bəzən ölümə belə gedir, ancaq xalqı bu savaşa qoşmağa ürəyi gəlmir. Nə isə. Bəlkə Sudan xalqına dəstək çıxdıq hələ. Nə bilmək olar…
Ilham Əliyev Davosa getməmişdən qabaq ətrafını başına toplayıb tapşırmışdı ki, bu lənətəgəlmiş inqilablar dövründə, bir növ ara sakitləşənə kimi xalqla bir az insaflı rəftar eləsinlər. Ən azı sudan, çörəkdən korluq verməsinlər və görünür, bu öz bəhrəsini verdi – qiymətlər qalxdı. Itə belə qıyıb içirməyəcəyin çirkli su od qiymətinə oldu. Ara yerdə Sudan xalqı və Sudanın prezidenti oda düşdü.
Bu arada, Britaniyada nəşr edilən “Sundy Times” qəzeti Hüsnü Mübarəkin arvadı Suzan Mübarəkin də artıq Misirdə olmadığını, 97 çemodanlıq baqaj ehtiyatı ilə Misiri tərk edib Londona, oğlunun yanına qaçdığını xəbər verib. Bu, Tunis prezidentinin arvadı, 53 yaşlı kübar görkəmli eks-birinci xanım Leyla Trabelsidən sonra ikinci qaçışdı. O da Milli Bankın 1.5 ton qızılını özüylə aparmışdı. Sözün açığı, Leyla xanım da, Suzan xanım da qaçanda xəbəri eşidən azərbaycanlıların reaksiyası mənimçün çox maraqlı oldu. Onların özləri ilə apardıqları haqda eşidən bibilər və xalalar onların nə apardıqlarına yox, apardıqlarını nə ilə apardıqlarına heyrətlənmişdilər. Sual belə qoyulurdu ki, arvad xeylağı ton yarım qızılı necə aparıb? Suzan xanım üçünsə belə: 97 çemodanı necə daşımaq olar? Az qala arvad həmrəyliyi göstərirdilər. Sanki belə bir fikir alınırdı: – Yazıqlar nə qədər zülm çəkiblər! Indi bizim həmin xala-bibilərin suyunu bahalaşdırıblar. Su ilə birlikdə Sudan xalqı qalxmağa başlayıb. Gör, indi Sudanın zavallı birinci xanımı qaçanda nə qədər zillət çəkəcək də!
Ən maraqlı xəbəri isə Facebook-dan Həbib Müntəzir qardaşımızın statusundan oxudum: “Azərbaycanın Baş Prokurorluğu Misirdə həlak olan səfirlik işçisinin ölümü ilə bağlı Bakıda cinayət işi açıb”. Çox maraqlıdı. Məncə, Misirin əli qana batmış prezidenti Azərbaycana olan sevgi və sayğısından dolayı mütləq istintaqa ifadə verməyə gələcək. Bəlkə də gəldi, heç qayıtmadı. Həbs olunmaq adıyla elə Azərbaycanda sığınacaq tapdı.
Misirdən qayıdan azərbaycanlı tələbə Natiq Əliyev isə “Azadlıq” radiosunun əməkdaşı Babək Bəkirə bunları deyib:
“Artıq mağazalarda çörək tapılmırdı. Biz ancaq təhsil aldığımız universitetin yataqxanasının mağazasından çörək tapa bilirdik. Oradan da gün ərzində bircə çörək almaq olardı. Hazırda Misirdə xalq Hüsnü Mübarək hakimiyyətindən çox narazıdır. Misirdə əhalini birinci təngə gətirən korrupsiya, ikincisi isə qiymətlərdir. Hadisələrin gərgin vaxtı da qiymətlər kəskin artmışdı”.
Sudan xalqı bizdə qiymətlərin qalxmasından narahatdır, Ramiz müəllimsə korrupsiyadan…