Arif Babayev adlı işgəncə maşını
Bobkov məni sorğu-suala tutmaqda davam edirdi: “Hansı şəhərdə?”. Mən Azərbaycan şəhərlərinin birinin adını çəkdim. Sumqayıt ağlıma gəldi, çünki bu şəhər həmişə mənim komsomolda keçən ömrümün gənclik illəri ilə assosiasiya yaradırdı…”.
***
Moskva. 1988-ci il. 18 oktyabr… Məhkəmə zalı… SSRI Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkin ittihamnaməni oxuyur. Biz həmin ittihamnamədən Qalkinin ittiham olunan Əhmədov, Ismayılov, Cəfərov haqqında verdiyi məlumatı diqqətinizə çatdırırıq:
“Mühakimə olunanların xarakteristikası:
Mühakimə olunan Əhmədov Əhməd Imanı oğlu…
1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini qurtarıb. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985-1988-ci illər arasında bir neçə iş yeri dəyişib. Oxuduğu məktəbdən və iş yerlərindən Ə.Əhmədova müsbət xasiyyətnamə verilib. Çalışdığı sahələrdə üzərinə düşən işin öhdəsindən gəlib. Heç bir inzibati və ictimai cəzası olmayıb.
Ə.Əhmədov istintaq zamanı qismən günahlarını boynuna almış, istintaqla əməkdaşlıq etmiş, digər iştirakçıların günahını üzünə demişdir.
***
41-ci məhəllədə baş verən kütləvi iğtişaşlarla bağlı işlə tanışlıqdan sonra Əhməd Əhmədov əvvəllər verdiyi ifadələrdən imtina etmiş və məhkəmə qarşısında çıxış edərək bildirmişdir ki, o, kütləvi iğtişaşların təşkilatçısı deyil, Sumqayıt şəhərindəki 41-ci məhəllədə heç kimi öldürməmiş, zərərçəkmiş Babayanı öldürmək istəməmiş, sadəcə onu qorxutmaq istəmişdir. Bu bəyanatlar onu göstərir ki, Əhmədov törətdiyi cinayətə görə peşmançılıq hissi keçirmir.
Mühakimə olunan Ismayılov Ilham Azad oğlu…
Sumqayıtda orta məktəbin 8-ci sinfini qurtardıqdan sonra Ilham Ismayılov 1982-ci il mart ayının 2-dən 1982-ci il noyabr ayının 1-nə kimi “Aznefttexquraşdırma” idarəsinin 2-nömrəli Tikinti Quraşdırma idarəsində elektrik qaynaqçısı işləmişdir. Burdan ordu sıralarına getmiş, tərxis olunduqdan sonra əvvəlki iş yerinə qayıtmış, bir müddət sonra öz ərizəsi ilə işdən azad edilmişdir. 1986-cı ilin 20 yanvarından 1988-ci il fevralın 29-na kimi “Azərkimyatəmir” trestində çalışmışdır.
Təhsil aldığı məktəbdən, yaşayış və iş yerlərindən müsbət xarakterizə edilir.
Istintaq zamanı qismən günahlarını boynuna almış, Arakelyanın öldürülməsində və Sumqayıtdakı 41a məhəlləsində iğtişaş və dağıntılarda iştirak etdiyini bildirmişdir. Lakin sonradan heç kimi öldürmədiyini bəyan etmiş, sadəcə insan axınına qoşularaq ora-bura qaçdığını söyləmişdir. O, bu yollarla törətdiyi ağır cinayətdən yaxa qurtarmağa cəhd etməyə çalışır.
Mühakimə olunan Cəfərov Yavər Qiyas oğlu…
1985-ci ildə Sumqayıt şəhərindəki 26 nömrəli məktəbin 8-ci sinfini qurtarıb. Məktəbdə yaxşı oxuyub, ictimai fəallıq göstərib. Sonra 49 nömrəli peşə məktəbində təhsil alıb. Tez-tez dərsdən yayınıb.
Yaşayış və oxuğu peşə məktəbindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur.
Cəfərov günahlarını boynuna alır…”.
Ittiham aktı 1988-ci il avqust ayının 22-də Azərbaycan SSRI-nin Sumqayıt şəhərində tərtib olunub.
Əhməd Əhmədovun daxil olduğu dəstə, guya 7 ermənini öldürmüşdü…
Bakı. 2010-cu il.Vəkil Ə.Abdullayevin “Bizim yol” qəzetinə müsahibəsindən:
“7 nəfər bir ailənin üzvü idilər. Guya, Əhmədov, Ismayılov, Cəfərov və başqaları onları evdən çıxarıb vəhşicəsinə öldürüb, sonra yandırmışdılar. Amma məhkəmədə onların kim tərəfindən öldürülməsi sübut olunmadı. Təsəvvür edin ki, icraçıların kim olması sübut olunmadığından Ismayılov və Cəfərovun işini təkmili istintaqa qaytardılar, ancaq təşkilatçı kimi Əhmədov tanındı. Sual yaranır, icraçını tapa bilmirsinizsə, Əhmədov kimi təşkil etmişdi, kimlərə göstəriş vermiş və kimlərə rəhbərlik etmişdi? Belə olduqda qanuni baxımdan hökm çıxartmaq olmaz. Ikinci acınacaqlı hadisə onda oldu ki, məhkəməyə bir qanlı paltar gətirdilər, guya Əhmədovundur, amma geyindirmək istəyəndə onun əyninə olmadı. Hakim özü də bu vəziyyətdə çıxılmaz durumda qaldı. Çünki qarşı tərəf iddia edirdi ki, paltarın üstündəki qan Əhmədovun öldürdüyü ermənilərin qanıdır. Bilirsiniz, ona qarşı güllələnmə hökmünün səbəbi nə idi? Birinci, onun özünü ləyaqətlə aparmasıydı”.
Sənə oğlunun qanlı köynəyini gətirmişik!
Sumqayıt. 1988-ci il. Müstəntiq Arif Babayev Əhməd Əhmədovun evlərinə gəlir. Valideynlərinə bildirir ki, Əhməd istintaqla əməkdaşlıq etsin, o qanlı paltarın onun olduğunu söyləsin. Atası Imanı kişini, anasını, bacısını dilə tutur.
Istintaq necə aparılıb?…1988-ci il. Fevral-mart…
Hadisələrin şahidi və tədqiqatçısı Ramiq Süleymanoğlunun 27 iyul 2010-cu ildə “Azərbaycan” qəzetinə müsahibəsindən:
(Yeri gəlmişkən, 1988-ci ildən üzü bəri Sumqayıt hadisələrini araşdıran, onlarla məqalə yazıb, televiziya və radio verilişi hazırlayıb, 1992-ci ilin sentyabr ayının 29-da Sumqayıt Xalq Deputatları Soveti rəyasət heyətinin qərarı ilə yaradılmış “Sumqayıt hadisələrinə ictimai-siyasi qiymət vermək üçün yaradılmış komissiyanın sədr müavini olmuşdur. 2010-cu ilin avqustunda dünyasını dəyişib).
Onları həbsxanalarda öldürdülər
“Martın birindən Sumqayıtda komendant saatı tətbiq olundu. Az müddətə 3000 nəfərdən çox şəhər sakini, günahlı-günahsız həbs olunub zindanlara dolduruldu. Şəhər milis idarəsinin qarşısında xüsusi çadırlar qurulmuşdu. Onlardan bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi rüşvət verərək canını qurtardı. 94 nəfər haqqında cinayət işi başlandı. SSRI prokurorluğunun istintaq qrupları baş vermiş hadisələrin səbəblərini, təşkilatçıları, əsl caniləri müəyyən etməyə səy göstərməmiş, hadisələrin əsl mahiyyətini ört-basdır etmək üçün ayrı-ayrı zorakılıq hallarından və qondarma ittihamnamələr tərtib edərək işləri məhkəmələrə göndərmişlər. Istintaq qrupuna daxil olan respublika prokurorluğunun, DTK və DIN-in müstəntiqləri müstəsna xidmət göstərmiş, Moskvadan gəlmiş ağaların xoşuna gəlmək üçün hər cür çirkin üsullardan istifadə etmişlər. Istintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülmüşdür. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxmışdır. Ziyalı ailədən olan Taleh Ismayılova isə 15 il iş kəsilmiş, cəzasını ”siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilmiş, bir ildən sonra meyiti gəlmişdir. Qızıl ordunun zopasına tuş gəlmiş azyaşlı Azər Babayev isə 23 ildir yatağından qalxa bilmir.
Arif Babayevdən işgəncəli istintaq
Əhmədin qardaşı Məmmədağanın dedikləri (Sumqayıt 1997-ci il): “Günü yadımdan çıxıb, dəqiq bilmirəm, oktyabrın axırı, ya noyabrın əvvəli idi. Prokuror Əhmədə sual verdi: ”Ittihamnamədə yazılanlara imza atdığın halda, niyə məhkəmədə ifadəni təsdiq etmirsən”? Əhməd dedi: “Əgər sizə də Arif Babayev elə işgəncələr versəydi, hər şeyi boynunuza alardınız. Mənə istintaqda zülm elədilər”.
Məhkəmə istintaqı maddi sübut kimi Əhmədə üstündə qan ləkələri olan Arakelyan adlı bir erməniyə məxsus pencək göstərərək dedilər ki, hadisələri törədərkən bu pencək əynində olub. Halbuki həmin pencəyi Əhməd kimi iki adama geyindirmək olardı. Həmin prosesdə ifadə verən şahidlər də Əhmədi boz pencəkdə gördüklərini söylədilər. Şəkillərə tanıma-baxış keçirilərkən isə, zərərçəkənlərin əksəriyyəti Edik Qriqoryanı göstərərək, onun tərəfindən zora qaldıqlarını söylədilər”.
ardı var
Surxay Hüseynli, Azər Hüseynbala