Bilmirəm, hansı tamaşada idi, personajlardan biri qəzet oxuyur, hər bir şeyi bir “nə olsun?” sualı ilə tamamlayırdı. Ona görə də keçmə bizim “nə olsun” kəlməmizdən. Deyirsən, 2011-ci ilə internet istifadəçilərinin sayı 2 milyarda çatacaq! Deyir ki, nə olsun?! Deyirsən, Çin inamla dünya liderliyinə doğru addımlayır! Deyir ki, nə olsun?! Deyirsən, Tunisdə, Misirdə inqilabdır! Deyir ki, nə olsun! Deyirsən, Küveytdə ərzaq bir il pulsuz olacaq! Deyir, nə olsun? Deyirsən, Qətər nefti, qazı ilə deyil, bir telekanalı ilə tanınır! Deyir ki, nə olsun?! Deyirsən, insanlar 15-20 ilə Marsa uçmağa hazırlaşır! Deyir ki, axı, nə olsun?! Deyirsən, başqa respublikalarda sovet dövründən qalma əmanət qaytarılıb! Deyir ki, nə olsun?! Deyirsən, sabah qar yağacaq! Qayıdır ki, ola bilməz, heç qışın qış vaxtında da qar olar? Işıqlar sönəcək, qaz kəsiləcək və transportun hərəkəti tamam iflic olacaq…
Hə, hörmətli oxucu, dediyim odur ki, biz azəriləri təəccübləndirməyin, diksindirməyin yolu da bir ayrıdır, bizlər həqiqətən də təəccüblənməli şeylərə deyil, təbii şeylərə təəccüblənirik. Biz ona təəccüblənirik ki, filan şagird imtahanda 700 bal toplayıb! Hə, on ildir ki, ticarətlə məşğul olan filankəs Mersedes alıb! Bəli, bizlərə bu, çox təəccüblü görünür. Hə, qışda qarın olmaması bizi təəccübləndirmir, amma qışda yağış yağanda təəccüblənirik ki, bəli, yağış da lap zəhləmizi tökdü, yollar islandı… Bəlkə ona görə ki, yollarımız əməlli-başlı yol deyil? Bakıda hamı palçıqlı ayaqqabı görəndə haradan, hansı mikrorayondan gəldiyini lap asanca tapır. Amma böyüklərimizin hələ xəbəri yoxdur ki, palçıqlı küçələr, zibilli döngələr və dalanlar harada yerləşir… Nə isə. Nə vaxtsa xəbər tutarlar.
Yorğunluq, yoxsa ictimai-siyasi tənbəllik?
Əvvəllər iclasların gündəliyində birinci məsələ məhz mövcud ictmai-siyasi durum olurdu. Yox, indi o haqda yazmayacam. Fikriniz o vaxtlara getməsin. Indi mövzu başqadır. Mən ictimai-siyasi süstlüyə toxunmaq istəyirəm. Hə, bizi hərəkətə gətirmək çox müşküldür. Deyirlər, biz bir əsrdə 4 inqilab edib yorulmuşuq. Hesabla doğrudur. Amma bəraət deyil. Indi bizlərdən nə tələb olunur? Vətəndaş sayıqlığı və vətəndaş məsuliyyəti! Bəli, artıq heç nə tələb olunmur. Digər ölkələrdə hakimiyyətlər cəmiyyəti niyə aldada bilmir? Çünki oraların vətəndaşları çox ayıq-sayıqdırlar. Bəs onlar niyə görə bizlərlə və bizə bənzəyənlərlə müqayisədə belə sayıqdılar? Ona görə ki, vətəndaşların məsuliyyət hissi güclüdür. Sayıqlıq və vətəndaş məsuliyyəti olan yerdə isə hər şey öz qaydasında olur. Tənbəllikdən söhbət düşmüşkən… Düşünürəm ki, bizdə fiziki yox, zehni-intellektual tənbəllik çox güclüdür. Uzağa getmə, elə özümüzü – jurnalistləri götür. Bir köşə yazırıq və bununla da yoruluruq, başqa bir şeyə həvəsimiz və gücümüz qalmır. Başqa ölkələrdə alimlər üçün elm doktorluq dissertasiyasından sonra başlanır, bizdə isə əksinə, bununla hər şey yekunlaşır. Hamımız tənbəlik. Siyasi apatiyanın, siyasi etinasızlığın da mayasında elə tənbəllik dayanır. Bir az da etno-psixologiyanı çözələmək lazımdır, biz rahatlığı çox sevirik, ona görə də qışda soyuq, yayda isti də biz azəriləri təəccübləndirir.
Hədsiz fəallığın da qüsuru var
Ötən dəfə Məhfuz Naqibı xatırlatmışdım. Demə, onu ekstremistin biri, yerlisi bıçaqlayıbmış. Yadıma M.Qandi düşdü. Qandini də bir hindus ekstremisti öldürmüşdü, daha doğrusu, ona sui-qəsd etmişdi. Daha sonra yadıma elə Merab Mamardaşvili düşdü. Aeroportda bir qrup gənc ona yaxınlaşır və onu o vaxtkı gürcü prezidenti Z.Qamsaxurdiyaya dəstək vermədiyi üçün o ki var danlayırlar. Mamardaşvilinin ürək ağrısı tutur və elə bundan da vəfat edir. O dəfə Merab müəllimlə bağlı maraqlı bir detala rast gəldim. Tbilisidə ona indi heykəl qoyulub. Müəllifi də E.Neizvestnıydır. Amma gürcülərin çoxu bunun kimə aid olduğunu, heykəlin kimə qoyulduğunu bilmirlər…
Hə, hədsiz fəal olmağın ziyanından danışmalı idim axı… Mən elə gəlir ki, əfqanlar kimi fəal olmaq da bir şey deyil. Nə isə. Bu haqda sonra…