Bu gün gecə saatlarında Bakı şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən yaşayış evində qaz sızmasından yanğına keçən güclü partlayış baş verib.
Hadisə nəticəsində 3 nəfər: Vüqar Şahbazov, Vasif Əsgərov və Natiq Əsgərov evdə yanaraq ölüblər. Daha iki nəfər isə ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışdan dərhal sonra Suraxanı rayon Polis İdarəsinin rəisi, rayon prokuroru, habelə digər vəzifəli şəxslər hadisə yerinə gəliblər.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına sitinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb, ev əşyalarının bir qismi və həyətdə olan “Mercedes” markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın söndürülüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı, 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu, 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıblar. Yaralılar Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriliblər.
Hadisə nəticəsində ölmüş ev sahibi – 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları – 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.