Sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində ABŞ-da yaşayan alim Lütfi Zadənin vəfat etdiyi bildirilir.
AZƏRTAC bu xəbəri Lütfi Zada ailəsinin yaxın dostu, son aylarında onun yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya istinadən yayıb.
Lütfi Zadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru idi.
O, 1921-ci ilin fevralın 4-də Bakıda anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.
1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə «Elektrik mühəndisliyi və kompüter elmləri» kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərirdi.