Cənubi Afrika Respublikasının polisi sərhəd postlarına Zimbabvenin birinci ledisi Grace Mugabe-nin ölkədən çıxmasına imkan verməməyi əmr edib.
Buna səbəb onun döydüyü yeniyetmə qıza rüşvət təklif etdiyi barədə iddialar olub.
Zimbabve birinci ledisinin hücumuna məruz qaldığı deyilən Gabriella Engels-in vəkili Gerrie Nel bəyan edib ki, əgər Cənubi Afrika polisi xanım Mugabeyə qarşı cinayət işi qaldırmasa, onun müştərisi prezident xanımını fərdi qaydada məhkəməyə verəcək.
Vəkil deyib ki, o üç ay ərzində ən azı məhkəmə tədbirinin görülməsini tələb edir.
Vəkil Nel bundan əvvəl əlil qaçışçı Oscar Pristorius-un öz arvadını qətlə yetirməsi ilə bağlı mühakimədə iştirak edib.
Cənab Nel bildirib ki, fərdi qaydada məhkəmə mühakiməsi dövlət mühakiməsi ilə “tam eyni nəticələrə” səbəb ola bilər.
“Burada istənilən hökm, hətta azadlıqdan məhrumetmə hökmü də mümkündür” – deyib vəkil.
Vəkil bildirib ki, onun müştərisi ailəyə üçüncü tərəfin vasitəsilə təklif edilən “qanpulunu” rədd edib.
20 yaşlı model və gecə klubu hostesi Engels Zimbabvenin birinci ledisini, onu Yohannesburq otelində elektrik kabeli ilə döyməkdə ittiham edir. Xanım Mugabenin oğulları həmin oteldə qalırdılar.
Bazar günü gecə baş verdiyi iddia edilən insident iki ölkə arasında siyasi və diplomatik qalmaqala çevrilib.
CAR polisi xanım Mugabeni istintaqa ifadə vermək üçün çağırışa etinasızlıqda ittiham edir.
Bunun əvəzində xanım Mugabe Yohannesburq ətrafında bir malikanəyə sığınıb və diplomatik toxunulmazlıq statusu almağa çalışır.
Vəziyyəti qəlizləşdirən budur ki, xanım Engelsin ailəsi ziddiyyətli Afrikaner haqları qrupu AfriForum təşkilatından dəstək istəyib. Afrikanerlər 18-ci əsrdə burada məskunlaşmış hollandlardan törəyən etnik qrupun adıdır.
Burada keçirilən mətbuat konfransında Gabriella Engels başında sarğı ilə oturmuşdu. O xanım Mugabenin onun başını yardığını iddia edir.
Bundan əvvəl Cənubi Afrikanın polis naziri Fikile Mbalula bütün sərhəd məntəqələrinə bu məsələ həllini tapmadan Grace Mugabenin ölkədən çıxmasına imkan verməmək tapşırığı verib.
Lakin polisin sözçüsü bəyan edib ki, xanım Mugabe barədə həbs orderi verilməyib.
O bildirib ki, polis, xanım Mugabenin diplomatik toxulmazlıq statusu üçün müraciətinə nə cavab veriləcəyini gözləyir.
Lakin xanım Engelsin müdafiə komandası bildirib ki, onlar xanım Mugabeyə köhnə tarixlə verilmiş diplomatik toxunulmazlıq statusunu qəbul etməyəcəklər, çünki birinci ledi Cənubi Afrikaya alış-veriş və müalicə üçün gəlib.
AfriForum təşkilatına bağlı vəkil Willie Spies deyib ki, diplomatik toxunulmazlıq məsələsi böyük bir ehtimalla ən yüksəjk hökumət səviyyəsində həll olunacaq.
Başqa sözlərlə bu o deməkdir ki, bu məsələ CAR prezidenti Jacob Zuma və Zimbabve lideri Robert Mugabe arasında müzakirə olunur.
Spies deyib ki, belə görünür xanım Mugabe diplomatik toxunulmazlıq alan kimi ölkəni tərk edəcək.
53 yaşlı birinci ledinin əri, 93 yaşlı cənab Mugabe Cənubi Afrikaya cümə axşamı, regional liderlərin Pretoriyada keçirilən sammitində iştirak etmək üçün gəlib.
Nə xanım Mugabe, nə də Zimbabve hökuməti insidentlə əlaqədar açıqlama verməyiblər.