Səhiyyə Nazirliyi açıqlama verib ki, bundan sonra daimi yaşayış yeri məlum olmayan şəxslərə də tibbi yardım göstəriləcək. “Daimi yaşayış yeri məlum olmayan şəxslər” deyildikdə, kimlər nəzərdə tutulur? Əsas etibarı ilə, xalq arasında “bomj” adı verilən, hər hansı ünvanda qeydiyyatda omayan və məskunlaşmayan şəxslər. Məlumat verildiyinə görə, bu ilin 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan 334000-dən artıq müraciətin 190-ı daimi yaşayış yeri məlum olmayan şəxslərə aiddir. İndi deyirlər ki, Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən, bu evsiz, sahibsiz “bomj”ları götürüb uyğun müayinədən keçirəcək, tibbi yardım göstərəcək və lazım gəlsə, xəstəxanalarda yerləşdirəcəklər. İnanmaq istəyirəm, amma içimdən bir səs deyir ki, “eşit, inanma”. İnkarçı deyiləm, hər şeyi qara rəngdə görmək kimi bir niyyətim də yox. Sadəcə, çevrəmdə yaşadıqlarım, gördüklərim, eşitdiklərim inanmamağa əsas verir…
Xatırlayırsınızsa, ilin əvvəlində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev demişdi ki, bu xidməti elektron sistemə keçirməyə hazırlaşırlar və bundan sonra onların təyinatına aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməli olacaqlar. Nağıyev deyir ki, bir çağırış xidməti onlara hardasa 140-150 manata başa gəlir və bu addım da təyinatsız müraciətlərin sayını azaltmaq məqsədi daşıyır. Biz o elektron sistem tətbiq olunacağı halda, “daimi yaşayış yeri məlum olmayan şəxslər”lə bağlı məsələnin necə yoluna qoyulacağını bilmirik. Amma bu stansiyanın hazırda “bomj” deyilən şəxslərə göstərdiyi xidmət haqqında az-çox məlumatımız var. Bunları son vaxtlara qədər təcili yardım stansiyalarının birində işləyən bir xanım tanışım danışıb. “”Naməlum” adamlarla bağlı gələn çağırışlara heç kim getmək istəmir. Bəzən zəng edirlər ki, “filan ünvanda bir kişi yıxılıb, üstündə sənəd-filan yox, təcili gəlin. Çox vaxt “bomj”dur deyib, keçir hamı. Bəzən də maşın gedib ərazidə fırlanıb gəlib deyir ki, “tapmadıq”. Bu məsələdə təkcə həkimləri qınamaq doğru deyil. Səhiyyə sisteminin özündə natamamlıq var. Guya Bakı Baş Səhiyyə İdarəsi göstəriş verib ki, həmin ünvansız adamlarla bağlı işlər sənədləşsin, sistemə salınsın və daimi hesabat verilsin. Amma onları ciddi müayinə etmək, diaqnoz qoymaq, xəstəxanaya yerləşdirmək söhbəti yoxdur. Küçədə yıxılan bomju gətirib bir iynə vururlar, qurama diaqnoz qoyub sənədləşmə aparırlar, sonra da aparıb şəhər kənarında bir sığınacaq var, atırlar ora. Ora da nə gündə, iydən, natəmizlikdən yaxına getmək mümkün deyil.” Təcili tibbi yardım xidməti ilə bağlı FB-də apardığım sorğuda da kimsəsiz adamlarla bağlı edilən müraciətlərin cavabsız qaldığı qeyd olunur.
İndi danılacaq fakt deyil ki, reallıqda “daimi yaşayış yeri məlum olmayan şəxslər”ə təcili tibbi xidmət səviyyəsi bu şəkildədir. Nazirliyin məsələyə yenidən qayıtması, şəkil dəyişdirməyəmi hesablanıb, gözdən pərdə asmağamı, bilmirik. Amma iş orasındadır ki, ölkədə təcili tibbi xidmətin səviyyəsi heç də Nağıyevin dediyi kimi deyil. Onu nəinki Almaniya ilə, keçmiş sovet respublikaları ilə də müqayisə etmək uğursuzdur. Baş həkim nə qədər “”mənim övladım Almaniyada həkim işləyir, onunla hər gün skypla danışıram, alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib” desə də, gerçək dəyişmir. Gerçək odur ki, hələ də həmin həkimlərin övladları işləmək üçün, özləri isə mülaicə üçün bəyənmədikləri Almaniyanı seçirlər…
Səadət