Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu AKP Amerika Seçim Koordinasiya Mərkəzi tərəfindən Nyu Cersidə təşkil edilən referendum yığıncağına qatılıb. Vaşinqtondakı görüşləri və ABŞ rəhbərliyi ilə danışıqları ilə bağlı açıqlama verən Çavuşoğlu: “Həm Ədliyyə nazirinin, həm də digər səlahiyyətlilərin gözləntilərini gündəmə gətirdik. Bunlardan biri də burada Pensilvaniyada yaşayan FETO xaininin Türkiyəyə qaytarılmasıdır. Eyni şəkildə tezliklə burada həbs olunması tələbimizi yeni dəlillərlə birlikdə bir daha çatdırdıq. Yeni rəhbərlikdən də gözləntimiz budur” deyib.
Türkiyə ilə ABŞ arasındakı əlaqələrə toxunan Çavuşoğlu bunları söyləyib: “Üz-üzə qaldığımız çətinliklərə baxdığımızda görürük ki, həm dünyada, həm bizim bölgəmizdə bu gün Türkiyə-ABŞ arasındakı güclü bağlara daha çox ehtiyacımız var. Biz ABŞ-ı müttəfiq olaraq görürük, dost olaraq görürük. Yeni rəhbərliyin də əvvəlki rəhbərliyə görə Türkiyənin əhəmiyyətini çox daha yaxşı anladığını şəxsən görürük.”
Konstitusiya dəyişikliyi ilə bağlı məsələlərə toxunan Çavuşoğlu Avropada bəzi dairələrin və mətbuatın bunları təhrif edilmiş şəkildə verdiyini bildirərək deyib: “Yalan söyləyir Avropa mediası. Təəssüf ki, elədir. Hər mövzuda yalan söyləyir. Amerikadakıları bilmirəm, onları Trampdan soruşmaq lazımdır.”
azadliq.info