Fransada ifrat sağcı Milli Cəbhə Partiyasının lideri Marine Le Pen Avropa Birliyinin Avropadakı xalqları parçaladığını iddia edib. O, “AB mövzusunu artıq bitirmənin zamanı gəldiyini” deyib.
Prezident seçkisinin ilk turunda ən çox səs alması gözlənilən Marine Le Pen Parisdə təşkil etdiyi mətbuat konfransında xarici siyasət strategiyaları mövzusundakı prioritetlərini açıqlayıb. Avropa Birliyi əleyhdarlarının fikirlərini təkrarlayan Le Pen deyib: “AB mövzusunu bitirmənin artıq zamanı gəldi.
AB Avropadakı xalqları parçalayır. Artıq bu bürokratiya canavarına son vermək lazımdır. AB Fransanı kiçiltdi, dünyadan ayırdı. Fransanın kiçilmiş, asılı və dünyadan qopmuş halını qəbul edə bilmirəm .” O, seçilməsi halında AB müqavilələrini müzakirəyə çıxarmaq sözü verib.
Çox sayda mətbuat təmsilçisinin və 42-yə yaxın diplomatik nümayəndənin qatıldığı yığıncaqda danışan Le Pen yenə Türkiyə ilə AB-nin tam üzvlük müzakirələrinin başlanmasının səhv olduğunu bildirib. O, bu müzakirələrin AB xalqlarının iradəsi xaricində başladıldığını iddia edib. Le Pen AB və Kanada arasında imzalanan Hərtərəfli İqtisadi və Ticarət müqaviləsinin (CETA) da səhv olduğunu söyləyib. Yaxın Şərqdəki hadisələrlə əlaqədar fikirlərini də açıqlayan Le Pen, ABŞ-ın İraqı işğalını və Suriyadakı müxalifləri dəstəkləməsini tənqid edib. Mətbuat konfransının başında Le Penin əleyhinə şüar qaldıran feminist qrup üzvü bir qadın mühafizəçilər tərəfindən çölə çıxarılıb.
azadliq.info