Sülhəddin Əkbərlə Pənah Hüseyn keçmiş nazirin ittihamlarına cavab vermədi
Sabiq müdafiə naziri Rəhim Qazıyev qəzetimizə son açıqlamasında neçə illərdir ona qarşı kampaniya aparıldığını bildirib. O vurğulayıb ki, əgər keçmiş baş nazir Pənah Hüseyn və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərdə onun dövlətə, millətə xəyanət etməsi barədə faktlar varsa, açıqlasınlar:
“Axı necə ola bilər dövlət səlahiyyətli şəxsləri xəyanətdən xəbərdar olublar, amma heç bir tədbir görməyiblər. Axı niyə Sülhəddin Əkbər və Pənah Hüseyn bu barədə danışmaq istəmir? Xəyanət etmək rəzil hərəkətdir, amma xəyanəti bilib xalqdan gizləmək daha rəzil hərəkətdir. Nə bilirlər danışsınlar. Danışmırlar, çünki belə bir şey yoxdur. Sadəcə mənə qarşı kampaniya aparıb gündəmdə qalmaq istəyirlər”.
Onu da xatırladaq ki, R.Qazıyev bir müddət əvvəl sabiq baş prokuror Ixtiyar Şirinovun Gəncə hadisələri ilə bağlı ittihamlarına cavab verərkən söyləmişdi ki, onun rusiyalı generar Şerbakla telefon danışığı olsa da bu təması dövlətə xəyanət kimi qiymətləndirmək olmaz: “Şerbakla fevralın 9-da 93-cü ildə Ağdarədə vəziyyət ağırlaşan zaman danışmışam. Mən ona zəng edərək dedim ki, Şerbak, mənə silah-sursat cəhətdən kömək elə, vəziyyəti düzəldək. Şerbak isə mənə dedi ki, cənab nazir, sən burda torpağın üçün vuruşursan, amma sizinkilər səni məhv eləmək istəyir. Mən isə dedim ki, Şerbak, sən vəziyyəti düzəltmək üçün kömək elə, özümüzkülərlə mən özüm məşğul olaram”.
P.Hüseyn və S.Əkbərdən R.Qazıyevin söylədiklərinə münasibət öyrənməyə çalışdıq.
S.Əkbər yenidən R.Qazıyevin nə söyləməsindən asılı olmayaraq bu mövzuda danışmaq istəmədiyini dedi. P.Hüseynin də mövqeyi oxşar oldu. “Bu mövzunu mən çoxdan özüm üçün qapatmışam. Ona görə heç bir şərh verməyəcəm”,- deyə P.Hüseyn vurğuladı.
Hikmət