Müzəffər Baxışov: «Keçmiş deputat Bakıya gələcəyi təqdirdə öncə 2 aylıq, məhkəmə qərar çıxararsa, üç illik həbs oluna bilər»
Mahal İsmayıloğlu: «Hazırda hakim ailə barəsində yayılan son şokedici korrupsiya layihələri hər şeydən üstündür»
Adının Bakı şəhər Baş Polis Idarəsinin axtarış siyahısında olması hazırda Londonda yaşayan eks-deputat Rza Ibadovun sərt reaksiyasına səbəb olmuşdu. R.Ibadov mətbuata açıqlamasında hakimiyyətlə bağlı şokedici məlumatlara sahib olduğunu söyləmişdi. R.Ibadov onu da əlavə etmişdi ki, ondan bildiklərini açıqlaması üçün xarici mediadan dəfələrlə təşəbbüslər göstərilib. Amma eks-deputat bildiklərini söyləməyib. R.Ibadov onu da bildirib ki, bir müddət sonra Britaniyanın vətəndaşlığını alacaq. Ondan sonra R.Ibadov Azərbaycana qayıtmağı düşünür. Bəs R.Ibadov vətənə dönərsə, onu Azərbaycanda nə gözləyir. R.Ibadov Azərbaycanda həbs oluna bilərmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, R.Ibadov barəsində hazırda 147.2 və 148-ci maddələrlə axtarış elan olunub. Hazırda axtarışa xitam verilmədiyini deyən M.Baxışov vurğuladı ki, R.Ibadovun barəsində verilən axtarış xüsusi ittihamlı işdir və o, vətənə dönərsə, həbs olunacaq: “Başqa ölkənin vətəndaşı olmaq Rza Ibadovu onun barəsində verilən axtarışdan azad etmir. Rza Ibadov ilkin olaraq 2 ay müddətinə həbs oluna bilər. Məhkəmə araşdırmasından sonra həbs qərarı seçilərsə, Rza Ibadov 3 ilə qədər həbs oluna bilər”.
Bəs R.Ibadov hakim ailəyə nə dərəcədə yaxın olub və o, hansı tip informasiyalara sahib ola bilər?
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun sözlərinə görə, bu hakimiyyət üçün yaxınlıq dərəcəsi yoxdur. Hətta bir zamanlar bu ailənin sirrlərini bilən şəxslər hazırda iqtidar üçün yad adamlara çevriliblər: “Diqqət yetirin: Heydər Əliyevə 20 ildə sədaqəti ilə seçilən şəxslərin, demək olar, hamısı hakimiyyətdən uzaqlaşıb və yadlara çevrilib. Hazırda hakimiyyət üçün yeni adamlar var. Amma bir müddət sonra onlar da yada çevriləcəklər. Azərbaycan tipli rejimlərdə yalnız korrupsiya maraqları olur. Bu maraq isə hər şeyin üstündən xətt çəkir. Mən bilmirəm Rza Ibadov hansı məlumatlara sahibdir. Amma hazırda hakim ailə barəsində yayılan son şokedici korrupsiya layihələri hər şeyin üstündədir. Bütün bu məlumatlar hazırkı iqtidarın mahiyyətini göstərir”.
Hikmət