«Hakimiyyət qərara alıb ki, Iranla onun başa düşdüyü dildə danışmaq lazımdır»
Azərbaycanla Iran arasında gərginlik hər gün bir az daha artır. Hər iki ölkədə təşkil edilən məlum etiraz aksiyaları kampaniyanın hökumətlərin razılığı ilə aparıldığını təsdiq etsə də, Azərbaycan tərəfi izi yenə azdırmağa çalışır. Məsələn, YAP-ın icra katibi Əli Əhmədov “Yeni Azərbaycan” qəzetinə verdiyi son müsahibədə Azərbaycanın Irana dost kimi baxdığını, gərginliyi isə üçüncü qüvvənin yaratdığını iddia edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, real vəziyyət Əli Əhmədovun təsvir etdiyi kimi deyil. Sadəcə olaraq YAP rəsmisi bu açıqlama ilə vəziyyəti yumşaq göstərməyə çalışır: “Görünür, hələ də Irandan çəkinirlər. Amma mən düşünürəm ki, Azərbaycan hakimiyyəti Iranla bağlı siyasətində dəyişiklik edib. Və münasibətləri sərtləşdirməyə qərar verib. Irandan Azərbaycana qarşı sistemli antiAzərbaycan siyasəti yürüdülür. Iki ölkə arasında gərginlik, sərt açıqlamalar əvvəllər də olub. Amma bu, sistemli xarakter daşımayıb. Son vaxtlar isə sistemli olmağa başlayıb. Bir ara Azərbaycan hökuməti çalışdı ki, yumşaq siyasət yürüdüb bu gərginliyi aradan qaldırsın. Əli Həsənov, Səfər Əbiyev Irana səfər edib Tehranı inandırmağa çalışdı ki, Azərbaycan Qərbin planlarında yer almayacaq. Ilham Əliyevin özünün açıqlaması oldu ki, Azərbaycan torpaqlarından Iranın əleyhinə istifadə olunmasına imkan verməyəcəklər. Amma görünür, bütün bunlar işə yaramadı. Sonda Azərbaycan hakimiyyəti də qərar verdi ki, Iranla onun başa düşdüyü dildə danışmaq lazımdır. Təbrizdə ”Eurovision”un əleyhinə məlum mitinq oldu, Bakıda Iran səfirliyinin qarşısında ilk dəfə icazəsiz aksiyaya imkan verildi. Həmişə polis Iran səfirliyi qarşısında aksiyanı əngəlləməyə çalışırdı. Bu dəfə isə fərqli oldu. Bakı Dövlət Universitetinin tələbələri çox geniş şəkildə aksiyada iştirak etdilər və Iran əleyhinə şüarlar səsləndirdilər. Bu da ondan xəbər verir ki, Azərbaycan hakimiyyətinin Iran səfirliyi qarşısında təşkil etdiyi aksiyada əli olub. Bunu əslində Tehran da anladı”.
E.Şahinoğlu Iranla münasibətləri sərtləşdirməyin riskli siyasət olduğunu deyir: “Azərbaycan hakimiyyəti Iranla kəllə-kəlləyə gələndə yanında müttəfiqlərin dəstəyini görməlidir. Müttəfiq də Qərb, Avropa Birliyi, ABŞ və Türkiyədir. Çox təəssüf ki, bu istiqamətdə də Azərbaycan hakimiyyətinin problemləri var. Novruz Məmmədov son açıqlamasında deyib ki, Azərbaycan qərbpərəst siyasətindən bir az geri çəkilə bilər. Halbuki Irandan təhdidlərin artdığı bir vaxtda Qərblə münasibətlər daha da sıxlaşmalı, təhlükəsizlik sahəsində əməkdaşlıq güclənməlidir. Amma Azərbaycan rəsmiləri əks fikirlər söyləyirlər”.
Gültəkin