Mən həmişə fəxr etmişəm ki… Yox e, çaşdım, mən həmişə demişəm ki, Azərbaycan çox güclü dövlətdir. Şükür, Ilham Əliyev də eyni fikri dilə gətirib: “Azərbaycan dövləti güclü dövlətdir, biz çalışacağıq onu daha da güclü eləyək”.
Qənaətlərimizin barı bircə dəfə olsa da, dövlət başçısı ilə üst-üstə düşməyi məni çox sevindirdi. Yoxsa nə boyda ədalətsizlik olardı – vətəndaşın fikri heç olmasa, birinci və sonuncu dəfə dövlətin başında oturan şəxslə ən azı, dövlət kimi ümumi məsələdə üst-üstə düşməsin. Min şükür, taleyin bu ədalətsizliyindən canım qurtuldu.
Bəli, mən həmişə demişəm, indi dahavb fəxrlə deyirəm ki, mənim dövlətim güclüdü!
Çağa olduğum vaxt bütün zəhlətökən körpələr kimi mən də sarsaq qışqırıqlarımla canını boğazına yığdığıma görə anamın əsəbləri dözməz və bir əlcə uşağına bir balaca qulaqburması verməyə məcbur olarmış. Yəni, yüngülvarı çimdikdən-zaddan. Qışqırığım lap da artıb göy üzünə bülənd olarmış. (Nə qədər suyu acı olduğumu təsəvvürümə gətirirəm…) Axşam atam işdən qayıdanda dədəm özünə xas məxməri gülüşüylə deyərmiş ki, oğul, xəbərin var da, bu gün gəlinimlə nəvəm güləşdilər-güləşdilər, maşallah gəlinimə, axır oğlunun kürəyini yerə vurdu!
Bəli, öz vətəndaşı üçün bir ana qədər doğma olası bu dövlətimiz də, güclüymüş. Nə qədər övladının kürəyini yerə vurub, dizini onun sısqa sinəsinə basıb!
Elmar Hüseynov hanı? “Dövlətin, dövlətçiliyin” əleyhinə gedəndə, düşmənlərimizin dəyirmanına su tökəndə bilmirdimi çox qışqır-bağır salanda adamı qurşunlarla çimdikləyirlər?
Ya Bahəddin Həziyev? Indi bir sısqa oğlan durub dövlətə ağılmı öyrədəcəkdi? Bilmirdimi dövlətin Rusiyadan idxal elədiyi ağırtonnajlı maşınları var? O maşınlar adamın üstündən keçə bilər?
Bəs Aqil Xəlil? A bala, körpə uşaqsan, otur oturduğun yerdə. Indi redaktor deyib, deyib də: get kəsilib doğranan, torpağı ev yeri kimi hərraca qoyulan Zeytun bağından reportaj yaz. Bəs sən bilmirsən ki, bu ölkədə bir qarışqanı belə dövlətin izni olmadan əzmək olmaz? Gedir, dövlətin işinə əl uzadır. Dövlətimizin, dövlətçiliyimizin keşiyində duran o boyda MTN zabitlərinin üzünə ağ olmaq nə deməkdi? Onlar gecə-gündüz dövləti qoruyur, onu sevməyənləri izləyir, əziyyət çəkir, yuxusuz, ac-susuz qalır. Sənin nə vecinə, onlar ac-susuz, gözləri bir çimir yuxu almadan təhlükəsizliyimizin keşiyində duranda sən Ali Məhkəmənin böyründə 20 qəpiklik buterbrodu ayranla döşünə vurub toxluğundan bilmirsən kimə ilişəsən. Ancaq maşallah, yaxşı ki, dövlətimiz yenə güclü çıxdı, Aqilin sinəsindən bir balaca deşik açıb havasını çıxardı.
Ya Seymur Həzi? Ya Ramin Deko? Ya Rafiq Tağı? Ya Qan Turalı, Natiq, ya Xədicə Ismayıl? Cabbar Savalan. Hələ Idrak Abbasov…
Vidadi Isgəndərli… Oqtay Gülalıyev… Hələ Əli Kərimli – qoçu deyərəm ona xarici pasport alsın, görüm necə alır. Qardaş, sən bu dövləti nə zənn edirsən?
Ya evindən çıxmaq istəməyən vətəndaşlar… Qeyrətinə, qüdrətinə qurban olum, ay dövlətim! Sən nə qədər güclüsən! Hər dəfə, qol-qıç edilib evindən bayıra atılan mülk sahiblərini, qoca, ahıl qadınları, küçələrə tökülən körpələri görəndə, onların ah-naləsini, şivənini eşidəndə ürəyim dağa dönür, gözlərim yaşda boğulur! Bəli, mənim bu qədər güclü dövlətim var! Heç bir uşaq, heç bir qoca, heç bir qadın ondan güclü ola bilməz. Dövlətimizin qələbələrini, onun Ilham Əliyev başda olmaqla göstərdiyi şücaətləri sadalamağa cildlər, ton-ton kağız gərəkdi. Hamısını yazmaqla israfçılıq eləyib dövlətimizin qüdrətini zəiflətməyə nə gərək? Əsas budur ki, biz onun ümumi konturlarını cızaq, göstərək ki, dövlətimiz güclüdür və dövlət başçımız vəd edir ki, hələ bundan sonra “biz çalışacağıq onu daha da güclü eləyək!”
Vətənini sevən adama bundan artıq nə lazımdı ki? Qaldı Qarabağ məsələsi, məncə, biz Qarabağsız da elə güclü dövlətik. Əsas olan budur ki, dövlət başçısı daha ürəklə “güclü dövlətik” deyə bilsin…