Bu da bir alın yazısıdır – “istirahət” anlayışı yoxdur bizim üçün. Hər yerdə gözlərindən narahatlıq yağan, sifətlərində rejimin ağırlığının şırımlar açdığı, cavankən qocalmış ətrafdan bu sualları eşidirəm: “Səncə, ”filankəs” hakimiyyətə gəlsə, hər şey düzələcək? Bəlkə, “bəsmənkəs” gəlsə yaxşıdır? Sən nə düşünürsən?”.
Bezmişəm artıq belə suallardan, usanmışam. Avropanın Azərbaycandan demokratiya tələblərinin artması və ölkə hakimiyyətinə tənqidlərin çoxalması ilə başlayan “ruh yüksəkliyi” artıq seçim tərəddüdlərinin üstünə köklənib və hamını ağuşuna alıb.
Əzizlərim, mən heç nə düşünmürəm, seçki vaxtı nə olacaq, nə olmayacaq, bilmirəm. Bu gün mənim istəyim Azərbaycanda demokratiyanın, söz azadlığının tanınmasıdır; bu ölkənin korrupsyadan, rüşvətdən, talandan azad olmasını, mülkiyyət hüquqlarının qorunmasını, orta sahibkarlığın yaranmasını, fərqli fikirlərə görə insanlara qarşı aparılan siyasi repressiyaların durdurulmasını, hakimiyyətin vətəndaşlarının cibinə narkotik atıb, üzünə adam durğuzmaqla həbsə yollamamasını istəyirəm;
Mən büdcədən pul silmək üçün milyardlıq layihələrin, təmir adıyla eyni küçənin ildə 6 dəfə dağıdılmasının, hətta “taksi biznesinə” qədər bütün sahələrin bir ailənin əlində cəmləşməsinin əleyhinəyəm;
Mən sərvəti milyardlarla ölçülən vəzifə sahiblərinin hansısa rayonun “sosial-iqtisadi inkişafına”, bina tikintisinə, kanalizasiya çəkilişinə, yol ötürücüsünə ayrılan bir neçə milyona göz dikməsindən, gözünün doymamasından dəhşətə gəlirəm;
Mən öz vətəndaşlarını yağı qismində görən, cinayətkar sistem qurmuş, bütün işçilərini suç ortağı etmiş və dillərini kəsmiş, hər kəsi cinayətə sürükləmiş və buna görə də istənilən “dövlət qulluqçusunu” həbs etmək fürsəti qazanmış rejimə qarşıyam;
Mən qocalmış, qartımış, kin və nifrətlə yoğrulmuş, sovetlərdən üzü bəri bu xalqın maraqlarını satan, ayrı-ayrı istedadların başını kəsən və bu millətin boy artımına imkan verməyən xəbis təfəkkürdən boğaza yığılmışam;
Mən qabiliyyətinə görə yox, yaltaqlığına, riyakarlığına, fırıldaqlığına, minsifətliliyinə görə “kadrların” seçilməsindən və onların əhalinin qəniminə çevrilməsindən bezmişəm…
Mən özüm, axirətim, balalarım, doğmalarım, ətrafım və ən sonda, hamı üçün Halal yaşamağa fürsət istəyirəm;
Mən allahlı, imanlı, ləyaqətli cəmiyyətdə, Murad Köhnəqalanın sözü olmasın, küçə süpürməyə də hazıram;
Mən seçki saxtakarlığının minbir formasından artıq iyrənirəm, azad, şəffaf, demokratik seçki istəyirəm. Qoy, namizədlərə bərabər şanslar yaradılsın, xalqın səsi saxtalaşdırılmasın – kim bacarıqlıdırsa, kim yaxşı kampaniya aparırsa, seçici kimi dəstəkləyirsə, o da seçilsin…
Halal cəmiyyətdə, demokratik mühitdə seçdiyin adam sənin qulun, kölən olur. Olmursa, heç 5 ilini də tamamlamağa qoymursan – geri çağırmaq var, impiçmentlik var… Sən onu tarixin arxivinə gömürsən…
Anlaşıldımı?
Xahiş edirəm, daha belə suallar verməyin. Gəlin, sivil cəmiyyət quraq, vəssalam!
YAP-a girməklə cinayətdən sığortalanırsınız?
AXCP-dən uzaqlaşan dostumuz Fəxrəddin Orxanın atasının yasında Qənimət Zahid dillərə düşən məşhur söz demişdi: “Fəxrəddin, elə bilirdin Əli Kərimlinin yanından gedəndə adamın atası ölmür? Bax, mənim də atam öldü, sənin də…”.
Məhəmməd Imanlının həbs xəbəri yayılanda ilk yadıma düşən bu oldu: adam, elə bilirdin ki, müxalifliyi buraxıb, YAP-a keçəndə həbsdən sığortalanacaqsan? Dələduzluğuna geniş imkanlar yaranması üçünmü YAP-a üzv olmuşdun?
Baxın, dəhşət budur: məhəmmədlər YAP-a hakimiyyətin siyasətini dəstəklədiklərinə görə girmirlər; ona görə girirlər ki, haram, imansız və allahsızlıq üçün çətir qazansınlar. Təfəkkür, düşüncə, dünyagörüş hansı səviyyədədir, fərqindəsinizmi?..