Neftçalada avtomobil zavoduna ehtiyac varmı?
Ölkənin maşın bazarına yeni bir ad əlavə edilib. Bu, Neftçala rayonunda bünövrəsi qoyulan avtomobil zavodudur. Azərbaycan və Iranın ortaq müəssisəsi olan bu zavodun təməli avqustun 6-da qoyulub. Həmin zavod Neftçala Sənaye Məhəlləsində tikilir.
Layihəni Azərbaycanın “Azeurocar” şirkəti və Iranın “Iran Khodro” avtomobil istehsalçısı həyata keçirir. Müəssisədə hər il “Dena”, “Rana”, “Soren” və “Samand” markalı 10 min avtomobil istehsalı nəzərdə tutulur. Zavodda 300-ə yaxın insan işləməlidir. Zavodun investisiya həcminin 22.5 milyon manat olacağı qeyd edilir.
Ölkədə bundan öncə də avtomobil zavodları olub. Naxçıvan və Şamaxının avtomobil zavodlarının adı yəqin ki, əksəriyyətə tanışdır. Ölkədəki hazırkı iqtisadi böhran beynəlxalq analitikləri Azərbaycanda avtomobil zavodlarının tikintisinin heç də gəlirli olmayacağını deməyə sövq edir. Onlar belə zavodlardansa, ölkənin kənd təsərrüfatı və turizm sektorunu inkişaf etdirməyi daha vacib hesab edirlər. Hətta dövlət başçısının Naxçıvan avtomobil zavodunun istehsalı olan maşınları almaq barədə nazirliklərə verdiyi tapşırıqlar da bu sahədə dönüş yaratmadı.
Belə olan halda, bazara Neftçala zavodunun istehsalı olan avtomobillərin daxil olması nə qədər iqtisadi səmərə verə bilər? Neftçalada balıqçılıq və ya digər sahələri qoyub maşın istehsalına iri maliyyə vəsaiti buraxmaq nə qədər doğrudur? Bu maşınların alıcısının olacağı da hələ ki sual altındadır.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu qərarın iqtisadi cəhətdən özünü doğrultmayacağını düşünür. Ekspert deyir ki, Qərb dövlətlərində bu sahə illərlə inkişaf edib və dünya bazarında maşın sahəsində ixtisaslaşıb. O, Naxçıvan avtomobil zavodunun öz məhsulunu dünya bazarına çıxara bilmədiyini yada salır: “Bu zavodun tikintisi bircə məqsədlə, yeni iş yerlərinin açılmasıyla bağlı ola bilər. Bizdə avtomobil istehsal olunmayacaq. Irandan gətirilən maşınların detallarını burada yığacaqlar. Sosial problemin həlli üçün bu məsələ müsbət qarşılana bilər. Lakin Neftçalada başqa sahələri inkişaf etdirmək daha düzgün olar. Məsələn, orada balıqçılığı, pambıqçılığı və ya üzümçülüyü inkişaf etdirmək daha çox iqtisadi səmərə verə bilər. Çünki sovetlər vaxtında orada balıqçılıq inkişaf etmişdi. Bu sahələr üzrə investisiyalar qoyulmalıdır. Avtomobil zavodunda çox olsa, 60-80 adam işləyəcək. Amma kənd təsərrüfatında minlərlə insan çalışa bilər. SSRI vaxtında əmək qabiliyyətli insanların 29 faizi kənd təsərrüfatı istehsalıyla məşğul idi. Demək istəyirəm ki, avtomobil zavoduyla bağlı məsələdə fikirləşib addım atmaq lazım idi. Həmin maşınların bazarının olacağı da hələlik bəlli deyil. O maşınlar satılacaqmı?! Çünki imkanı olan xaricdən yaxşı maşınlar alır. Bunu da nəzərə almaq vacibdir”.
Nigar