Vahid Məhərrəmov: «Ölkədə həm taxıl idxalı inhisardadır, həm də taxıl istehsalı nəzarət altındadır»
Çörəyin qiymətinin 10 qəpik qaldırılması əhalinin sosial durumuna daha bir zərbə vurdu. Nəticədə xüsusilə az təminatlı ailələrin iqtisadi problemləri bir qədər də artdı. Çünki digər ərzaq məhsullarını ala bilməyən ailələr çox zaman çörəyin sayını artırmaqla yeməyə olan gündəlik tələbatlarını ödəyirdilər.
Baş verənlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyi öncə bəyan etdi ki, bu məsələ araşdırılacaq və özbaşına qiymət artımına icazə verilməyəcək. Amma çörəyin qiymətinin artmasını şərtləndirən səbəblər də o qədər əsaslı deyil. Çünki dünya bazarında taxılın qiyməti son zamanlar aşağı düşüb. Digər tərəfdən Kənd Təsərrüfatı Nazirliyinin yetkililəri dəfələrlə bəyan ediblər ki, onların kifayət qədər taxıl ehtiyatı var.
Amma baş verənlərlə bağlı maraqlı xəbərlər də eşidirik. Belə məlum olur ki, Naxçıvan Muxtar Respublikasında çörəyin qiyməti son bahalaşmadan sonra dəyişməyib. MR-dən verilən məlumatlarda qeyd edilir ki, respublika rəhbərliyi bununla bağlı xüsusi göstəriş verib. Bunun səbəbi nədir? Nəyə görə bütün ölkə ərazisində bahalaşan çörəyin qiyməti niyə MR-dən yan keçib? Xatırladaq ki, bundan əvvəl də MR-də oxşar addım atılmışdı. Bütün ölkə ərazisində problemli kreditlərin artdığı bir dövrdə MR-də yaşayanlar kredit borclarını əvvəlki kursla qaytara bilərdilər.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, nə Kənd Təsərrüfatı, nə də Iqtisadiyyat Nazirliyinin qiymətə müdaxilə etməsi qanunda əksini tapmayıb. Əgər onlar sahibkarın müəyyən etdiyi qiymətə müdaxilə edib, onu aşağı salmağa çalışırlarsa bu qanunsuz yanaşmadır: “Əslində isə belə bir müdaxilə edilir. Yumurta iştirakçılarına cinayət işi açıldı. Bu da ondan xəbər verir ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Ölkədə bu sahəni qanun deyil, müəyyən şəxslərin qəbul etdiyi qərarlar tənzimləyir. Yəni onların göstərişi ilə həm qiymət istədikləri kimi müəyyənləşir, həm də cinayət işi açılır. Bütün bunlar müəyyən adamların, hökumət məmurlarının istəyi ilə baş verir. Xatırlayırsızsa, bir müddət əvvəl iri super marketlərin sahibləri dövlət başçısına müraciət etdilər ki, təzyiq altında qiymətləri əvvəlki səviyyədə saxlaya bilmirlər. Onlar hökumətə təklif etdilər ki, ərzaq və kənd təsərrüfatı mallarından ƏDV götürülüsün. Hökumət nümayəndələri isə onların qərarını qeyri-qanuni hesab etdi. Daha sonra onların iqtisadi inkişaf naziri ilə görüşü oldu. Onlara ictimaiyyətə açıqlamamaq şərti ilə imkan verdilər onlar qiymətləri artırsınlar. Nəticədə ərzaq məhsullarının qiyməti 50-100 faiz qalxdı. Daha sonra isə elektrik enerjisinin qiymətinin qalxması baş verdi”.
V.Məhərrəmovun sözlərinə görə, çörəyin qiyməti bahalaşmasından bir gün öncə elan edilmişdi ki, Azərbaycanın kifayət qədər taxıl resursu var. Amma çörəyin qiyməti bahalaşdı: “Ölkədə həm taxıl idxalı inhisardadır, həm də un istehsalı nəzarət altındadır. Taxıl istehsalının çox hissəsini də artıq oliqarxlar ələ keçirib. Çörəyin qiyməti devalvasiya zamanı bilərəkdən artırılmadı. Çünki həmin dönəmdə manat dəyərdən düşmüşdü və çörəyin bahalaşması cəmiyyətdəki narazalığı daha da artıra bilərdi. Hökumət sosial partlayışın qarşısını almaq üçün belə bir addım atdı. Amma indiki mərhələdə özü qiymət artımına gedir. Hazırkı dönəmdə qiymət artımı ilk növbədə hökumətə xeyir edir. Çünki vergi ödənişləri artacaq və hökumətin yükü nisbətən azalacaq. Çörəyin qiymətinin artımı yuxarılarla razılaşdırılmışdı. Ona görə də əvvəlcədən elan edildi”.
V.Məhərrəmov Naxçıvanda çörəyin qiymətinin dəyişməməsinin səbəblərinə də toxundu. Ekspert bildirdi ki, sanki Naxçıvana xüsusi status verilib. Eyni zamanda dövlət tərəfindən Naxçıvana külli miqdarda subsidiya verilib. Naxçıvan digər regionlarla müqayisə olunmaz dərəcədə çox subsidiya alırlar. Bu da onlara imkan verir ki, manatın dəyərdən düşməsi ərəfəsində kredit götürənlər əvvəlki kursla borclarını qaytarsınlar. Həmçinin bu subsidiya çörəyin qiymətini əvvəlki səviyyədə saxlamağa imkan verir”.
Xəyal