Azərbaycanın hər yerindən iğtişaş xəbərləri gəlir. Buna xalqın ayılması deyilir. Xalq əvvəlcə öz ürəyində, sonra gecə yatanda, sonra ailə içində, sonra qohum-əqrəba, sonra öz məhəlləsində, iş yerində… və nəhayət, hər yerdə danışmağa, tənqid etməyə, şikayətlənməyə başlayır. Bu prosesi addımbaaddım görmüş, izləmişik. Hətta gileylənmişik də ki, niyə ancaq donquldanırıq, ama üç adam bir araya gəlib şikayətlərini uca səslə hakimiyyətə çatdırmır. Bəlkə bizim gileylənməyimiz də haqlı olub, dərdli deyingən olur, deyirlər. Ancaq əslində, elə belə olur: xəstə nə qədər tələssə də, meyvə öz vaxtında yetişir. Buna qədərsə uzun təbii proses getməlidi.
Bizdə də eyni proses getdi. Şikayətin tumurcuqlama, çiçəkləmə, meyvə asma dövrləri oldu və ən nəhayət, meyvə yetişmək üzrədi. Meyvəni ağacdan dərib hələ kal ikən atmaq olar. Ancaq bütün ölkə meyvə halına gələndə dünyanın heç bir tiranının belə, imkanında deyil ki, bütün meyvələri yoldurub tapdalaya.
Bəli, ölkəmizin hər yerindən iğtişaş xəbərləri gəlir. Indi dövlət idarələrinin özündə belə məmurlar azca simsar bildiyi adama ürəyini açır, hakimiyyət başındakıların ölkəni necə talamasından, xalqın gün-güzəranını düşünməməsindən danışır. Artıq bütün varlığıyla rüşvətə bulaşdırılmış dövlət məmurlarının özü bu rüşvət adlı əxlaqsızlıqdan beziblər; onlar artıq bu cür dolanmağa normal baxa bilmirlər, bunun nə qədər iyrənc olduğunu, dövləti məhvə sürüklədiyini bilirlər və daha adamın dilini qısa eləyən bu qaydayla yaşamaq istəmirlər. Korrupsiyaya qarşı mübarizənin “şiddətlənməsi” dövlət məmurlarını daha da çətin vəziyyətə salıb. Axı onlara “rüşvət almaq olmaz” deyirlər, bir yandan isə mübarizənin başında duranlar özləri gün-gündən varlanır, üstəgəl məmur maaşlarını normal həddəcən qaldırmırlar da ki, ailə-uşaqlarını saxlaya bilsinlər. Ona görə də artıq məmur da öz hakimiyyətindən narazıdır. Həm də məsələ təkcə onların maaşının azlığında, tutulmaq xofunda deyil, artıq hər kəs dərk eləyir ki, rüşvət fahişəlikdən daha pis fahişəlikdi, bu yolla ailə saxlamaqla sutenyorluq arasında elə ciddi bir fərq yoxdu.
Bu yaxınlarda dövlət işində yaxşı vəzifə tutan bir məmur mənə bu əxlaqsızlıq haqda danışırdı. O anda ürəyimdən “axı sən də onlardan birisən” demək keçirdi, o isə özü məni qabaqladı və cümləsi təxminən bu cür səsləndi: “Mənim də çirkabına bulaşdığım bu əxlaqsızlıq… heç cür bu qaydayla davam eləyə bilməz…” Baxın, inqilab, üsyan dediyimiz elə budu. Fikirdə, zehində inqilab deyirlər, ayrı şey deyil ki, inqilab. Hər kəsdən qabaq özü-özünə qarşı üsyana qalxmaq, öz həyat tərzinə inqilabi nəzərlərlə baxmağa başlayan insanı artıq hakimiyyətin köləsi, əsiri, girovu deyil, inqilabın yanlısı saya bilərsiniz. Sabah inqilabi prosesin aktiv fazası başlayanda bu inqilabçılar artıq sizin tərəfinizdə olacaq. Sona qədər dirənən cahil və nəyəsə hələ də ümid eləyən sarsaqlar isə hər zaman və hər yerdə olub, bizdə də olacaq. Onlar isə, həmişə barmaq sanı olurlar.
Haqqında danışdığım məmur tipləri yeni hakimiyyətdən yeni də idarəçilik umacaq. Maaşının artmasını, prezidentdən tutmuş lap aşağı instansiya rəhbər məmurlara kimi hər kəsin rüşvət almamasını gözləyəcək. Yeni hakimiyyət bu sadə tələblərə cavab verərsə, onda Azərbaycan da Gürcüstan kimi bu murdar bataqlıqdan çıxacaq – çünki hər kəsə nümunə göstərilə biləcək bir prezident olanda əxlaqsızlıqla yaşamaq çox çətin olur.
Bəli, Quba xalqın oyanışı üçün bir işarə oldu. Və hamı gördü ki, bu hakimiyyətin hansısa islahatlara getmək kimi bir fikri yoxdu, hər bir avtoritar ölkədə olduğu kimi burda da yenə hansısa “qaragüruhu” suçlayır, uzaqbaşı bir məmuru o birisilə əvəz eləyir. Dəyirman isə öz işindədi. Azərbaycanın hər yerindən isə iğtişaş xəbərləri gəlir. Üstəlik yaz da gəlib, məhsul yığımına az qalır!