Son illər əliyevçi rejimə qarşı kəskin yazıları ilə tanınan yazarlardan biri də Anar Mahmudoğludur. Anar bu yazıları ilə ayrıca sayğı qazanmışdı. Dı! Deyəsən, Anarda əliyevçi dönəmin bir çox tanınmışları sayaq “müdrik”, “ədalətli” görünmək istəyi yaranıb. Bunu onun qabaqca “xalq yazıçısı” Anarla, indi isə Isa Sadıqovla bağlı yazısından görmək olar. Tezdi, Anar, çox tezdi!
“Azadlıq”da Anarın “xalq yazıçısı”, Yazıçılar Birliyinin sədri Anarla bağlı öygü yazısı çıxmışdı. Anar adaşını nəyə görəsə öyüb göylərə qaldırmışdı. Bu Anarın yazdığına görə o Anar ötən yüzilin 60-cı illərində Sovet dövlətində demokratik dirçəliş-yüksəliş flaqmanlarından olub. (Bunu o Anar özü dönə-dönə televiziya ekranlarından kosmosadək car çəkib). Olsun, sözümüz yox, ancaq… Birisi deyir: Mazandaranda bir belə tullanmışam. Ona deyirlər: bu yer, bu ölçü, tullan görək, necə tullanırsan. Azman, yarımdünya Sovet dövləti ilə “vuruşanın” əliyevçi diktatura qarşısında əyilməsinə nə ad verək?! Mən bilərəkdən Anarla bağlı “xalq yazıçısı” söz birləşməsini dırnaqda yazıram. ANTIMILLI, ANTIDEMOKRATIK rejimə qulluq yolu tutan birisini (kimliyindən asılı olmayaraq) dırnaqdan qıraqda xalq yazıçısı saymaq xalqa sayğısızlıq olardı.
Göyçaya Vidadi Isgəndərlinin məhkəməsinə getmişdim. Məhkəmə binasının qarşısında adamlar məni dövrəyə aldılar. “Gedin qəzetinizdə yazın, hamı bilsin: bu rayondan olan Anar kimi yalançı ”xalq yazıçıları” bizim yazıçımız deyil, bizim yazıçılarımız sizsiz, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Pərviz kimi doğrunu yazanlardı”. Bu Anar o Anarın 60-cı illər yaradıcılığından aşırı pafosla danışır, indiki “Qalib gəldi, qalib getdi” kimi parlaq yaradıcılığının üstündən susaraq keçir.
“Xalq yazıçısının” indiki yaradıcılığından bir örnək gətirirəm. 2003-ün prezident seçkisi qabağı Anar oğlu Tural Rzayevlə birgə ayrıca aktivlik sərgiləyirdi. Onlar var güclərilə qələmə sarılıban hakimiyyətə bağlı qəzetlərdə bir illik AXC hakimiyyətini yıxıb sürüyür, əliyevçi hakimiyyəti öyüb göyə qaldırırdılar. AXC hakimiyyətini “korrupsioner hakimiyyət” olaraq suçlayan “xalq yazıçısı” Anar buna görə antixalq hakimiyyətinə – Əliyevlər hakimiyyətinə səs verəcəyini qorxub-çəkinmədən bütün dünyaya bildirirdi. Biz onda bilmirdik, indi bilirik: sən demə, böyük (velikiy!) konformist seçki qabağı önə çıxıb AXC hakimiyyətini söyüb, Əliyev hakimiyyətini öyməklə sevimli oğlunu – Tural balanı Küveytə baş diplomat postuna yerləşdirmək istəyirmiş. Hə, sevgili oxucular, indi Əliyevlərin Küveytdəki baş diplomatı belə adlanır: Tural Anar oğlu Rzayev.
Isa Sadıqov faktoru
O çağkı bir çox olayların, sosial-siyasi proseslərin içindən keçib gələn birisi olaraq bildirirəm: Isa Sadıqovun bəlli yazıları yalnız tarix baxımından deyil, eləcə də çağdaş-bugünkü rejim görsənişləri baxımından olduqca önəmli, olduqca dəyərli, olduqca gərəkli yazılardır. Bu Anar I.Sadıqovun “H.Əliyevi Şevardnadzedən, Dəmirçiyandan daha aşağı siyasətçi kimi dəyərləndirməsi…” faktına dözmür, üsyan bayrağı qaldıraraq bunu “əsəbi reaksiyadan” doğan “ədalətsizlik” adlandırır. Özünün isterik reaksiyasından göründüyü kimi, bu Anar da o Anar kimi, eləcə də bir çox başqaları kimi H.Əliyevi dahi siyasətçi sayır. Düzünə qalsa, mən də Dağlıq Qarabağı üstündə altı rayonla verməklə, neft-qaz resurslarını böyük güclər arasında pay-püşk etməklə hakimiyyətə gələn, qoyub getdiyi indiki hakimiyyət komandası ilə bu ölkədə rüşvəti, korrupsiyanı, klançılığı DÖVLƏT SIYASƏTINƏ çevirməklə Azərbaycanı amansızcasına IŞĞAL zonasına dönüşdürən Heydər Əliyevi DAHI siyasətçi sayıram! Bir çox dəyərli oğulları ökədən didərgin salan, başqalarını gedər-gəlməzə göndərən, Azərbaycanı Məzarbaycana çevirən DAHI siyasətlərə alqışlar!