Ədaləti ortaya qoymalı olan Yasamal Rayon Məhkəməsinin bu işdə marağı nədir?
Bakı şəhər sakini Ilahə Əzim qızı Quliyeva “Azadlıq” redaksiyasına müraciət edərək başına gələnləri danışıb. Halalca mənzilinin aldadılaraq əlindən alınması, bu məsələdə bəzi hakimlərin onu aldadan qayınına dəstək verməsini qəzetimiz vasitəsilə ölkə ictimaiyyətinə və aidiyyəti qurumlara çatdırılmasını xahiş edir.
Ilhamə Quliyevanın şikayətini qısa ixtisarla təqdim edirik.
“2005-ci ildə həyat yoldaşım Hikmət Quliyev 46 yaşında qəflətən dünyasını dəyişdi. Iki oğlumla tək qaldım. 1989-cu ildən qanuni sənədlərlə mənim adıma olan Xətai rayonu Telnov küçəsi ev 7, mənzil 30 ünvanında yerləşən 4 otaqlı evdə yaşayırdıq. Özüm və uşaqlarımın da qeydiyyatı həmin evə idi. Yoldaşım rəhmətə gedəndən 1 il 4 ay sonra 2007-ci ilin dekabrında qayınım Quluzadə Sadiq məni və oğlanlarımı aldadaraq evə dair çıxarışı banka girov qoymağa məcbur etdi. Bizi əmin etdi ki, əgər hər hansı bir şey olarsa, öz evini bizə verəcək.
2012-ci ildən bəri qayınım Quluzadə Sadiqlə aramızda xeyli məhkəmə çəkişmələri olub. Yasamal Rayon Məhkəməsinin hakimləri Şeyda Məhərrəmova, Sərdar Mehrəliyev, Fuad Babayev, Aqşin Əfəndiyev, Rəfail Əliyev müxtəlif iddialar üzrə qaynımın xeyrinə qanunsuz qərarlar çıxarıblar. Məhkəmənin sədri Ələddin Cəfərov isə bütün bu qərarların qanunsuz olduğunu bilə-bilə onlara göz yumur.
2011-ci ilin dekabrında mənim mənzilim qayınımın bankdan götürdüyü kreditə görə əlimdən alındı. Bundan sonra ev əşyalarımla birlikdə onların yaşadığı Abdulla Şaiq ev 63-ə köçürüldük. Ancaq orada qayınım və onun həyat yoldaşı ilə faktiki birgə yaşaya bilmədik. Bir gün isə qayınım açarları dəyişərək bizi evə buraxmadı.
Çoxsaylı məhkəmə çəkişmələrindən sonra 2015-ci il mayın 29-da Bakı Apelyasiya Məhkəməsi ipotekaya qoyulmuş mənzilin 82450 manat dəyərinin mənə ödənilməsi barədə qərar qəbul etdi. Ali Məhkəmə 2015-ci ilin oktyabrın 22-də həmin qətnaməni qüvvədə saxladı.
Bundan sonra Sadiq Quluzadə 2016-cı ilin aprelin 29-da qüvvəyə minmiş qərarın icrasının dayandırılması barədə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramovun qərar çıxarmasına nail olur.
Mənzilin dəyərinin mənə ödənilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı olsa da, icra məmurları öhdəsinə düşəni yerinə yetirmir. Dəfələrlə Ədliyyə Nazirliyinin Icra Baş Idarəsinin rəisi Nurəddin Mustafayevin, onun müavini Vilayət Zahirovun qəbulunda olsam da, nəticəsi yoxdur.
Ədliyyə Nazirliyinin qəbulunda olanda Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova bu barədə tapşırılsa da hakim Rəfail Əliyev yenə də qayınımın yaşadığı A.Şaiq ev 63 ünvanındakı mülkə həbs qərarı qoymadı. Halbuki, həmin ev Yasamal rayonu “Sovetski” deyilən ərazidə yerləşir. Həmin evin söküntüsünə dövlət komissiyası 283039 manat qiymət qoyub. Bu məbləğ qayınım Quluzadə Sadiqə təklif olunsa da o, bu məbləği almaq istəmir. Çünki, həmin məbləği alsa, mənim 82450 manatımı ödəyə bilər”.
Ilhamə Quliyeva müraciətin sonunda sifarişlə məhkəmə qərarları çıxaran Yasamal Rayon Məhkəməsinin hakimlərinin əməllərindən, məhkəmə qərarını yerinə yetirməkdə acizlik çəkən icra məmurları ilə bağlı yüksək orqanların tədbir görməsini istəyir.
Məktublar şöbəsi