Ali Məhkəmənin plenar iclasında jurnalist Seymur Həzi barəsində çıxarılan 5 il azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb, onun atası, Məşğul Həziyev BBC Azərbaycancaya deyib.
Vəkil Adil İsmayılov jurnalist barəsində çıxarılan məhkəmə hökm və qərarlarının ləğvini, ona qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna kassasiya şikayəti vermişdi.
2014-cü ilin avqustunda saxlanılan Seymur Həziyə qarşı “xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə” maddəsi ilə cinayət işi başlanılıb və o, 2015-ci ilin yanvar ayında 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ümid
Jurnalistin atası, Məşğul Həziyevin sözlərinə görə, məhkəmə Seymur Həzinin iştirakı olmadan keçirilib. Oğluna qarşı irəli sürülən ittihamı qəbul etməyən ata onun bu məhkəmədə “buraxılacağına ümid etdiyini” deyir.
“Onun üstündə yazılıb Ali Məhkəmə. Digər məhkəmələrlə müqayisədə onun aliliyi məni çaşdırdı ki, ola bilsin bu məhkəmədə haqq ədalət olsun. Onu da görmədim”, – ata qərarı təəssüflə qarşılayır.
Jurnalistin vəkili Adil İsmayılov plenar iclasın verdiyi qərardan Avropa Məhkəməsinə müraciət edəcəyini qeyd edir.
“Avropa Məhkəməsinə ilkin şikayət etmişik. İndi bu qərarı da alandan sonra yenidən müraciət edəcəyik”, – o əlavə edir.
Jurnalist Seymur Həzi Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən”Azərbaycan saatı” TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru işləyib.
Jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Beynəlxalq təşkilatlar onun həbsini “siyasi motivli” hesab edir.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.