Telefon zəng çaldı, götürdüm, Alim Qasımov idi…Bu barədə sonra… Alimin zəngi məni düşüncələrə qərq etdi. Günlərlə düşündüm,gözümün önünə gördüyüm insanlar gəldi. O insanlar ki, onları bütün Azərbaycan tanıyır: Tutduğu vəzifəsinə görə,sənətinə görə! Taleyim mənə həmin insanları yaxından görməyi,bəzilərilə təmasda olmağı qismət eləyib. Qısası,böyük insanların böyüklüyünün şahidi olmuşam.
(Əvvəli ötən sayımızda)
Bəs niyə indi,illər keçəndən sonra bu barədə yazmağa, oxucularla fikir paylaşmağa qərar verdim?
Peşəm jurnalistdir. Ona görə də mətbuatımızın bu günkü durumu məni də narahat edir. Azərbaycan telekanalları nəyə xidmət edir, bir onların başqanları bilir, bir də hər şeyə qadir olan Allah! Qəzetlərin 99 faizi məddahlıq yarışmasının güzgüsünə çevrilib. Qaldı o bir faiz, onlar da əsasən problemlərdən, həyatımızın keşməkeşlərindən yazırlar (düz də eləyirlər!)
Amma mənəvi dəyərlərimizin təbliğini gözləyən insanlar da minlərlədir, bəlkə də milyonlarladır. Məncə, böyük insanların böyüklüyü də mənəvi dəyərlərin bir parçasıdır. Odur ki, Alimin telefon zəngi məni bu mövzuda yazmağa həvəsləndirdi. Bəlkə oxuyub razı qalanlar oldu…Bəlkə də!..
Məmməd Araz
Əgər desəm ki, Məmməd Araz həm böyük şair,həm də ideal insan idi, məncə onu tanıyanların ümumi fikirlərini səsləndirmiş olaram. Çünki onun yaradıcılığı ilə xarakteri, insanlara və təbiətə münasibəti bir vəhdət təşkil edirdi. Təsadüfi deyil ki, təbiətin harayını geniş kütləyə çatdırmaq üçün “Təbiət” jurnalını nəşrə hazırlayan akademik Həsən Əliyev məhz baş redaktor kimi onu seçmişdi!
1969-cu ilin qışı. Güclü qar yağmışdı, bəzi yerlərdə qarın qalınlığı yarım metrdən çox idi. Yazıçı Sabir Azəri zəng etdi ki, Şamaxıya qonaq gəlmək istəyirik. Bizim üçün qaban ovu da təşkil etsən əla olar. Razılaşdıq. Səhəri gün o, Məmməd Araz, Əhəd Muxtar (hər üçü “Ulduz” jurnalında işləyirdi), şair Məmməd Aslan Şamaxıya gəldilər. Məmməd Araz və Məmməd Aslan evdə qaldılar. Sabir Azəri, Əhəd Muxtar, Şamaxıdan da 5-6 ovçu Qaladərəsinə (Pirquluya yaxındır) getdik. Şərtləşmişdik ki, ancaq qaban ovlanacaq. Qarşımıza çıxan ilk qabanı vura bilmədilər. Qəflətən iki çüyür qarşımıza çıxdı. Ovçular şərti pozdular (ovçudular da!). Tüfənglər havaya qalxdı. Cüyürün biri balaca təpədən bizə tərəf yuvarlandı, o biri yaralansa da dayanıb yoldaşının dalınca baxdı-baxdı, sonra qaçıb gözdən itdi.
“Yaralıdır, o çox gedə bilməz” – deyib ovçular ləpirin izinə düşdülər. Az keçmişdi, sanki möcüzə baş verdi: yaralı cüyür düz bizim yanımıza gəldi. “Yəqin canavara-zada rast gəlib, ona görə də bizə pənah gətirib” – dedilər ovçular.
Ovdan qayıtdıq, mən bu hadisəni Məmməd Araza və Məmməd Aslana danışdım. Çox pərişan oldular, Sabir Azəri nə qədər təkid etsə də onların heç biri ayrılmış ov payını belə götürmədilər.
Axşam şahmat oynaya-oynaya Məmməd Arazla xeyli dərdləşdik. Atamı görmədiyimi, bir il bundan əvvəl vəfat etmiş nənəmin üç oğul itirdiyini söylədim. Nənəmin adını soruşdu. “Gülarədir” – dedim. Dərin fikrə getdi. Səbəbini sonralar onun “Üç oğul anası” poemasını oxuyanda başa düşdüm. Sanki mənim nənəmin taleyini qələmə almışdı. Poemanın qəhrəmanının adında da bir yaxınlıq vardı: “Gülsabah”!
Aşıq Şakir Hacıyev
Ikinci dünya müharibəsindən sonra, xüsusilə XX əsrin 50-ci illərində musiqimizin başqa sahələrində olduğu kimi aşıq yaradıcılığında da bir oyanış baş verdi. Gərək hansı regionu təmsil etməsindən asılı olmayaraq hamı etiraf etsin ki, bu sahədə aşıq Şakir Hacıyevin müstəsna xidməti olmuşdur. Bu bir həqiqətdir ki, Bakı filarmoniyasında keçirilən aşıq musiqisi gecələrində aşıq Şakirin adı iri hərflərlə, həm də qırmızı rənglə birinci yazılırdı. Bu, səbəbsiz,deyildi. Tamaşaçıların yarıdan çoxu onun adına gəlirdilər. Ona görə də hər aşıq bir mahnı oxuyurdusa, tamaşaçılar aşıq Şakiri 4-5 dəfə səhnəyə çıxıb oxumağa məcbur edirdilər.
Bir dəfə çox yaxın olduğum gözəl sənətkar aşıq Məmmədağadan son vaxtlar nə üçün Bakıda konsert vermədiklərini soruşdum.
O, belə cavab verdi:
– Bu yaxında bir qrup aşıq getdik filarmoniyanın direktoru Niyazinin yanına. Məqsədimizi biləndən sonra dedi ki, gedin aşıq Şakirin razılığını alın, sonra gəlin!
Şakirin isə adətən vaxtı olmurdu. Yaxşı yadımdadır, qardaşım üçün toy etməli idik. Anam təkid edirdi ki, Şakirsiz toy etmərəm. 1957-ci ilin yanvar ayında dayım aşıq Şakirlə görüşüb yalnız may ayının sonuna (beş ay əvvəl!) razılıq ala bildi…
Bu məqamda aşıq Şakirin həm də bir insan kimi böyüklüyünü göstərən iki amildən danışmaq istəyirəm.
…Bizim kənddə toy üç gün olurdu. Birinci iki gün çalıb oynayırdılar, aşıq hər gün – gündüz və gecə iki dastan söyləyirdi, ücüncü gün bəy oxşanırdı. Bütün bu üç gün üçün aşıq haqq tələb etmirdi. Yığılan şabaşla kifayətlənirdi (indikindən iraq!). Kimsə gedib aşıq Şakirdən bu toya getməməyi məsləhət görmüşdü. Səbəb kimi bizim atasız olduğumuzu, toya az adam gələcəyini demişdi. Şakir ona sərt cavab verib xəbər göndərmişdi ki, narahat olmayın, toy axşamı mən Bəklədəyəm.
Şakir gəldi, elə bir toy elədi ki, həqiqətən əfsanəyə oxşayırdı. Iki gün böyük anşlaq oldu. Şakir adını eşidən qonşu kəndlərin adamları da axın-axın gəlirdilər (o vaxt adət belə idi, toya cağırmağa ehtiyac yox idi).
Ikinci gün axşam aşıq Şakir anamı çağırıb dedi ki, eşitmişəm sən çox dadlı xörək bişirirsən. Sabah bəy oxşamasından sonra sənin süfrəndə yemək istəyirəm. Anam hazırlıq gördü. Dediyi kimi, bəy oxşamasından sonra aşıq Şakir ailə süfrəsinin arxasında oturdu, mehriban söhbət elədi. Duranda cibindən xeyli pul çıxarıb süfrənin altına qoydu: bu, da mənim toya nəmərim olsun, – dedi.
Sonradan saydıq:1800 manat idi. Bax Şakir belə aşıq idi, belə insan idi. Odur ki, xalq onu parlamentə deputat seçmişdi. Bəli, aşıq Şakir Haçıyev hələlik parlament deputatı olan ilk və son aşıqdır!!!
Alim Qasımov
Hələ sənətə ilk addımını atdığı vaxtlarda virtuoz tarzən, ilk dəfə dünyanın məşhur bəstəkarlarının əsərlərini solo ifa edən Hacı Məmmədov Alimə demişdi: “Səni bütün dünyada tanıdacam”.
Vaxtsız ölüm böyük sənətkarı bu arzusuna çatmağa macal vermədi. Amma Alim onun uzaqgörənliyini özü həqiqətə cevirdi: nəinki özünün həm də muğamatımızın dünyanın mənəvi sərvəti kimi tanınmasına nail oldu!
Bəli, Fikrət Əmirov simfonik muğamları ilə bu böyük mənəvi sərvətimiz haqqında təəssürat yaratdı. Vaqif Mustafazadə cazı muğamla sintez edərək xaliqələr yaratdı. Alim Qasımov isə muğamlarımızın özü ilə dünyanı heyrətləndirdi, müxtəlif dilli, müxtəlif dinli, müxtəlif əqidəli millətləri muğam ifası ilə sehirlədi. Əgər sovet dönəmində estrada dahisi Rəşid Behbudov Azərbaycanın musiqi pasportu idisə və 48 ölkədə çıxış etmişdisə, Alim Qasımov 100-dən çox ölkədə Azərbaycan muğamının nəyə qadir olduğunu göstərdi. Odur ki, adlar, mükafatlar onun ünvanına axıb gəlməyə başladı: beynəlxalq müsabiqələrin, festivallarının qalibi, Şostakoviçdən, Rastrapoviçdən sonra keçmiş sovet məkanında üçüncü olaraq YUNESKO mükafatı laureatı…və nəhayət dünyanın ən nadir 10 səsindən biri!!!
Hələ bu titullar nədir ki?.. Italiyanın, Fransanın, Amerikanın, Ingiltərənin, Yaponiyanın, Meksikanın, Kanadanın, Pakistanın, Türkiyənin, Misirin, Iranın… möhtəşəm konsert salonları Alim Qasımovu dəvət etməkdən fərəh duyurlar. Dünyanın məşhur musiqi kollektivləri onunla birlikdə çıxış etməyi özləri üçün şərəf sayırlar…
Kim olsaydı bu uğurlardan bəlkə də başı gicəllənərdi. Amma Alim elə həmin Alimdi: sadə, bir az utancaq,hamıdan öyrənməyə can atan dahi bir insan!
Alim özü deyir ki, bu möcüzə Allahın qismətidir. Yaxşı bəs bu qədər sadəlik hardandır? Bu yerdə Hüseyn Arifin bir beyti yadıma düşdü, onu tərsinə çevirib (şairin ruhu məni bağışlasın) deyirəm:
Böyüyə-böyüyə kiçilənləri
Kiçilə-kiçilə böyüyən gördüm!
Yəqin hamı mənimlə razılaşar ki, Alim həm də “yox” deməyi bacarmır. Bəlkə də ona görə ki, heç kimin qəlbini kövrəltməyə qıymır. Təzə-təzə oxumağa başlayan estrada müğənnisi də, repçi də, cazmen də onunla oxumağı xahiş edir. Alim “yox” demir. Kimsə anadan olduğu şadlığa dəvət edir, Alim “yox” demir. Basqalda, Nardaranda dini mərasimlərə dəvət olunur, Alim “yox” demir!..
Bəli, böyük sənəti ilə yanaşı,həm də insanlara sevinc bəxş etməkdən ləzzət alır, Alim! Yəqin bütün dahilər elə belə olur!
Beləliklə, gəlib çıxdım mətləb üstünə. Otuz ildən yuxarı yaxından tanıdığım, sənəti və şəxsiyyəti ilə öyündüyüm Alim Qasımov zəng edib mənə təbrik ünvanladı, hətta bir ağız oxudu da!..Və məni bu məqaləni yazmağa vadar etdi…
Bu yazdıqlarım mənim fikrimdir. Əlbəttə, kimsə hansı məqamlasa razılaşmaya bilər. Bu da onun işidir. Başqasının fikirlərinə hörmət etmək, məncə özü də mənəvi sərvətdir!!!