Hikmət Hacızadə: «Səfərlərin intensivləşməsi regionda baş verən proseslərlə bağlıdır»
Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək. Məlumata görə, səfər daha əvvəl əldə olunmuş razılığa uyğun olaraq həyata keçirilir. “Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparacaq. Danışıqlarda qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlərə baxılacaq”,- nazirliyin saytında dərc edilmiş xəbərdə deyilir.
Amma səfər kifayət qədər maraqlı dönəmə təsadüf edir. Belə ki, noyabrın 7-dəÿABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Müdafiə naziri Zakir Həsənovla görüşən R.Maybus bölgədəki hərbi-siyasi vəziyyəti, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlığı müzakirə ediblər.
Görüşdə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər də müzakirə edilib.
Onu da qeyd edək ki, hər iki səfər Qarabağla bağlı mühüm sənədin meydana çıxdığı ərəfəyə təsadüf edir.
Qeyd edək ki, noyabrın 5-də AŞ PA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat komitədə müzakirəyə çıxarılıb. Qəbul olunan qətnamə layihəsində işğal altında olan ərazilər üzərində Azərbaycanın tam suverenliyinin tanınmasına çağırış edilib.
Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasına görə təəssüflənir. Sənəddə eyni zamanda mühüm bir məqam yer alıb. Komitə, həmçinin Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.
Səfərlərin intensivləşməsinin daha bir səbəbi kimi Rusiyanın İranla Xəzərdə hərbi təlimlər keçirməsi göstərilir.
Politoloq Hikmət Hacızadə hesab edir ki, səfərlərin intensivləşməsi ölkəmizin yerləşdiyi geosiyasi məkan və regionda baş verən proselərlə bağlıdır. Qərblə Rusiya qarşıdurmasının getdikcə dərinləşdiyini deyən H.Hacızadə vurğuladı ki, hazırda əsas diqqət mərkəzində olan münaqişələr Ukrayna və Suriyadır: “Hələlik Qarabağ münaqişəsinin həllinə ciddi girişmirlər. Çünki bu münaqişə də Qərblə Rusiyanın qarşı durduğu münaqişələrdən biridir. Səfərlər isə regiondakı vəziyyəti nəzarətdə saxlamağa xidmət edir”.
Xəyal