Ekspertlərə görə, ciddi maliyyə probleminin varlığı devalvasiyanı şərtləndirən ciddi amildir
Ikinci devalvasiya ilə bağlı gözləntilər hər keçən ay daha da artmaqdadır. 2015-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları sentyabrla müqayisədə 180 milyon dollar (2,57 faiz) – 6 834,6 milyon dollaradək azalıb. Bu barədə AMB-nin statistik məlumatında deyilir.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 6 923,7 milyon dollar (50,3 faiz) azalıb.
Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.
Hazırda yenidən bəzi valyutadəyişmə məntəqələrinə üz tutan vətəndaşların sayının artdığı deyilir. Nəticədə bu sahədəki kövrək balans yenidən pozulub. Ekspertlər bu əlamətləri, MB-nin yeni itkilərini 2-ci devalvasiyanın addım səsləri kimi dəyərləndirirlər.
Ekspretlərin fikrincə, hazırkı vəziyyət iqtisadiyyatın böhran içərisində olduğunu göstərir. Bu baxımdan Azərbaycanda növbəti devalvasiyanı şərtləndirən durum artıq formalaşıb. Ilk olaraq onu vurğulamaq yerinə düşər ki, büdcədə 9 ay müddət üçün 4 milyard kəsir əmələ gəlib. Eyni zamanda neftin qiyməti ilə bağlı proqnozlar nəzərə alınarsa, ilin sonuna qədər 5 milyard kəsir də Neft Fondunun büdcəsində əmələ gələcək. Bu isə o deməkdir ki, dövlətin büdcə qarşısında öhdəlikləri yaranır. Nəzərə almaq lazımdır ki, Neft Fondunun dövlət büdcəsindəki payı 50 faizin üstündədir. Amma Neft Fondunun əsas vəzifəsi büdcəyə vəsait transfert etməkdən ibarət deyil. Hökumətin bir sıra mühüm iri layihələri var. Bu layihələrin də reallaşması ilə bağlı ciddi problemlər yaşanır. Ekspertlərə görə, fevralın 21-dəki qərar göstərdi ki, hökumət bu cür vəziyyətlərdə ən asan yola əl atır. Manatı devalvasiyaya uğratmaqla Neft Fondunun əldə edəcəyi dollarla daha çox manat almaq hökumətin seçdiyi yoldur. Ciddi maliyyə probleminin varlığı devalvasiyanı şərtləndirən ciddi amildir.
Devalvasiyanı stimullaşdıran digər səbəblər də var. Səudiyyə Ərəbistanı satdığı neftin qiymətini aşağı salmağı planlaşdırır. Bu isə dünya bazarındakı proseslərə təsirsiz ötüşməyəcək. Neftin qiymətləri bir qədər də aşağı düşsə, Azərbaycanın neftdən gələn gəlirləri bir qədər də azalacaq. Ekspertlərə görə, hazırkı durumda hökumət özündə cəsarət taparaq qeyri-neft sektorunun inkişafı yönündə dayanan maneələri aradan qaldırmalıdır.
Xəyal