198 yerə cəmi 163 abituriyent qabiliyyət imtahanı verib ki, onların da 57-si məqbul sayılıb
Qulu Məhərrəmli: «Jurnalistikaya qabiliyyət imtahanı ləğv edilməlidir»
2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “modern.az”a verilən məlumata görə, ayrılan plan yerlərindən 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır.
Jurnalistika ixtisası üzrə Bakı Dövlət Universitetində 115, Azərbaycan Dillər Universitetində 15, Bakı Slavyan Universitetində 48, Naxçıvan Dövlət Universitetində isə 20 yer ayrılıb.
Artıq “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanı verən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Iki abituriyentin nəticəsi isə ləğv edilib.
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyir ki, jurnalistikaya maraq əvvəlki kimi qalsa da, qəbul prosesində qabiliyyət imtahanının olması vəziyyəti xeyli mürəkkəbləşdirib. Onun fikrincə, qabiliyyət imtahanıyla jurnalistikaya tələbə qəbulu özünü doğrultmur. Ölkədəki dörd universitetin jurnalistika fakültəsinə cəmi 57 tələbənin qəbulunu olduqca məhdud hesab edən ekspert bunun bir sıra problemlər yaradacağına əmindir.
“Nəticədə dərs yükü azalacaq, müəllimlər işsiz qalacaq. Bu da artıq müəyyən fəsadlar yaradır. Abituriyentə də psixoloji gərginlik yaradan jurnalistikaya qabiliyyət imtahanı ləğv olunmalıdır. Çünki belə forma abituriyent üçün açıq-aşkar psixoloji maneə yaradır, eləcə də obyektivlik qorunmur. Orta məktəbi bitirən abituriyentin qabiliyyət imtahanında inşa yazması heç nəyi həll etmir. 11-ci sinfi bitirənin jurnalistika haqqında heç bir təsəvvürü yoxdur. Onu elə əvvəldən fantaziyayla material işləməyə məcbur edirlər. Jurnalistikanın əsası fakt və onun əsasında yazmaqdır. Orta məktəb səviyyəsində inşa yazmaq isə buna tamam ziddir. Hesab edirəm ki, niyyət nə qədər yaxşı olsa da, belə forma özünü doğrultmur”, – deyə Qulu Məhərrəmli bildirib.
Ekspert əlavə edir ki, peşəkar jurnalist hazırlamaq üçün tədris prosesinin yaxşılaşdırılması və təkmil nəzəriyyənin praktikaya yönəldilməsi vacibdir: “Qabiliyyət imtahanında bir inşa yazmaqla məsələnin həlli illüziyadır”.
Nigar