Misirin keçmiş prezidenti Məhəmməd Mursi və 100-dən artıq tərəfdarına çıxarılan edam hökmünə etiraz olaraq türk hakerlər bu ölkənin dövlət qurumlarının internet saytlarına hücum ediblər. Kiberhücum nəticəsində əksər dövlət qurumlarının internet səhifəsi iflic vəziyyətə düşüb. Hücuma məruz qalanlar arasında Misir Texnologiya Nazirliyi, Ətraf Mühitə Nəzarət Nazirliyi, Daxili İşlər Nazirliyi, Enerji Nazirliyi, Səhiyyə Nazirliyi və Misir Telekom da var.
«Türk Hack Team» adı altında hücuma keçən hakerlər Misir hökumətinə mesajlarını da çatdırıblar: «Bu zülmü qəbul etmirik. İnsanın şərəfini alçaldan bu cəza təkcə Mursiyə yox, ona inanaraq səs verən bütün Misir vətəndaşlarına verilib».
Qeyd edək ki, Mursiyə çıxarılan edam hökmünə ən sərt etiraz edən ölkə Türkiyə olub. Prezident Rəcəb Tayyib Ərdoğan hökmün icra edilməməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcəyini bildirib. Mursiylə bağlı son qərarı iyunun 2-də Misirin Ali Müftiliyi verəcək. Müftilik edam hökmünü həm qüvvədə saxlaya, həm də ləğv edə bilər.
Gültəkin