«İnqilab olacaq və qatillərdən qisas alacağıq!»
Edam hökmünə məhkum edilən Misirin keçmiş prezidenti Məhəmməd Mursi oğlu Üsamə Mursi ilə görüşüb. 15 dəqiqəlik görüş məhkəmə qərarı ilə baş tutub. Ü.Mursi atasının nikbin olduğunu, onu gülümsəyərək qarşıladığını bildirib: «Dedi ki, inqilab özünə yol cızır. Edam hökmünün ona təsir etmədiyini, bu məsələnin üzərində dayanmağa ehtiyac görmədiyini bildirdi. Onu da dedi ki, qorxum yoxdur, onları inqilabla mühakimə edəcəyik. Və bu mühakiməyə çox qalmayıb».
M.Mursinin sözlərinə görə, çevriliş edib onu devirən liderlərin hədəfi iradəni və inqilabı yox etməkdir. Amma o, hamıya çatdırmaq istəyir ki, inqilab ən yaxşı vasitə, ən vacib yoldur: «Çevriliş uğursuzluqla nəticələnəcək, ömrü çox çəkməyəcək. Çıxış yolu vaz keçmədən inqilabın yolunu davam etdirməkdir. Hüququ geri gətirən, qatillərdən qisas alacaq olan da inqilabdır. İnqilabın hədəflərinə, tələblərinə sadiq qalmaq çevrilişi edənlərə ən böyük məğlubiyyət olacaq».
Görüş zamanı M.Mursi ona olan yerli və beynəlxalq dəstəyə görə təşəkkürünü çatdırıb: «Özünə və Misirdəki məzlumlara dəstək verən hər kəsə təşəkkür etdi. Mənə ən çox xalqın vəziyyəti, qiymətlər və həyat şərtləri haqda suallar verdi. Ona hər şeyin pis olduğunu dedim. Cavab verdi ki, inqilab bütun bunları yoluna qoyacaq».
Gültəkin