Deputat Musa Quliyev isə bu rəqəmin çox olmadığı qənaətindədir
Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, bu il Azərbaycanda 10 min nəfər boşanıb. Belə ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,3 və 1,3 olub.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, il ərzində 90 minə yaxın nikah qeydə alınır və bunun nəticəsində 10 min boşanma o qədər də çox deyil. Millət vəkilinin sözlərinə görə, boşanmalar hardasa ailə quranların 10 faizi edir:
“Avropa ölkələrini götürsək, orada bu göstərici 30 faizdir. Rusiyada isə boşanmaların sayı 40 faizdən yuxarıdır. Bizdə o qədər də çox deyil. Amma istənilən halda boşanma dövlət və cəmiyyət üçün, həmin ailə üçün faciədir. Boşanma insanlar üçün həm sosial, həm də mənəvi çətinlik yaradan məsələdir. Ona görə çalışmalıyıq ki, boşanmaların qarşısı alınsın. Bununla məşğul olan dövlət qurumları var. Həmin qurumlar boşanmaların səbəbini daha dəqiq bilər. Burada sosial, mənəvi-psixoloji və digər faktlar var. Bu faktlar araşdırılmalı və ən çox hansı faktlar üstünlük təşkil edirsə, onun profilaktikasına yönələn tədbirlər görmək lazımdır”.
Qeyd edək ki, Azərbaycanda boşanmaların sayı bütün illər ərzində 10000 rəqəmi ətrafında olur. Yəni bu rəqəm tendensiya halını alıb. Təxminən günə 30 ailənin boşanmasından söhbət gedir. Bu o deməkdir ki, son 20 ildə 200 min ailə dağılıb. Millət vəkili isə hesab edir ki, bu o qədər də çox rəqəm deyil. Deməli, il ərzində 10000 ailənin dağılması, 20-30 min uşağın psixikasının pozulması normaldır.
Çox maraqlıdır bu hakimiyyətin sözçüləri bütün neqativ hallardan yayınmaq üçün “dünya təcrübəsi”ni dilə gətirirlər. Guya, Rusiyada boşanmaların say 40 faiz, Avropada 30 faizdir.
Tutalım belədir və müxtəlif ölkələrdə boşanmalar çoxdur. Əvvəla, həmin ölkələrdə boşanmaların çox az faizi sosial məsələlərlə bağlıdır. Ikincisi, Rusiyada və Avropada “ailə modeli” fərqlidir və bu ölkələrdə dəfələrlə ailə qurmaq normal qarşılanır.
Azərbaycan reallığında isə ailə qurmaq da, boşanmaq da ağır məsuliyyətli hal sayılır.
Digər tərəfdən, niyə başqa məsələlrdə Avropa təcrübəsinə istinad etmirsiniz?
Gənc ailələrə qayğıda, dünyaya gələn uşağa verilən müavinətdə, əmək haqlarında, insan haqlarında, hüquq sistemində də Avropa ilə bəhsə girin.
Azərbaycanda ailələr əsasən sosial problemlər səbəbindən dağılır. Gənc ailələr ömürlərini kirayələrdə keçirirlər, kişilər ailə yükünü daşımaq üçün ölkə xaricinə pənah aparırlar, gənc ailələrə ipoteka krediti elə şərtlərlə verilir ki, bu krediti yalnız varlı adamlar əldə edə bilər.
Görünür, hakimiyyətin mahiyyətinə uyğun olaraq millət vəkilləri də statistik rəqəmlərə “pul” kimi baxırlar.
Yəni 10000 ailənin boşanması, 10000 manatın itməsi kimi təsəvvür olunur. Təbii ki, milyonluq layihələrlə, yeyintilərlə müqayisədə 10000 çox azdır.
Normal ölkədə belə bir tendensiyaya görə həyəcan təbili çalardılar. Hətta 100 ailənin dağılması da faciəvi haldır.
Azərbaycanın 8-9 milyon əhalisi var. Hər gün 30 ailənin dağılması bizim kimi ölkələr üçün ağır nəticədi.
Insanlar çıxış yolu kimi ya ölkəni tərk etmək, ya da boşanmağa üstünlük verirlər.
Ölkənin bütün sərvətlərini bir neçə ailə bölüşdürəndə, 10000 ailənin ehtiyac səbəbindən dağılması qaçılmaz olur.
Akif