Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu yaxınlarda Jirinovskinin maraqlı bir açıqlamasını oxudum, nədənsə bizdə çoxlarının diqqətindən yayındı həmin açıqlama. Bəlkə ona görə ki, bizdə əksəriyyət bu adamı “təlxək”, “başıxarab” hesab edir, halbuki qətiyyən belə deyil. Jirinovskinin açıqlamalarında bir qayda olaraq yeni-köhnə rus siyasətinin çox mühüm kodları gizlənir, onun dediklərini bir çox hallarda Kremlin deyə bilmədiklərinin açıq ifadəsi kimi qəbul etmək gərəkdir.
Bəs nə demişdi Jirinovski?
Birlikdə oxuyuruq: “Ruslar ”respublika” sözünü başa düşmürlər, onlar “imperiya” sözünü anlayırlar. Krımın ilhaq edilməsi möhtəşəmdir! Heyranedicidir. Rusiyanın min illik tarixində ilk dəfə rus regionu birləşdirilib. Həm də bu il aydın oldu ki, imperiya mütləq çar, pravoslavlıq və xalqçılıq deməkdir. Bizim xislətimiz budur”.
Jirinovski sadəcə bir məqamda yanılır: “respublika” sözündən anlamayan bütünlükdə ruslar deyil, rus mütləqiyyətidir. Imperiya rus xalqının deyil, rus mütləqiyyətinin xislətidir. Əks halda, məsələn, dekabristlər üsyanını nə ilə izah etmək olar? Axı bu üsyanın hədəfləri arasında təhkimçiliyin ləğvi, mütləqiyyətin aradan qalxması ilə bərabər respublika quruluşunun bərqərar edilməsi də vardı.
Indi çoxları razılaşır ki, Avropanın özündə belə, respublika hərəkatının güclənməsinə dekabristlər üsyanının ciddi təsiri olmuşdur. Əgər indi tarixdə bu üsyanın əhəmiyyəti, tutaq ki, fransız inqilabları qədər aydın görünmürsə, bunun da bircə səbəbi var: həmin üsyanın inqilaba çevrilməməsi, məntiqi sonluğa qovuşmaması.
Əksəriyyət “rus imperializmi” haqqında düşünür və onu islahedilməz sayır. Kökündən yanlış fikirdir. Rus imperializmi fransız, yaxud ingilis, alman, yaxud amerikan imperializmindən daha dəhşətli, daha amansız olmayıb. Rusların Qafqazda törətdikləri əməllər fransızların Əlcəzairdə, ya da ingilislərin Hindistanda törətdikləri zülmdən daha qorxunc, daha ağır idimi? Əlbəttə, yox. Ya da XX əsrin ikinci yarısında amerikan imperializminin Afrikada necə qansız, despotik rejimləri himayə etdiyini, adamyeyən diktatorların əli ilə təbii sərvətlərlə zəngin Afrika ölkələrini öz forpostuna çevirib milyonlarca insanı səfalət, aclıq qurbanına çevirməsini yadınıza salın. Bəyəm bu rus imperializminin bir çox xalqlara yaşatdığı məhrumiyyətlərdən azmı dəhşətlidir? Yenə də yox. Hətta bir çox hallarda belə bir müqayisə qüsurlu, haqsız da görünə bilər. Sadəcə, Rusiyada mütərəqqi hərəkatlar daim qan içində boğuldu. Uğursuzluğa düçar oldu. Təkcə XIX əsrdə rus tarixi özünün nə qədər tərəqqipərvər simalarının acı taleyinə şahidlik edib. Istisna yalnız sosialist inqilabı idi ki, o da çox tezliklə mahiyyətini dəyişdi, öz ilkinliyindən – sosial ədalət və azadlıq ideallarından uzaqlaşaraq fərqli şəkil və məzmun almağa başladı. Sonda isə Brejnevin timsalında lətifə mövzusuna və qəhrəmanına çevrildi.
Gerisi məlumdur.
Demək istədiyim odur ki, rus tarixini birrəngli görmək, onu birmənalı şəkildə yozmaq doğru deyil. Əsla doğru deyil. Rusiya özünün əsrlərdən bəri yetişdirdiyi saysız-hesabsız mütərrəqqi, irəligörüşlü insanları ilə yüz illərdir elə bizim kimi Kremlə təhkim olunmuş xalqlarla bərabər rus imperializminə qarşı mübarizə aparır, onun öz yerini demokratik, çağdaş rus idarəçiliyinə təhvil verib tarixə gömülməsinə çalışır. Bunu da görmək və yüksək qiymətləndirmək lazımdır.
Rusiyanı ancaq və ancaq Kremldən ibarət təsəvvür etmək yanlışdır.
Axı Rusiya həm də “Peterburqdan Moskvaya səyahət”dir, Rusiya həm də “Kolokol”dur, Rusiya həm də Gertsendir, Rusiya həm də Qorkinin “Uşaqlığı”, Yeseninin incə ruhu, Pestelin utopik sosializmi, Obolenskinin idealizmi, Dostoyevskinin “Alçaldılmış və təhqirolunmuşlar”ı, Vısotskinin azad nəğmələridir. Siyahını sonsuzadək uzatmaq da mümkündür.
Ona görə də mən rus imperializminin də islah olacağına, onun öz yerini gec-tez mütərrəqi rus dövlətinə təhvil verəcəyinə çox inanıram.
Bu, neftin ucuzlaşması, rublun dəyərdən düşüb, nə bilim dolların bahalaşması kimi iqtisadi səbəblərdən yox, məhz yuxarıda sadaladığım mənəvi keyfiyyətlərə görə baş verəcək.
Mütləq baş verəcək.