Müdafiə Nazirliyinin keçirdiyi tenderlərin «qalibi» olan yalançı şirkətlər
Ağarəhim Məmmədov adlı şəxs iki ayda 76, Allahyar Mirzəyev isə 31 şirkət qeydiyyatdan keçirib
V yazı
“Son on il ərzində hərbi xərclərimiz iyirmi dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur”. Sitat dövlət başçısı Ilham Əliyevə məxsusdur. 2014-cü ildə Silahlı Qüvvələrin büdcəsi ötən ilə nisbətən 57 milyon manat artaraq, 2 milyard 967 milyon 831 min manat təşkil edib. Ayrılan vəsaitin əhəmiyyətli hissəsi Müdafiə Nazirliyinin payına düşüb. Hərbi büdcənin artması əsgərlərin yeməklə təchizatına təsir etməyib.
2014-cü ilin iyununda hərbi xidmətdən qayıdan Elçin Əlizadə deyir ki, əsgərlik dövründə onlara keyfiyyətsiz yemək verilib: “Hərdən bizə konserva verirdilər. Bəzən yeməyin içinə qatırdılar. Posta gedəndə ikiqat ərzaq payı verilmirdi. Yalnız ikiqat yağ verilirdi. Ümumiyyətlə, yeməyimiz pis idi”.
Füzuli rayonunda, cəbhə xəttində xidmət etmiş başqa bir əsgər isə bəzən o keyfiyyətsiz yeməyə də tamarzı qaldıqlarını deyir: “Hərbi hissəmiz Haramı düzündə yerləşirdi. Çox pis yemək verilirdi. Qış aylarında isə elə olurdu ki, günorta yeməyi verilmirdi”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, ordudakı nizamnamədən kənar hərəkətlər həm də korrupsiyanın nəticəsidir: “Orduda baş verən qanunsuzluqlar kompleks şəkildə dəyərləndirilməlidir. Yəni komandir heyətinin pisixoloji durumundan tutmuş korrupsiyaya qədər bütün amillər nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Nizamnamədən kənar halların baş verməsində, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olmasında korrupsiyanın və zabit heyətinin yetərincə təmin edilməməsinin payı az deyil”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 87 hərbi qulluqçu qeyri-döyüş şəraitində həlak olub.
Müdafiə Nazirliyində və Daxili Qoşunlarda “Seyid Əhməd” şirkətlər
Gəlin əvvəl “Seyid Əhməd” adı verilən şirkətlərin nə olduğunu aydınlaşdıraq. “Seyid Əhməd” saxta şirkətlərə verilmiş obrazlı addır. Belə şirkətləri əsasən məmurlar yaradır. “Ilanı Seyid Əhmədin əli ilə tutarlar” atalar sözünə əməl edən oliqarx məmurlarımız əsasən iri dövlət layihələrində iştirak etmək üçün 3-cü şəxsin adına şirkətlər yaradırlar. “Azadlıq” radiosunun “Seyid Əhməd”lər barədə reportajında qeyd edilir ki, “Seyid Əhməd” şirkətlər həm ofşor zonalarda, həm də Azərbaycanda yaradılır. Keçmiş deputat Nazim Məmmədov “Azadlıq” radiosuna verdiyi müsahibədə qeyd edib ki, saxta şirkətlər Azərbaycanda hələ Sovet dönəmində də mövcud olub. Lakin 2003-cü ildən bu tipli şirkətlərin sayı Azərbaycanda artıb: “Investisiya layihələrinin gerçəkləşdirildiyi, belə layihələrə daha çox vəsait ayrıldığı bir dönəmdə həmin şirkətlər maliyyə fırıldaqlarını həyata keçirmək üçün yaradılıb. Özəlliklə tikinti sahəsində belə şirkətlərə daha çox rast gəlinir – maliyyə fırıldaqları və vergidən yayınmaq üçün yaradılır və bir müddətdən sonra qapadılırlar. Şirkət yaradılır, tender udulur və… 100 milyonlarla, 10 milyonlarla vəsaiti ”həzm” edən şirkət qəfildən, ya da tender başa çatandan sonra yoxa çıxır”.
“Seyid Əhməd” şirkətlər Silahlı Qüvvələrin keçirdiyi tenderlərdə də aktiv şəkildə iştirak edirlər. 2012-2014-cü illər ərzində keçirilən tenderlərin reyster məlumatlarını araşdırarkən kifayət qədər “Seyid Əhməd” MMC-nin Silahlı Qüvvələr üçün ayrılan maliyyə vəsaitlərinə sahib çıxdığını müəyyən etdik.
Məmmədov Ağarəhim Qəribşah oğlunun qanuni nümayəndəsi olduğu 4 şirkət 2014-cü ildə Müdafiə Nazirliyinin keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.
“Texno KO Ekstra-400″ MMC, ”Texno KO PERESPEKTIV-18″ MMC, “Texno Invest -LHK” MMC, “Smark Texmontaj -KC” MMC, “Yunayted Texno Rem Park” MMC eyni gündə – 5 noyabr 2013-cü il tarixində təsis edilib və Ismayıllı rayonu Gəraybəyli kəndində qeydiyyatdan keçib. Dördünün də hüquqi nümayəndəsi Məmmədov Ağarəhimdir. “Turan” IA-nın araşdırmasına görə, Məmmədov Agarəhim Qəribşah oğlu 18 noyabr 2013-cü il tarixindən 9 yanvar 2014-cü il tarixinədək 76 MMC-ni qeydiyyatdan keçirib. Araşdırmada qeyd edilir ki, əvvəlki dövrlərdə də A.Məmmədovun adına xeyli sayda şirkət qeydiyyatdan keçib. Ismayıllı Rayonunun Gəraybəyli kəndi üzrə seçici siyahısında Ağarəhim Məmmədovun adına rast gəlmədik. Məmmədov Ağarəhim Qəribşah oğlunun adı 42 saylı Sumqayıt Ikinci Seçki Dairəsinin 12 saylı məntəqəsinin seçicilər siyahısında olduğu məlum oldu. “APA” Informasiya Agentliyinin başqa bir məlumatında (az.apa.az/print/156969) isə deyilir ki, Məmmədov Ağarəhim Qəribşah oğlu adlı adam gənclərə kriminal aləm barədə dərs keçdiyi üçün Sumqayıt polisi onu həbs edib. Məlumatda həmçinin qeyd edilib ki, A.Məmmədov əvvəllərdə məhkum edilib.
Müdafiə nazirliyinin tenderlərinin şübhəli qaliblərindən biri də Mirzəyev Allahyar Adışil oğludur. Cənab Mirzəyevin hüquqi nümayəndəsi olduğu “Primodern” MMC (qeydiyat ünvanı:AZ1116, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ŞTQ, Mikraroyon 7, ev 7B, m.43. Qeydə alındığı tarix: 23-12-2013), “Çıraqnur” MMC (qeydiyyat ünvanı:AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013), “Foster” MMC (AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013), “Asirus” MMC (AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 30/14, m.2. Qeydə alındığı tarix: 18-12-2013) şirkətlərinin hamısı 2013-cü ilin dekabr ayında yaradılıb. 2014-cü ilin ilk beş ayında həmin şirkətlər artıq Müdafiə Nazirliyinin tenderlərinin qalibi olub.
Qanunsa tenderlərdə iştirak edən şirkətlərin sifariş olunan sahədə iş təcrübəsi olmasını tələb edir.
“Turan” IA-nın araşdırmasına görə, 2013-cü ilin noyabr ayından 2014-cü ilin yanvar ayınadək A.Mirzəyevin adına 31 şirkət qeydiyyatdan keçirilib. A.Mirzəyevin şəxsən özü barədə apardığımız araşdırmalar nəticə vermədi.
Bakı şəhəri Nəsimi rayonu Mirzağa Əliyev küçəsi ev 208 mənzil 3/2 ünvanında qeydiyyatdan keçən “Azmaşkom Tex LTD I” MMC, “Treyder LTD” MMC 2012-2013-cü illərdə Daxili Qoşunların çoxsaylı tenderlərinin qalibi olub. Həmin ünvanda qeydiyyatdan keçən “A.B.-ALYANS” MMC isə Müdafiə Nazirliyinin keçirdiyi bir sıra tenderlərin qalibidir.
Vergilər Nazirliyinin reyestr məlumatlarını araşdırarkən”Azmaşkom-Tex LTD I” MMC-nin sahibinin Cəfərov Cingiz Hüseyn oğlu olduğunu müəyyən etdik. Ç.Cəfərov eyni zamanda DQ və MN-nin bir sıra tenderlərinin qalibi olan “Sputnik-12″ MMC-nin sahibidir. Yuxarda sadalanan şirkətlərin hamısının 1 ünvanda qeydiyyatdan keçməsi onu sübut edir ki, bu MMC-lərin həqiqi sahibi Cəfərov Çingizdir.
Yuxarda adı çəkilən şirkətlər əsasən Müdafiə Nazirliyinin eyni hərbi hissələrinin keçirdiyi müxtəlif tenderlərin qalibi olub. Misal üçün, Məmmədov Ağarəhim Qəribşah oğluna məxsus olan şirkətlər əsasən MN-nin Goradil Hərbi Istirahət Mərkəzinin keçirdiyi yuyucu vasitələrin, dəftərxana ləvazimatının satışından tutmuş, cari təmir işlərinə qədər tenderlərin qalibi olub. Mirzəyev Allahyar Adişil oğluna məxsus şirkətlər isə MN-nin 052 və 193 saylı hərbi hissələrinin tenderlərinin qalibidir. Yenə də sifarişlər dəftərxana mallarının satın alınmasından tutmuş, avtomobil və cari təmir işlərinə qədər müxtəlif sahələri əhatə edir.
Hüquqşünas Elman Fəttah bildirir ki, tenderlərin keçirilməsi zamanı qanunun tələblərinə ciddi şəkildə əməl edilməlidir: “Tenderin təşkili proseduru qəti və aydin şəkildə qanunla tənzimlənir. Istər tender elan edən Hüquqi şəxsin tender keçirərkən əməl etməli olduğu məcburi prosedurlar, istərsə də tenderdə iştiraka iddialı hüquqi şəxslərin tender komissiyasina təqdim edəcəkləri sənədlər toplusu baxımından mütləq hesab ediləcək prosedurlar qanunda öz əksini tapib.
Məsələn, tender elan edən tərəfin tender komissiyasını necə təşkil etməsindən tutmuş tenderin nəticələrin necə elan edilməsinə, həmçinin qalib və uduzan iddiaçıların siyahısının dərc edilməsinə, o cümlədən hansı vəzifə sahiblərinin komissiya üzvü ola bilməyəcəyindən, komissiya üzvlərinin yol verdikləri pozuntuya görə daşıdığı məsuliyyətə qədər əsas məsələlərin hər biri, hətta tenderin icra müddətini müəyyən edən təqvimlərə qədər hər şey qanunla müəyyən edilir.
Ancaq bizim ölkədə keçirilən tenderlər, xüsusən də Dövlət Qurumlarının sifarişi əsasında keçirilən tenderlər korrupsiya əməliyyatlarından başqa bir şey deyil. Bu tenderlərin elan edilməsi, iddiaçıların müəyyən edilməsi və nəhayət iştiraçkıların siyahisinin müəyyən edilməsinə qədər bütün mərhələlər ciddi qanun pozuntusu ilə keçirilir. Biz dəfələrlə mətbuatda müxtəlif tenderlər və iştirakçı şirkətlər haqda məlumatlar oxuyarkən bunun şahidi oluruq. Məsələn, qanunun tələbinə görə tender komissiyası iddiaçıların maddi-texniki və iqtisadi-maliyyə imkanlarını müəyyənləşdirmək üçün onlardan tələb olunan məlumatın siyahısı və formalarını toplamalı, iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bankdan verilmiş arayış tələb etməlidir. Ancaq biz yayılmış məlumatlarda oxuyuruq ki, Tenderin qalibi olmuş hansısa şirkətin nizamnamə kapitalı cəmi 10 (on) AZN-dir və tenderin qalibi olduğu dövrə qədər bank hesablarında hər hansı ciddi məbləğdə maliyyə dövriyyəsi olmayıb. Digər tərəfdən, şirkətin hüquqi ünvanı 15-20 kv mənzildə yerləşir. Nə digər faktiki ünvanı, nə istehsal sahələri, nə də ofisi var. Bir sözlə, tenderin qalibi olmaq üçün tələb olunan ilkin şərtlərə cavab verməyən bu tip şirkətlərin qalib elan olunması ciddi korrupsiya şübhələri üçün əsaslar yaradir”. E.Fəttah qeyd edir ki, eyni şəxsə məxsus müxtəlif şirkətlərin eyni dövlət qurumunun keçirdiyi müsabiqələrin qalibi olması qanunsuzdur:
“Tenderin qalibi olmuş müxtəlif şirkətlərin əslində bir şəxsə və ya bir hüquqi şəxsə məxsus olduğu, bəzən isə bir şəxsə məxsus şirkətlərin bir tender elanında iştirakçı olması halları da geniş yayılıb ki, bu da əslində həmin tenderin kimə verilməsinin əvvəlcədən müəyyən edildiyini, tenderin isə gözdən pərdə asmaq üçün keçirildiyini göstərir. Halbuki, tender haqda qanunda hər iddiaçının bir tenderə yalnız bir təklif verə biləcəyi qəti şəkildə məhdudlaşdırılıb. Dövlət Sifarişli tenderlərdəki korrupsiya əməliyyatlarinda isə qeyd etdiyimiz qanun pozuntuları məhz bu şəkildə, guya qanunun tələblərinə əməl edib tender keçirmək, amma qanunu öz aləmlərində ”gizli” şəkildə pozaraq yüksək səlahiyyətləri dövlət məmurlarının nəzarətindəki, onların özlərinin korrupsiya termini ilə desək “obnaliçka” (dövlət vəsaitinin mənimsənilməsi) şirkətlərinə verməklə baş verir”.
Qeyd edək ki, Müdafiə Nazirliyi və Daxili Qoşunlar informasiya sorgularımıza cavab verməyib.
Əfqan Muxtarlýı, meydan.tv