«İndiki məqamda növbəti aksiyanın təyin olunması düzgün qərardır»
Nurəddin Məmmədli: «1969-cu ildən bu günə Azərbaycan elmini kurasiya edən Ramiz Mehdiyev olub»
Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin məlum çıxışı mətbuatda geniş müzakirə olunmaqdadır. R.Mehdiyevin birbaşa hakimiyyətin yürütdüyü siyasətin nəticəsi olaraq ortada olan faktları tənqid etməsi maraq doğurur. Məsələn, R.Mehdiyev vurğulayır ki, elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Müsahibimiz AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ilə söhbətimizə R.Mehdiyevin çıxışında səsləndirdiyi təzadlara münasibət öyrənməklə başladıq.
– Ramiz Mehdiyev uzun müddətdir müxalifət təmsilçilərinin səsləndirdiyi fikirləri təsdiq edib. Müxalifət uzun illərdir ki, elmin vəziyyətini tənqid edəndə hakimiyyət təmsilçiləri elm sahəsində böyük uğurlar qazandıqlarını deyirdilər. Amma indi Ramiz Mehdiyev özü bu həqiqəti etiraf edib. Maraqlı məqam isə odur ki, faktiki olaraq 1969-cu ildən bu günə Azərbaycan elmini kurasiya edən Ramiz Mehdiyev olub. Heydər Əliyevin sovet dövründə hakimiyyətdə olduğu zaman da, daha sonra da elm bilavasitə onun təsir sferasına daxil olub. Belə bir şəraitdə onun bu cür acizanə şəkildə etiraflarda bulunmasından sızan məntiqi nəticə var. Siz, bunu ictimaiyyətə açıqlamaqla nə demək istəyirsiniz? Sizə bu prosesdə kim kömək etməlidir? Uzun müddətdir ki, Azərbaycanda akademikliyə müxbür üzvlüklə bağlı keçirilən seçkilərdə məğlubiyyətə məhkum olunmuş bir nəfər görkəmli alim öz haqqı uğrunda mübarizə aparır. Birmənalı şəkildə sübut edir ki, bu gün Azərbaycanda alim adını daşımaq üçün ən çox haqqı olan adamlardan biridir. Amma ona Akademiyanın müxbir üzvlüyünə seçilməsinə imkan verilməyib. Çünki açıq şəkildə etiraf olunur ki, kimlərin seçilməsi məsələsi yuxarıdan diqtə olunur və bu adamlar mütləq keçməlidir. Belə bir böyük bataqlığı yaradan adamlar özləri bu açıqlama ilə nə demək istəyirlər. Digər tərəfdən, bu faktları açıqlamaqla problemi həll etmək olmaz. Bunun üçün konkret addımlar atılmalıdır. Ən azı islahat adı altında elmin məhv edilməsi prosesini dayandıraraq, müstəqil insanların, siyasi xadimlərin təklifi ilə müstəqil komissiya yaradaraq çıxış yolları aramaq lazımdır.
Etiraf, yoxsa hakimiyyətdaxili mübarizə?
– Ramiz Mehdiyev daha sonra vurğulayıb ki, 15 ildən artıqdır təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. Onun sözlərinə görə, təhsildə yüksək nəticə göstərən şagirdlər məktəblərə yox, hazırlıq kurslarına, “repetitorlara”, daha doğrusu, bunları təmin etməyə gücləri çatan valideynlərə borcludurlar…
– Ramiz Mehdiyevin bu açıqlamalarını daha çox hakimiyyətdaxili mübarizənin bir forması kimi qəbul etmək olar. Başqa hər hansı bir formada bu hadisələrə nə aydınlıq gətirmək, nə də baş verənlərin nədən qaynaqlandığını izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, belə bir şəraitdə açıq şəkildə neqativlərin etiraf olunması yalnız hakimiyyət daxilindəki qrupların mübarizəsi kimi izah oluna bilər. Ramiz Mehdiyev son illər ölkədə “repetitorluq” institutunun hansı gücə sahib olduğunu görmürmü? Hər il özlərinin diqqtəsi altında qəbul balının aşağı salınmasını niyə görmürdülər? Axı bu bilavasitə hakimiyyətin borcudur. Bir xalqı məhv etmək üçün başqa heç nəyə ehtiyac yoxdur. Onun elm və təhsilini məhv etmək kifayətdir. Hakimiyyət də düşünülmüş şəkildə bu istiqamətdə fəaliyyət göstərir. Qırx dörd min nəfər əməkdaşla fəaliyyət göstərmiş Elmlər Akademiyasında hazırda iki mindən bir qədər artıq adam qalıb. Elmlər Akademiyasında ixtisar prosesi davam edir. Bütün institutlar, şöbələr bağlanır. Ən acınacaqlısı isə odur ki, yalnız məddahlar, öz sıralarına daxil olan şəxslər elmlərdə qalır. Qalan bütün şöbələri məhv edib, dağıdırlar. Bu cür bəyanatlar verdiyiniz nədir, reallıqda həyata keçirdikləriniz nədir? Bu başa düşülmür, anlaşılmır. Digər tərəfdən, elmin fəlakəti onun maliyyələşdirilməsindən qaynaqlanır. Bir körpüyə ayrılan dövlət vəsaiti elmə ayrılmır. Infrastruktur layihələrinə ayrılan pul elmə ayrılandan üç-dörd dəfə çoxdur. Azərbaycan elminin bir körpü qədər dəyəri yoxdursa, belə bir şəraitdə elmin inkişafından danışmaq nə mümkün deyil, nə də onu reallaşdırmaq, absurd yanaşmadır.
“Telekanallar məddahlığı, yaltaqlığı, cahiliyi təbliğ edir”
– Ramiz Mehdiyevin daha bir maraqlı fikri telekanalların fəaliyyəti ilə bağlıdır. Məhz hakimiyyətin yürütdüyü siyasət nəticəsində telekanallardan intelektual, debat tipli verlişlər yığışdırıldı. Amma Ramiz Mehdiyev hazırda bildirir ki, gənclərimizin bir qismi məhz teleekranın zombiləşdirdiyi qrupa, onların göstərdikləri, yaydıqları total səviyyəsizliyin, mənəvi aşınmanın qurbanına çevrilib. O bəyan edib ki, istisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı “səlib yürüşü” yürüdülür, ailə institutunun mənəvi dayaqlarının dağılması təbliğ edilir…
– Jəmiyyətin problemlərindən biri də televiziyalarda aparılan təbliğatdır. Məddahlıq, yaltaqlıq Azərbaycanda düşünülmüş şəkildə dövlət siyasətinə çevrilib. Fəxri adları, prezident təqaüdlərini verdikləri insanların kim olduğunu məgər bunlar bilmirlər? Bunlar ad verirlər, amma xalq həmin adamlara nifrət edir. Çünki həmin adamlar Azərbaycan xalqının mentalitetini, xarakterini ifadə edən adamlar deyillər. Onlar cəmiyyətə məddahlıq, yaltaqlıq, cahillik gətirirlər. Belə bir şəraitdə Azərbaycan televiziyaları faktiki olaraq müəyyən kampaniyalar şəklində fəaliyyət göstərirlər. Bunların ardıcıl fəaliyyət proqramları yoxdur. Azərbaycan televiziyaları müəyyən qrup adamların biznes maraqlarına tabe edilib. Onlar öz əxlaqlarını cəmiyyətə sırımağa çalışırlar. Bütün bunların nəticəsidir ki, televiziyalar bir terror vasitəsinə çevrilib.
Belarusa olan sanksiyalar Azərbaycana qarşıda tətbiq olunmalıdır
– Son zamanlar Azərbaycandakı insan haqlarının vəziyyəti beynəlxalq aləmin gündəmindən düşmür. Hakimiyyət yürütdüyü siyasətə görə sərt tənqid olunur. Bir vaxtlar beynəlxalq aləm Azərbaycandakı duruma adekvat reaksiya vermədiyinə görə tənqid olunurdu. Hazırkı dönəmdə baş verənləri adekvat saymaq olarmı?
– Nüfuzlu beynəlxalq təşkilatların hakimiyyətə yönələn tənqidi bir qayda olaraq Azərbaycanda böyük eyforiya yaradır. Maraqlıdır ki, Avropa Şurasının 2002-cı il ilə bağlı Azərbaycandakı seçkilər, ölkədəki durumla əlaqəli kəskin tənqidini oxuyarkən bütün ölkənin eyforiyada olduğu bir vaxtda mən demişdim ki, bu, yarımçıq yanaşmadır. Bununla problemi həll etmək olmaz. Heydər Əliyev hakimiyyətinin yalnız zor müstəvisində nəyisə dəyişə biləcəyini demişdim. Hazırda da həmin proses davam edir. Amma bu gün situasiyada dəyişən məqamlar var. Artıq Azərbaycandakı insan hüquq və azadlıqlarının durumu, hakimiyyətin yürütdüyü siyasət cəmiyyətimizlə birlikdə həm də beynəlxalq aləmin problemidir. Beynəlxalq aləm də artıq təngə gəlib. Beynəlxalq aləmin sərt bəyanatlarının arxasında konkret addımların dayanmaması onların diskomfortuna səbəb olur. Lukaşenko Ilham Əliyevlə müqayisədə daha demokratik şəxsdir. Belarusda vəziyyət Azərbaycandan qat-qat yaxşıdır. Ən azı bu ölkədə korrupsiya yoxdur, işsizlik aşağı səviyyədədir. Bu ölkədə yeganə problem siyasi hüquqların məhdudlaşdırılması ilə bağlıdır. Azərbaycanda isə məhdudlaşdırılmayan hüquq yoxdur. Hətta ən ilahi hüquq olan yaşam və mülkiyyət hüququ vətəndaşa məxsus deyil. Vətəndaşı həm öldürə, ona qarşı repressiya, həm də aşağılayıcı kampaniya apara bilərlər. Belarusa qarşı sanksiya tətbiq olunub. Amma Azərbaycana qarşı belə bir addım atılmayıb. Ona görə də Azərbaycana qarşı oxşar münasibət sərgilənməyincə beynəlxalq reaksiyanı qətiyyən adekvat saymaq olmaz.
– Müxalifətin fəaliyyətini necə beynəlxalq reaksiyalara adekvat saymaq olarmı?
– Azərbaycan müxalifətinin uzun illər ərzində qazandığı ən böyük uğuru müxalifətin diferensasiyasına nail olmaqdır. Təxminən beş-altı ildir ki, Azərbaycanda iki sual qoyulurdu: müxalifət kimdir və müxalifət niyə birləşmir? Artıq il yarımdır ki, bu sualı heç kim bizə vermir. Azərbaycanda müxalifətin kim olduğu tam açıqlığı ilə ortadadır. Azərbaycanda kimin müxalifətdən uzaqlaşdığını da bilməmiş adam yoxdur. O mənada geniş götürəndə Azərbaycan müxalifəti Milli Şura ətrafında təmərküzləşib. Əgər müxalifət kimi Milli Şuranı qəbul ediriksə, aparılan mübarizəni adekvat hesab etmək olar.
Hakimiyyətin ikrah doğuran siyasəti
– Milli Şura növbəti aksiyalara hazırlaşır. Bu aksiyaların cəmiyyəti aktivləşdirməyə kömək edəcəyi düşünülür…
– Biz bütün aksiyaların təyin olunmasında aşağıların mövqeyini əsas götürürük. Çünki prinsip etibarı ilə aksiyaların əsas təşkilatçıları rayon təşkilatlarıdır. Şəxsən mənim fəallarla görüşdən çıxan nəticə ondan ibarətdir ki, həm AXCP-də, həm də cəmiyyətdə aksiyalara olan maraq kifayət qədər artıb. Bunu sosial şəbəkələrdəki müzakirələr də sübut edir. Ona görə indiki məqamda növbəti aksiyanın təyin olunması düzgündür. Bunu bizdən xalq da tələb edir. Ona görə mən əminəm ki, həm partiya mənsubiyyəti olan insanların, həm də bitərəflərin aksiyada iştirakı baxımından önəmli artım olmalıdır.
– “Yeni Azərbaycan” qəzeti azadlığa çıxmış NIDA-çıların hakim partiyaya üzv olmasını böyük sevinclə dərc edib. Amma elə bir müddət əvvəl eyni mətbu orqanları həmin gəncləri terrorçuluqda ittiham edirdilər…
– Ən dəhşətlisi odur ki, hakimiyyət dünən şərləyib narkotiklə tutdurduğu adamları bu gün YAP-a təntənəli şəkildə qəbul etdirir. Əgər belə davam etsə, YAP-ın əksəriyyəti narkomanlardan ibarət olacaq. Bu günləri hakimiyyət günahsız insanları həbs etdirməklə özlərinə qarşı cəmiyyətin qəhrəmanlarını yetişdirirlər. Məsələn, onlarla misal çəkmək olar ki, heç kimin tanımadığı müstəqil fikrini yazan insanları həbs etməklə hakimiyyət qısa müddətdə mücahidlərə çevirir. Bu, hakimiyyətin apardığı siyasətin qüsurudur.
Xəyal