Avropa Birliyi Sergey Şoyqunu «arzuolunmaz şəxs» elan edir
Rusiyanın UEFA və FIFA-dan çıxarılması təklif edilir
Ukraynada baş verənlərə görə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar iqtisadiyyatla yanaşı, idman sahəsinə də təsir edə bilər. Avropa Birliyinin bəzi ölkələri Rusiyanın Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FIFA) və Avropa Futbol Federasiyaları Assosiasiyasından (UEFA) çıxarılmasını təklif edir. Belə olan halda Rusiya klubları UEFA-nın təşkil etdiyi yarışlarda, o cümlədən Çempionlar Liqasında iştirak edə bilməz.
Qeyd edək ki, Rusiya Futbol Ittifaqı Krım komandalarını daxili çempionata qatdığına görə UEFA və FIFA-nın qaydalarını pozub. FIFA sanksiyalarla bağlı məsuliyyəti UEFA-ın üzərinə qoyub. UEFA hələlik Krım klublarının Rusiya çempionatında iştirakını tanımamaqla bağlı bəyanatla kifayətlənib.
“Reuters” məlumat yayıb ki, Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları hökumətdə təmsil olunan konkret şəxslərə də tətbiq oluna bilər. Söhbət konkret olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqudan gedir. Məlumata görə, sanksiyalar çərçivəsində Şoyqunun Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyulması məsələsinə baxılır.
Yeni sanksiyalar siyahısının bu gün hazır olacağı, cümə günü isə Avropa Birliyi ölkələri hökumətlərinin Rusiyanın Ukraynaya qarşı aqressiyasına cavab tədbirləri planını təsdiqləyəcəyi bildirilir.
Rusiyadan absurd qadağa
Bu arada, Rusiyanın Vladivostok beynəlxalq aeroportunda bəzi Qərb liderləri, o cümlədən ABŞ prezidenti və Ukrayna rəsmilərinin “Duty Free” dükanlarında bazarlıq eləməsinə qadağa qoyulub.
Mixael Idov adlı “Instagram” istifadəçisi bu barədə öz hesabında yazıb və qadağanın əks olunduğu fotonu paylaşıb. “Qara siyahı”da ABŞ prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Kanadanın baş naziri Stefan Harper, Avstraliyanın hökumət başçısı Toni Abbott, Yaponiyanın baş naziri Şinzo Abe, Ukraynanın prezidenti Pyotr Poroşenko, Ukrayna siyasətçiləri – baş nazir Arseniy Yatsenyuk, Vitali Kliçko, Yuliya Timoşenko və daha iki nəfərin adı var.
“Duty Free shop” Adminstrasiyası qərar verib ki, adı çəkilən şəxslər aeroport üçün arzuolanmaz adamlardır və bu mağazalarda alış-veriş edə bilməzlər.
Qeyd edək ki, “Duty Free” dünyanın beynəlxalq aeroportlarında, dəmiryol stansiyalarında gömrük rüsumu ödəmədən fəaliyyət göstərən mağazalardır.
Avstriya hökuməti isə Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarovun bank hesablarını dondurub. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.ÿMəlumatda bildirilir ki, Aleksey Azarov və iş adamı Sergey Kurçenkoya məxsus “LPG Trading GmbH” şirkətinin hesabları dondurulub.
Bundan əvvəl Avstriya məhkəməsi Ukraynanın keçmiş hökumət başçısının oğlunun 5 milyon avro dəyərində daşınmaz əmlakı üzərinə həbs qoymuşdu.
Putin demək istəyib ki…
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov prezident Putinin “iki həftəyə Kiyevi alaram” fikrilə bağlı açıqlama verib. Uşakov Italiya mətbuatına müsahibəsində deyib ki, Putinin bu haqda dedikləri başqa məna kəsb edib.
Uşakov deyib ki, Avropa Komissiyasının prezidentinin telefon danışıqlarının detallarının yayılması nəzakətsizlikdir və diplomatiyadan kənara çıxmaqdır.
“Bu sözlər deyilib və ya yox, mənim fikrimcə, bu sitat kontekstdən çıxarılıb və tamamilə başqa mənaya malik olub”, – deyə Uşakov vurğulayıb.