Qarabağ əlilləri etiraz aksiyası keçirəcək
Məmurların Qarabağ savaşı əlillərinin güzəştlərini mənimsəməsi acı gerçəklikdir. Kimi onlara verilən evləri, torpağı, reabilitasiya vasitəsini mənimsəyir, kimi də konstitusion hüququnu. Sonra da deyirlər ki, Qarabağ əlili niyə dönüklük edib intihar edir? Hətta əlillərin öz pulları ilə aldıqları əmlak da dələduzluq yolu ilə əllərindən alınır. Faktlara baş vuraq.
1-ci qrup Qarabağ əlili Imamverdi Həsənov və döyüş yoldaşları 2007-ci ildə Sabunçu rayonundakı “Albalı” massivindən 5 min dollara 6 sot bağ sahəsini Mahmudov Cavanşir Murtuz oğlundan alıb. Quru torpaqdan ibarət olan bu bağı 2012-ci ilin 7 iyulunda şəriki Xəlilov Allahverdi Umud oğlunun iştirakı ilə Qarabağ əlilinin səlahiyyətli nümayəndəsi Yusif Qurbanova Maştağadakı 17 saylı notariat kontorunda 30 illiyinə etibar edən satıcı C.Mahmudov cəmi 3 aydan sonra – 2012-ci ilin 16 oktyabrında alıcıdan xəbərsiz etibarnaməni ləğv etdirib. “Bağ”da əlavə 30-40 min manat xərc çəkib özünə ev tikən Qarabağ əlili onda ayılıb ki, Sabunçu Rayon Məhkəməsi (hakim Elşən Kazımov) etibarnamənin ləğv edilməsini əsas tutub(??) yenə də onlara bildirmədən, xaricdə müalicədə olduğu halda evin sökülməsi, bağın sənədinin satıcıya qaytarılması barədə qətnamə çıxarıb. Bu dələduzluqla bağlı hazırda hüquq mühafizə orqanları araşdırma aparır. Qarabağ əlillərinin etiraz aksiyası keçirməyini isə BŞIH məsləhət bilməyib. Ədliyyə Nazirliyinin notariat idarəsindən bildirilib ki, etibarnaməni verən şəxs onu ləğv etdirə bilər, amma bu barədə qarşı tərəf və şahidlər mütləq məlumatlandırılmalıdır.
Ötən ilin dekabrında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “avtoş” balalardan biri 10-CK-200 saylı X-Trail avtomobili ilə yiyəsi olmayan “əlil” avtomobilini yararsız hala salıb. Avtomobilin yanında olan Qarabağ əlillərindən (burada Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış binası tikilib) Xaliq Abbaszadə möcüzə nəticəsində sağ qalıb. Suraxanı Yol Polisi isə əlil avtomobilinin sözün hər anlamında yiyəsiz olduğunu görüb protokol tərtib edə bilməyib. Yiyəsiz avtomobilin yanında sürücülük vəsiqəsi olmadan durduğuna görə Qarabağ əlili məhkəmə qaydasında 400 manat cərimə olunub. Indiyədək nə məhkəmə (hakimlər Gülsarə Imanova və Vaqif Mursaqulov), nə də yol polisi (tərtib olunmayan) protokolu əlilə verməyib. Heç demə, əlilə olan bu “diqqət”in arxasında hələ sığorta “qayğısı” gizlənibmiş. 2 ay öncə əlil Sabunçu Rayon Məhkəməsindən (hakim Natəvan Tağıyeva) ona qarşı “Rəvansığorta”nın adından 9050 manatlıq subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia ərizəsini alıb. Maraqlıdır ki, ərizədə nə möhür var, nə nümayəndənin kimliyi bilinir. Yəni onun icraata götürülməsinin özü qanunsuzdur. Rüsum ödəməkdən azad olunan Qarabağ əlilinin öncədən borclu çıxarılaraq 30 manat dövlət rüsumunun ondan tələb edilməsi isə artıq presedentdir. Qarabağ əlili qarşılıqlı iddia versə də, işin məhkəməyə daxil olduğunu, amma hələ hakimə verilmədiyini bildiriblər. Qarabağ əlilləri dövlətin himayəsində olduqlarını, “Əlillərin sosial müdafiəsi haqqinda” qanunun 7-ci maddəsinə əsasən həyatlarının və bədbəxt hadisələrdən sığortalarının təşkilati hüquq formasından asılı olmayaraq təşkilatlar tərəfindən həyata keçirilməli olduğunu sığorta şirkət(lər)inə etiraz aksiyası ilə başa salmaq istəsələr də, BŞIH yenə də aksiyanı yox, məhkəməyə müraciət etməyi məsləhət bilib.
Məhkəmə iclası sentyabrın ilk gününə təyin olunub. Əlillər məhkəmə qarşısında etiraz aksiyasına kökləniblər.
M. Ağsu
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.