Laçın rayonundan köçkün düşmüş Qarabağ veteranı Nizami Cəfərov Ağcabədi rayon mərkəzi xəstəxanasında başına açılan oyunlardan şikayətçi olduğunu deyir.
Məndən pul da aldılar
Şikayətçi Nizami Cəfərovun dedikləri: “Avqustun 8-də şəxsi avtomobilimlə Ağcabədi rayonu ərazisində qəzaya düşmüşəm. Həmin vaxt çiyin və körpü sümüyüm sınmışdı. Qardaşım Xəlil Cəfərov məni Ağcabədi rayon mərkəzi xəstəxanasına apardı. Vəziyyətim olduqca ağır idi. Xəstəxanada travmataloq cərrah Çingiz Həsənov məni müayinə etdi və sınıqlarımı sarıdı. Məni ağır halda olmağıma baxmayaraq xəstəxanada cəmi 1 gün saxladılar və evə yola saldılar. Çingiz həkim dedi ki, 10 gündən sonra gələrsən, sarğını dəyişib yenidən müayinə edərəm. Çingiz həkim məndən 50 manat, yanındakı tibb bacısı 30 manat aldı, digər sarğı və dəva-dərmanları ilə birlikdə 150 AZN pulum çıxdı. Mən evə döndüm və vəziyyətim günü-gündən pisləşməyə başladı. Sınıqlarım bərk ağrımaqla yanaşı get-gedə şişirdi, həm də qızdırma içində qovrulurdum. Bu minvalla üstündən 5 gün keçdikdə daha dözə bilmədiyim üçün qardaşım məni Bakıya – Travmatologiya Institutuna apardı”.
Bunu hansı mal həkimi sarıyıb
Nizami Cəfərov: “Travmatologiya Institutunda həkim məni müayinə etdi və dəhşət içərisində qışqırdı və soruşdu: ”Bunu harada, hansı mal həkimi sarıyıb”. Həkim UZI-nin nəticəsi olan plyonkaları mənə göstərib izah etdi. Deməli, Çingiz həkim sümüklərimi birləşdirmək bir yana qalsın, heç bir sınıqçının buraxmadığı kobud səhvi buraxıb. Yəni elə boş yerə məni sarıyıb yola salıb. Həkim qeyd etdi ki, çiynində xeyli çirk əmələ gəlib, buna görə də mütləq əməliyyat olunmalıyam. Eyni zamanda həkim “bir neçə gün də gec gəlsəydin şikəst olacaqdın” dedi. Mən əməliyyat olundum bir neçə gün orada müalicə aldım və xeyli xərcim çıxdı. Indi mən məni nahaqdan xərcə salan Çingiz Həsənovdan və Ağcabədi xəstəxanasından şikayətçiyəm, tələb edirəm ki, həm Ağcabədi xəstəxanasında, həm də Bakıda çəkdiyim xərclər ödənsin. Mən prezidentə, baş prokurorluğa, korrupsiya idarəsinə müraciət edib xahiş edirəm ki, bu məsələni araşdırsınlar və Çingiz Həsənovu cəzalandırsınlar. Niyə belə “həkimlər” biz insanların taleyi ilə oynayır. Hər gün onlarla adam həkim səhlənkarlığının qurbanı olur, daha bəs deyilmi? Bu fakt yetmirmi ki, huquq mühafizə orqanları hərəkətə keçsin. Mən şikayətimdən geri çəkilən deyiləm.
Xəstəxanaya gəlişimizdən xəbər tutan həkim Çingiz Həsənov aradan çıxıb. Nə qədər çalışsaq da telefonu söndürüldüyü üçün onunla əlaqə saxlaya bilmədik. Beləliklə, biz xəstəxananın baş həkimi Novruz Abbasovla görüşdük.
“Milyonlar gözünüzə görünmür 50 manatdan yapışmısınız”
Baş həkim Novruz Abbasovun dedikləri: “Mən məzuniyyətdə olmuşam, bu məsələdən xəbərim yoxdur. Çingiz həkim 30 ilə yaxındır ki, burada işləyir. Indi səhv də ola bilər, nə olub, bu qədər şişirtməyə nə ehtiyac var idi. Hamı bilir ki, həkim həmişə eldən, camaatdan dolanıb. Yaxşı həkim bədbəxt oğlu 140-150 manat əmək haqqı alır, bu pulla necə dolansın? Siz gedin həkimi bu günə salan səlahiyyət sahiblərindən soruşun. Başa düşə bilmirəm, dövlətin milyonlarını çapıb talayan nazir, komitə rəhbərləri gözünüzə dəymir, ancaq həkimin aldığı 50 manatı o dəqiqə gözünüz görür. Xahiş edirəm obyektiv olun, həkimləri belə aşağılayıb ayaqlamayın. Allah xəstəyə kömək olsun, mütləq aydınlaşdırıb tədbir görəcəyik. Bir də xahiş edirəm, o dediyim sərt sözləri yazmayın.
Allahı başımızın üstündə görək
Cərrahiyə şöbəsinin müdiri, Vaqif Bağırovun dedikləri: “Elə bilin ki, bu işi mən etmişəm. Nə lazımdırsa, deyin kömək edim. Gəlin hər bir işdə Allahı başımızın üstündə tutub hərəkət edək. Düzdür, insan Allahın yanında ən qiymətli varlıqdı. Indi olub da, yola getmək lazımdır. Xəstədə ağırlaşma da ola bilir, olmaya da bilər, belə hal müşahidə olunsa, həkim dərhal deməlidir ki, bunu travmatologiya institutuna aparın. Mən xahiş edirəm, əlavə nə kömək lazımdırsa, iynə, dərman deyin edək. Mən sizə söz verirəm ki, bu məsələni mütləq araşdıracam və rəhbərliyə məruzə edəcəm.
Burda belə şeylər çox olur…
Biz xəstəxananı tərk edəndə nisbətən yaşlı bir tibb bacısı bizə yaxınlaşdı və adının çəkilməməsi şərti ilə bunları diqqətimizə çatdırdı. “Burada belə şeylər çox olur. Heç kimi də cəzalandırmırlar. Dəfələrlə burada həkim səhlənkarlığı ucbatından ölüm olub, hər dəfə də ört-basdır ediblər. Burada açıq bazardı. Baş həkim hər ay əmək haqqı alanda dərimizi boğazımızdan çıxarır. Istədiyi adamı işdən çıxardıb, istədiyini işə götürür. Dərmanlar hamısı aptekdə satılır. Ərzaq oğurlanıb bazara çıxarılır. Xahiş edirəm, müxbirlər tez-tez gəlin, bəlkə bir az özlərini yığışdırsınlar”.
Qeyd edim ki, mənimlə birlikdə Ağcabədi xəstəxanasına şikayətçi Nizami Cəfərovun qardaşları – Xəlil Cəfərov və Vasif Cəfərov da getmişdilər və baş verənlər onların gözləri önündə oldu.
P.S.Məqalədə adı hallanan həkimin də də mövqeyini dərc edə bilərik.