Qulu Məhərrəmli: “Fəxr edə bilərik ki, meydanda dana otaranlarla kartof satanlar at oynadır”
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
O, indiyə qədər bir çox klublarda top qovub. Həm də oyun üslübu bir-birindən kifayət qədər fərqli olan klublarda. Deyə bilərsiz ki, futbolçu üçün komandaların, məşqçilərin taktiki gedişinin heç bir anlamı yoxdur. Bəli, sizinlə razıyam, forma geyinən adam meydana çıxmalı, üzərinə düşən vəzifənin öhdəsindən mümkün qədər gəlməyə çalışmalıdı. Ancaq indiki dövrdə oyunçudan həm də mövqe tələb olunur. Belə bir vaxtda edilən ötürmələri sağ-sola vuran futbolçular azarkeşlərin basqısına tuş gəlir.
Bəs, Qulu Məhərrəmli necə? Stadiona toplaşanların nifrətini qazanıb, yoxsa sevgisini? Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AzTV, Xəzər üçün tər tökən, hazırda fərdi məşqlərlə gələcəyə nikbin baxmağa çalışan veteran futbolçu “FUTPOLitika”da topla oynadı. Onun oyun üslubunu buradan oxuyun…
– AzTV-nin diliylə desək, günü-gündən gözəlləşən Azərbaycan stadionlarında yıxılmaq, zədələnmək sizə də zövq verir?
– İnanmıram ki, normal insan zədələnməyinə sevinsin. Biz passiv tamaşaçı kimi genetik olaraq yalnız başqalarının yıxılmağından zövq almağa alışmışıq.
– AzTV, yoxsa Xəzər? Hansı komandada futbol oynamaq sizə rahatdı?
– İndi heç birində. Əvvəllər AzTV-də müəyyən qədər top qovmaq olurdu, ancaq Nizami Xudiyev gələndən sonra bunu çətinləşdirdi, Arif Alışanov isə mühiti kriminallaşdırdı. Təbii ki, Xəzərlə bu komanda arasında müəyyən fərqlər var: müasir futbol üçün AzTV-nin beli bükülüb, kapitanlarının da oyundan başı çıxmır. Xəzər isə gənc və çevikdir, ancaq onun da sürətini azaldıb ümumi üsluba alışdırıblar, həm də bütünlüklə bu komandaya indi hər an qırmızı vərəqə göstərə bilərlər, çünki meydançasına gözü düşənlərin sayı çoxalıb.
– Cahangir Məmmədliylə bir komandada oynamaq necə hissdi?
– Çox pis hissdi, heç bunu təsəvvür edə bilmirəm. Əminəm ki, o da eyni cür düşünür, çünki bizim baxışlarımız fərqlidir. Mən bütün ömrümü futbola həsr etmişəm, qapıda da durmuşam, müdafiədə və hücümda da oynamışam. Cahangir müəllim isə stadionda azarkeş olub, uşaq futbol məktəbində dərs desə də, heç vaxt ayağı topa dəyməyib. Yəni gerçək futboldan uzaqdı. Birdən-birə meydançaya çıxanda zərbəni hansı qapıya istiqamətləndirməyi bilməyib, o səbəbdən də gözü hakimlərin fitində qalıb ki, neynəmək lazım olduğunu onlar göstərsinlər. Bax buna görə də bir oyunçu kimi Cahangir Məmmədliyə güvənmək çətindir.
– Zeynal Məmmədli güvənli futbolçudur?
– Zeynal müəllim yaxşı futbol mütəxəssisidir. Vaxtilə AzTV-nin Xəbərlər komandasında bir oynamışıq, onunla oyunumuz əla alınır, bir-birimizi yaxşı anlayırıq, ötürmələrimiz də dəqiq olur. Sadəcə gərək nəzarət edəsən ki, top vurmaq üçün əlverişli şərait yarananda Zeynal müəllim çox eyforiyaya qapılmasın. Güvənmək baxımından mənim üçün superliqa çempionları olan Arif Əliyev və Elçin Şıxlı da əla oyunçulardır.
– Əflatun Amaşov gündə bir futbolçunu reket elan edərək meydandan uzaqlaşdırmağa çalışır. Rəhbərlik etdiyi adi bir QHT-nin özü-özünə verdiyi bu səlahiyyətlə razısız?
– İndi bizim futbolumuz mahiyyət etibarilə reket platformasına keçir. Gerçək futbol anlayışı və komandalar arasındakı sərhədlər itir, maddi maraqların həyata keçirilməsi uğrunda savaş gedir. Bəzi arxalı oyunçular əclaflığı aşkar, başqaları isə qorxa-qorxa edir. Bu məsələ artıq Amaşovluq deyil.
– 90 dəqiqənin neçə dəqiqəsini meydanda olursuz?
– 89 dəqiqəsini.
– Hakim komanda özünə güclü rəqib hesab etdiyi əksər oyunçuları narkotika, vergidən yayınma, casus və başqa adlarla damğalayıb həbs edir. Ancaq bütün bu işlərin qurama olduğu hər kəsə gün kimi aydındı. Sizcə, Allah da yerə futbolçu qismində zühur etsə, güclü olduğunu görüb onu da həbs edərlər?
– Təki o zühur etsin… Ancaq biləsiz ki, O hesab verməyə yox, haqq-hesab çəkməyə gələcəkdir…
– Ortada Messi nümunəsi var. İspaniya Vergilər Nazirliyi onun vergidən yayındığı iddiasında bulunur, ancaq həbs etmirlər. Deməli, futbolçuya oynamağa meydan verirlər…
– Hərənini bir işi var, futbolçununku da oynamaqdır, qapıya top vurmaqdır… Ola bilər ki, onun vurduğu zərbələr kiminsə xoşuna gəlmir, ancaq buna görə futbolçunu tutmaq olmaz, axı.
– Nurçular, yoxsa vəhhabilər? Sizcə hansı güclü komandadır?
– Siz nəzərdə tutduğunuz mənada bütün təriqət klubları, xüsusən radikalizmə meyllilər futbol mühitimizi korlayır. Belə komandaların olmamaları yaxşıdır. Bunlar bölücülükdən başqa heç nə gətirmir.
– Ancaq adınız nurçularla daha çox hallanır…
– Allah sənə kömək olsun, son 20 ildə mənim adım kimlərlə hallanmayıb ki? Bu gün Azərbaycanda istənilən tanınmış futbolçuya istənilən yarlığı yapışdırmaq mümkündür. Kimin nə dediyini bilmirəm, ancaq özüm əminəm ki, heç bir “çı, çu” kateqoriyasına aid deyiləm. Sadəcə, bütün təriqətlərdən yuxarıda dayanmağa məhkumam. Qınayan olmasa, deyərdim ki, bəlli futbolçu keyfiyyətlərimlə mən özüm ayrıca bir təriqətəm…
– Müsahibələrinizin birində Fətullah Gülənin güclü futbolçu olduğunu demisiz…
– Bəli, Fətullah Gülən çox güclü oyunçudu. Futbolçunun faydalılıq əmsalı vurduğu toplarla ölçülür. Dünyanın bir çox yerlərində onun qurduğu futbol məktəbləri fəaliyyət göstərir. Bu təhsil ocaqlarında keyfiyyətli tədris, gələcək futbolçuların kamilləşməsi üçün müasir təlim sistemi var. Ən başlıcası bu sistemin əxlaqa söykənməsidir. Təəssüf edirəm ki, artıq gözü ayağının altını görməyən Ərdoğanın hikkəsi ilə bu məktəblər Azərbaycanda bağlandı. Biz bunun altını çəkəcəyik…
– Rəqibləri hücum edəndə, qapılarına qol vuranda Fətullah Gülənin tez-tez göz yaşları axıtdığını görürük…
– Ağlamaq bütün futbolçulara, xüsusən məşqçilərə xas olan insani keyfiyyətdir. Ədalətsizliyi, əziyyətlə qurduğu binanın uçmasını görmək kimi məyus etməz ki?!
– Reportyorun da, futbolçunun da əsas silahı onun ayağıdı. Sizcə kimin ayağı daha güclü olmalıdı?
– Bizim situasiya göstərir ki, reportyorun ayağı daha möhkəm olmalıdır, başı onsuz da yaxşı işləyir…
– Sözlə, yoxsa topla oynamaq asandı?
– Hər ikisiylə oynamaq asan deyil. Ancaq sözlə daha çətindi.
– Onda belə çıxır ki, Mirşahin Messidən daha güclüdür?
– Müəyyən mənada bəli. Ancaq Mirşahinin Messidən fərqi odur ki, topu qapıya çox uzaqdan vurur, belədə nəticə yoxdur. Bu gün Mirşahinin də, Qulu Məhərrəmlinin də, Ramin Dekonun da vurduğu zərbələrin heç biri hədəfə çatmır, əvvəlki effekti vermir, çünki top gücdən düşüb. Biz azarkeşləri olmayan stadionda oynayırıq ki, o səbədən də enerjini boş yerə xərcləməklə məşğuluq.
– Bəlkə rəqibin qapıçısı güclüdür, müdafiəsi yaxşıdı?
– Yox, sadəcə hər şey imitasiyadır, bizə elə gəlir ki, futbol oynayırıq, qapıya zərbə endiririk. Rəqib də düşünür ki, zərbələrimizi dəf edir. Əslində hər tərəfdə imitasiya gedir. Meydanda zəif komandalardı və onlar nəticəsi əvvəlcədən danışılmış oyunun “ssenarisini” reallaşdırırlar.
– Yəni, futbolçular meydana çıxıb sadəcə 90 dəqiqənin bitməsini gözləyirlər?
– Tamamilə doğrudur, ancaq bu, təkcə bizim futbola aid deyil. İdmanın başqa sahələrində də vəziyyət belədir.
– Səbəbi nədir? Futbolun qaydaları sərtləşdirilib, yoxsa dəngələr dəyişib?
– Qaydalar sərtləşib və meydan da daralıb. Həm də biz cığal hakimlərin idarə etdiyi oyundayıq. Burada heç bir qayda yoxdur. Referi nəticəni əvvəlcədən müəyyənləşdirir.
– Oyun qaydaları sərtləşən yerdə yəqin ki, tez-tez qırmızı vərəqə alarsız…
– Belə şəraitdə istənilən futbolçunu qırmızı vərəqə ilə cəzalandırmaq mümkündür. Təbii ki, hərdən adama altdan-altdan vərəqə göstərirlər, ancaq məlum olur ki, sən heç bir qaydanı pozmamısan. Fəlakət ondadır ki, bizim bəzi hakimlərimiz əsl diktatordur və həm də futbol bilikləri çox kasaddır.
– Futbol karyeranızı bitirəndən sonra təqaüdə gedəcəksiz, yoxsa komandaların birində məşqçi kimi çalışmaq fikrindəsiz?
– Oynamaq imkanların məhdudlaşanda məcbursan ki, məşqçilik edəsən. Ancaq Foqts kimi yox, daha faydalı iş əmsalı ortaya qoymaq lazımdı.
– Demək istəyirsiz ki, bizim futbolçular yaxşıdı, sadəcə problem məşqçidədi…
– Yox, problem həm də futbolçulardadı. Məşqçiylə oyunçular tez dil tapıb uyğunlaşa bilirlər. Belədə pul görən kimi rəqib komandayla tez anlaşmaq olur. Bizdə məşqçi-futbolçu “dostluğunun” çox dərin bağları var. Çünki ortada pul olanda iş o qədər büllur və şəffaf görünür ki, oyunu kənardan izləyən sadə azarkeş də vəziyyəti asanca duyur.
– Niyə bunu qəbul etmirsiz? Dana otarandan jurnalist ola bilir, kartof satandan futbolçu yox?
– Dediklərinizin sayı hər yerdə çoxaldığına görə mən bu adamların ünvanına tənqidi fikir səsləndirməyə cürət etmirəm, çünki sağımız-solumuz bu adamlarla doludur. Bu adamlardan vəzifə sahibi, deputat və.s. düzəltdiyimiz kimi, düşünürəm ki, həm də yaxşı futbolçu hazırlaya bilərik, yəni, bizdə hər şey eləmək mümkündü.
– Belə olmasa axı oyun alqı-satqısı çətinləşər. Oyun qaydalarını bilən yaxşı və güclü futbolçuyla “iş qurmaq” asan məsələ deyil…
– Sizinlə razıyam, futbolda həm peşəkar, həm də ləyaqəti olanlar əl-ayağa dolaşanlardır. Onların bilikli və ləyaqətli olmaları daim vəziyyəti gərginləşdirir, alqı-satqıya mane olur. Tanışlıqla komandaya düşən, əfəl, başgirləyən və öz yeri üçün əsənlər daha rahat və idarə olunan futbolçulardır.
– Baxın stadiona, görün maşallah nə qədər dana otaran, kartof satan futbolçu bu gün komandaların aparıcı adamlarıdı…
– Niyə də olmasın? Biz fəxr edə bilərik ki, meydanda dana otaranlarla, kartof satanlar at oynadır. Gələcəkdə FİFA-nın bayrağı altında yarışlara qatılan ölkələr bizdən “analoqu olmayan” bu sistemi əxz edə bilərlər.
– Əgər lazım gələrsə biz Almaniyanı uda bilərik?
– Əlbəttə, ancaq bunun üçün əsas şərt Lazımın mütləq gəlməsidir. O zaman biz Almaniyanı məhv edərik. Siz fərsiz Braziliyaya baxmayın, bir komandada ki, həm dana otaran, həm də kartof satanlar var, onun qarşısında heç kim duruş gətirə bilməz.
– Deyirlər hər şey Allahın İŞİDi, İŞİD-də Amerikanın oyunudur, oyun da futboldu. Onda İŞİD sizcə futbol nümayiş etdirir?
– Mən sizə tam ciddi deyirəm ki, İŞİD-in bütün oyun üslubu futbol üzərində qurulub. Özü də ABŞ yox, Hollandiya futbolunun bir vaxtlar tətbiq etdiyi “total hücüm” taktikasından yararlanırlar. Yəni, bütün qoşun növləri eyni vaxtda hərəkət edərək rəqibin qapısı ağzında təhlükə yaradır və qələbəyə nail olur.
– Maradona “Tanrının əli”ni sizə hədiyyə etsə, onunla ilk olaraq kimə sillə vurarsız?
– Heç bilirsən nə qədər sillələnməli sifət var!?
– Oynamağa imkan verməyəndə, yəni hər şey qaydalar çərçivəsindən kənarda olanda əsəbləşib kimisə döymüsüz?
– Uşaq vaxtı belə şeylər tez-tez baş verirdi, güləşlə məşğul olmağım da görünür, belə axmaqlıqlara şərait yaradırdı. Tələbəlikdə də əldən “isti” idim, ancaq indi təbii ki, bütün bunlara görə adam özünü qınayır.
– Danışılmış oyunlarda iştirak edən çoxsaylı futbolçulara son sözünüz?
– Allah bazar versin, dünya beşgünlükdür, yaxşı yaşamaq lazımdır, pulsuz adamı qəbul etmirlər. Ləyaqət haqqında cəfəngiyyatlara inanmayın, işinizdə olun, ancaq lütfən danışılmış oyunlarda iştirak etməyən fərsiz binəvalara da pis baxmayın, axı hər halda onlar da futbolçulardır!
Ramin DEKO