Abxaziyanın Avrasiya İttifaqına daxili region üçün nə vəd edir?
Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi Avrasiya İqtisadi Birliyinə girmək niyyətindədir. Bu barədə qondarma qurumun istəyini separatçı rejimin “prezident” səlahiyyətlərini müvəqqəti icra edən Valeri Bqanba dilə gətirib. O, bunun üçün Avrasiya İttifaqında təmsil olunan Qazaxıstan və Belarusdan da separatçı rejimin “müstəqilliyini” tanımağı xahiş edib (modern.az).
Abxaziya separatçılarının müvəqqəti lideri bununla bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevə və Belarus dövlət başçısı Aleksandr Lukaşenkoya məktubla müraciət edib. Müraciətdə bildirilib ki, Abxaziya “respublikası” ilə Qazaxıstan və Belarus arasında əlaqələr genişlənməlidir və separatçı rejim bun fonda Rusiyanın yaratdığı Avrasiya İttifaqı ilə bağlı prosesləri müşahidə edir. Valeri Bqanba qeyd edib ki, Qazaxıstan və Belarus separatçı rejimin “müstəqilliyini” tanıyarsa, o zaman təmsil etdiyi “respublika” Avrasiya İttifaqına girə bilər.
Abxaziyanın Avrasiya İttifaqına daxil olmaqla bağlı müraciətinin arxasında Putinin dayandığı şübhə doğurmur. Amma Abxaziya məsələsinin gündəmə gəlməsi artıq Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaza sıçraması deməkdir.
Vəfa Quluzadə: «Avrasiya İttifaqına qoşulduqlarını bəyan edən ölkələrin heç bir Abxaziyanın müstəqilliyini tanımaq fikri yoxdur»
Politoloq Vəfa Quluzadənin fikrincə, Abxaziyanın Avrasiya İttifaqına müraciəti yalnız bir jestdir. Çünki Abxaziya Ermənistan kimi Avrasiya İttifaqına heç nə verə bilməz: «Avrasiya İttifaqının işlək quruma çevrilməsi üçün ora keçmiş sovet ölkələrini deyil, nüfuzlu regional ölkələri cəlb etmək lazımdır. Bu dövlətlər sırasında Türkiyə, Yunanıstan ola bilərdi. Yoxsa kiçik, nüfuzsuz sovet koloniyalarını güclə, mövcud olmayan ittifaqa üzv qəbul etmək heç bir nəticə verə bilməz. Avrasiya İttifaqına qoşulduqlarını bəyan edən ölkələrin heç bir Abxaziyanın müstəqilliyini tanımaq fikri yoxdur».
Putinin son təşəbbüsünün təsadüfi olmadığını düşünən V.Quluzadə bildirdi ki, Putin bununla göstərməyə çalışır ki, o niyyətlərini həyata keçirməkdə israrlıdır: «Rusiyanın əvvəlki layihələri kimi bu dəfəkilər də məhvə məhkumdur. SSRİ çökəndən sonra ümid var idi ki, MDB onun funksiyalarının bəzilərini yerinə yetirə biləcək. Amma bu baş vermədi. Keçmiş sovet dövlətləri Rusiyanın yenidən rəhbərliyini qəbul etmədilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi də işə yaramadı. Bu müqaviləyə daxil olan dövlətlərin heç biri Rusiyaya görə vuruşmağa hazır deyil».
Xəyal