Komitə sədrinin Rusiya canyananlığı
Vəfa Quluzadə: «Rusiyanın Azərbaycana vurduğu zərəri bazarda göy satandan tutmuş, yuxarıda oturan nazirə qədər hamı yaxşı bilir»
Azərbaycan hakimiyyətinin mənəvi və siyasi baxımdan Rusiya hakimiyyətinə yaxınlığı heç kimə sirr deyil. O da məlum bir həqiqətdir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması, Qarabağ münaqişəsinin həllini tapmaması və torpaqlarımızın işğalı birbaşa Rusiya amili ilə bağlıdır.
Ümumiyyətlə, bu ölkənin həqiqi müstəqilliyini istəyən, dövlətimizin inkişafında maraqlı olan hər bir vətəndaş anlayır ki, Rusiyaya sığınmaq heç bir perspektiv vəd etmir və Rusiyanın ssenarisində yer almaq uçuruma aparır. Əhalinin əksər hissəsi Azərbaycanın qərbə inteqrasiyasının tərəfdarıdır. Ancaq yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin mənən Rusiya ilə bağlılığı var və hər zaman daxildə Rusiya təbliğatı aparılır. Üstəlik Rusiyanı haqlı tənqid edənlərə qarşı da hücum təşkil edilir.
Bu günlərdə millət vəkili, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə “publika.az”-a açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan münasibətləri korlamaq heç zaman fayda verməyəcək: “Kimsə düşünməsin ki, Rusiya ilə münasibətlər pisləşsə, hər şey indikindən daha yaxşı olacaq. Rusiya ilə münasibətlərin pisləşməsini istəmək düşüncəsindən vaz keçmək lazımdır”.
A.Rəhimzadə avqustun 10-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticəsi barədə bir sıra şəxslərin Rusiya əleyhinə söylədiyi fikirlərdən də danışıb: “Rusiya nə etsə, ağızıgöyçək adamlar deyəcək ki, o pisdir. Bu cür adamlara mən nə deyim? Bu, onların vəzifəsidir, qazancıdır, düşüncəsidir. Onlar bu cür yolla insanların diqqətini cəlb etmək istəyir. Ancaq mən hesab edirəm ki, bütün bunlar boş şeylərdir. Onlar heç zaman öz istəklərinə nail ola bilməyəcək”.
Ukraynada baş verən son hadisələrə də toxunan A.Rəhimzadə deyib: “Ukraynada baş verən hadisələrlə bağlı danışmaq istəməzdim. Çünki bizim kifayət qədər öz problemlərimiz var. Indi də Ukrayna hadisələrini burada gündəmə gətirmək və mövqe sərgiləmək bizə fayda gətirən deyil. Biz ilk növbədə öz problemlərimizi həll etməliyik”.
Göründüyü kimi Arif Rəhimzadə Rusiyanı müdafiə etməyə girişdiyi halda, Ukrayna məsələsinə münasibət bildirməyi faydasız sayıb. Çünki, Ukrayna məsələsində xalqın azadlıq mübarizəsi, diktatorun məğlubiyyəti, Rusiyanın işğalçılıq faktı var.
Rusiyanı hər zaman tənqid edən Vəfa Quluzadə bildirdi ki, bu tipli fikirlər əhəmiyyətsizdir və belə fikirlərə münasibət bildirməyə ehtiyac yoxdur: “Mən belə boş-boş fikirlərə vaxt itirmək istəməzdim. Rusiyanın Azərbaycana nələri bəxş etdiyi, hansı zərbələri vurduğu göz qabağındadır. Bazarda göy satandan tumuş, yuxarıda oturan nazirə qədər hər kəs bilir ki, Rusiyanın məqsədi nədir. Rusiyanın tərifi ilə məşğul olan adamların səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur”.
Akif