Masallı ziyalıları Prezident Administrasiyasının rəsmisinə icra başçısından şikayətlənib
Rayon sakinləri seçicilərini saymadıqlarına görə deputatlar Elmira Axundova və Nəriman Əliyevi məhkəməyə verib
“Masallı Ziyalıları” Ictimai Birliyinin üzvləri dünən Prezident Administrasiyasına üz tutaraq, rayonun icra başçısı Rafil Hüseynovdan şikayətləniblər. Birliyinin sədri Məmmədağa Eynullayev “Azadlıq”a açıqlamasında bildirib ki, icra başçısı Rafil Hüseynov artıq Masallı sakinlərinin səbr kasasını daşırıb.
“Bu il martın 7-də Masallı rayon ziyalıları Prezident Administrasiyasında olduq. Cənub zonası üzrə kurator Vəfadar Bağırova icra başçısının əməlləri barədə geniş məlumat verdik. Biz iradlarımızı faktlarla dedik. Bundan başqa, martın 15-də yüzlərlə rayon sakininin imzasıyla, baş verən qanunsuzluqlar haqda ölkə başçısına, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanladıq. Indiyə qədər bizim müraciətə cavab verilməyib. Ona görə də yenidən Bakıya gəlməyə məcbur olduq”, – deyə Məmmədağa Eynullayev bildirib.
Onun sözlərinə görə, Prezident Administrasiyasında cənub zonası üzrə kurator Vəfadar Bağırov məzuniyyətdə olduğundan onlara Qabil adlı əməkdaş qəbul edib. Ona da öz şikayətlərini çatdırıblar: “Bildirdik ki, ötən şikayətimizdən sonra Rafil Hüseynovun biznes imperiyası daha da çiçəklənib. O, istədiyini eləyir. Bizi qəbul edən şəxsə onu da bildirdik ki, Azərbaycan Respublikasının qanunlarını pozursuz, şikayətçilərə hörmətsizlik edirsiz. Prezident vətəndaşlara çağırış etdi ki, bölgələrdəki neqativ halları ona çatdıraq. Çatdırırıq, bəs niyə tədbir görmürsüz? Prezidentin belə bir sərəncamı varmı ki, Masallının torpaqları Rafil Hüseynova ixtiyarına verilsin? Dedi ki, yox. Biz də onun diqqətinə çatdırdıq ki, Rafil Hüseynov həmin torpaqlarda istədiyini edir”.
Məmmədağa Eynullayevin sözlərinə görə, Musakiçə-Lürən yolunun asfaltlaşdırılması üçün prezident vəsait ayırmışdı. Lakin bu vəsaitə elə bir yol çəkilib ki, bir ay sonra çöküb: “Çoxsaylı müraciətlərimizdən sonra 1700 metr yolu tamamilə dağıtdılar, yenidən çəkirlər. Dövlətə niyə bu qədər ziyan vururlar? Rafil Hüseynov niyə cəzalandırılmır?”
Masallı Ziyalıları rayondan deputat seçilən Elmira Axundova və Nəriman Əliyevi də məhkəməyə verdiklərini qeyd ediblər: “Bizə olan təzyiqlərlə bağlı dəfələrlə bu deputatlara müraciət etmişik. Ancaq indiyə kimi onlardan rəsmi cavab almamışıq. Vəzifə borclarıdır ki, vətəndaşların şikayətlərini araşdırsınlar. Onlar isə əksinə, icra hakimiyyətinin mövqeyini müdafiə edirlər. Biz də məcbur olub hər iki deputatı məhkəməyə vermişik. Həm mənəvi təzminat – hərəsindən 10 min manat, həm də bundan sonrakı şikayətlərimizə vaxtlı-vaxtında cavab verilməsini istəyirik”.
Masallı sakinlərinin şikayətlərilə əlaqədar rayon icra hakimiyyətindən heç bir məsul şəxsin fikirlərini öyrənə bilmədik.
Ramin DEKO