Ərşad İbrahimli ilə bağlı məsələ barədə yeni məlumatlar
Jurnalist Ərşad Ibrahimlini həbs etdirən Kəlbəcərin təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov şahidlərə təzyiqlərini davam etdirir. Bu barədə “Azadlıq”a Ərşad Ibrahimlinin qardaşı Tariyev Ibrahimov məlumat verib.
Jurnalistin qardaşı bildirib ki, iyulun 24-də keçirilən məhkəmə prosesindən sonra Məhəmməd Bağırov şahid Jalə Mirzəyeva hücum çəkib: “Söydü, təhqir elədi, hədələdi. Dedi ki, niyə Ərşadın əleyhinə ifadə vermirsən? Məhəmməd Bağırov bundan əvvəl Jaləyə və anası Xalidə Abbasovaya təzyiq edib. Bu barədə Xalidə Abbasovanın videomüsahibəsi də yayılıb. Məhəmməd Bağırov iddia edirdi ki, Ərşad şahidlərə təzyiq edir. Elə buna görə də Ərşadın barəsində həbs-qətimkan tədbiri seçildi. Amma indi hər kəs görür ki, şahidlərə təzyiq edən Məhəmməd Bağırovun özüdür. Adam açıq-aşkar şahidləri ölümlə hədələyir. Iyulun 24-də Jalə Mirzəyevaya hücumdan sonra onun anası Xalidə Abbasova Daxili Işlər Nazirliyinin ”102″ xidmətinə müraciət edib. Hazırda bu iş polisdədir. Yeri gəlmişkən, Məhəmməd Bağırov Jaləyə təzyiq etmək üçün onun qardaşı bıçaqlatdırıb. Bu məsələdə Göygöl polisində araşdırılır”.
Tariyel Ibrahimov bildirib ki, Məhəmməd Bağırov indiyə qədər azadlıqda qalmasının səbəbi Kəlbəcərin prokuroru Ariz Əliyevin onu himayə etməsidir: “Məhz Ariz Əliyev ictimai təhlükə törədən bu şəxsin tutulmasına imkan vermir. Ona görə də mən baş prokuror Zakir Qaralova müraciət etmişəm. Növbəti dəfə də qəzetiniz vasitəsilə Zakir Qaralova üz tutaraq ondan xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Ayrıca geniş müraciət də ölkə başçısı Ilham Əliyevə edəcəm”.