Kamil Vəli Nərimanoğlu: «Müəllimin azadlığı təmin olunmalıdır, bu halda, Azərbaycana gəlmək mənim borcumdur»
Bugünlərdə Ilham Əliyevin sədrliyilə keçirilən müşavirədə təhsil naziri Mikayıl Cabbarov müəllimlərdən danışdı. Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyətin yarandığını etiraf eən nazir bildirdi ki, ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir. Bu, hələ ali təhsil müəssisələrinin yetirdiyi məzunlardır. Kolleclərin məzunlarını da bu sıraya əlavə etsək, nəhəng bir mənzərə alınar.
Müşavirədə diqqət çəkən bir məqam da xarici mütəxəssislərin, elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi məsələsi oldu. Xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacağı bildirildi. Qeyd olundu ki, xaricdə çalışan elmi-pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanıb.
Hazırda Türkiyədə çalışan professor Kamil Vəli Nərimanoğlu Azərbaycanda işləməyi “böyük şərəf işi” adlandıraraq, bunu özünün mənəvi borcu hesab edir: “Universitet və Vətən anlayışı böyük şərəfdir. Mən öz vətənimdə hər zaman işləməyə hazıram. Bunun üçün insani şərait olmalıdır. Mən Türkiyəni də vətənim hesab edirəm. Öz təsəvvürümdə Azərbaycanla Türkiyəni heç vaxt qarşı-qarşıya qoymamışam. Düşüncəmdə Şimali və Cənubi Azərbaycan, Türkiyə mənim üçün bir anlamdadır. Nəzərimdə müəllimlikdən böyük vəzifə yoxdur. Amma müəllimə qarşı basqı olmamalıdır”.
K.V.Nərimanoğlu 1993-cü ildəki hadisələri, hakimiyyət mənimsənildikdən sonra dəyişən vəziyyəti yada salır: “O zaman ideologiya tərsinə təqdim olundu. Heç bir kitabda bizim adımızı, yazılarımızı vermədilər. Sanki biz heç nə yazmamışıq. Halbuki, Türkiyənin ən ciddi nəşriyyatlarında mənim kitablarım çıxıb. Bu kiitablar Azərbaycan gəncliyinə vacib olan əsərlərdir. Biz Azad Mirzəcanzadə, Elçibəy düşüncəsindən keçmiş insanlarıq. Hazırkı gənclik də müstəqillik, elmi təcrübə və faktlara dərindən bələd olmalıdır. Bu mənada, müəllimin azadlığı olmalıdır və Azərbaycan müəlliminə, şəxsiyyətlərə baxış dəyişməlidir”.
K.V.Nərimanoğlu hazırda Azərbaycanda müəllimin müstəqil çalışması üçün lazımi şərait və şərtlərin olmadığını, bunun səbəbinin də ictimai və dövlət şərtlərindən irəli gəldiyini söyləyir: “Müəllimin maaşı 1000-2000 manata qədər olmalı, mənzil və müalicə şərtlərinə əməl olunmalıdır. Dünyada olan təcrübəni Azərbaycana gətirmək lazımdır. Ən başlıcası, müəllimin azadlığı təmin olunmalıdır. Ziyalı kimi, belə bir şəraitdə Azərbaycana gəlmək mənim borcumdur. Mən həyatım boyu müəllimlərimə borcluyam. Türkologiya, filologiya sahəsində dövlətin tabuları, düşmənçilik aradan qaldırılmalıdır. Bu mənada, həmin müşavirədə səslənən fikirlərin reallaşacağına inanmıram”.
Nigar